BolgeXeber.Com » Bölgə » Hacıqabulda hesabat iclası keçirilib-FOTO

Hacıqabulda hesabat iclası keçirilib-FOTO

20-10-2015, 17:43
Oxunub: 4 488 Hacıqabulda hesabat iclası keçirilib-FOTO9 ayın göstəriciləri ürəkaçandır

2015-ci ilin 9 ayının yekunları müzakirə olundu, görülən işlərdən danışıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Oktyabrın 20-də rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2015-ci ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirildi.Şura iclasında RİHB-nın şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ayrı-ayrı idarə, müəssisə, təşkilat rəhbərləri, bələdiyyə sədrləri, sahibkarlar iştirak edirdi. Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açaraq qeyd etdi ki, oktyabr ayının 12-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib.
Bu dövrdə iqtisadiyyatın 3,7 %, sənaye istehsalının 2,1, qeyri-neft sənayesinin 10 faizdən çox, kənd təsərrüfatı istehsalının 6,7 % artığı qeyd olunub. İlin 9 ayında inflyasiya 3,7 % təşkil edib, əhalinin pul gəlirləri 5,8 % artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən dövlət başçısı ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. 9 ayda ölkədə 87 min yeni iş yeri açılıb ki, bunun da 67 mini daimidir.
Bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyi, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığı bildirilib. “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görüldüyü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəmizi 40-cı yerdə qərarlaşdırıb. Bununla da Azərbaycan MDB-də birinci yerdədir.
Birinci Avropa oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.Ordu quruculuğu ilə bağlı mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını bildirən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.
RİH Başçısı 2015-ci ilin 9 ayında bütün sahələrdə əldə olunan nailiyyətlərin məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki respublikamız üçün uğurlu keçən cari ilin 9 ayı ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüş və tədbirlər həyata keçirilmişdir.
Sonra 2015-ci ilin 9 ayında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə RİHB-nın məruzəsi dinlənildi.
Məruzədə qeyd edildi ki, 2015-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 165,0 milyon manat olmuşdur. Bu ilin 9 ayında kənd təsərrüfatı məhsulu buraxılışı 93,3 milyon manat, sənayedə məhsul buraxılışı 3,0 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 19,6 milyon manat, ticarətdə məhsul buraxılışı 46,5 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində kənd təsərrüfatında 5,6 %, sənayedə 3,8 %, ticarətdə 9,9 % artım müşahidə edilmişdir. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 0,8% artaraq 65,2 %-ə çatmışdır.
2015-ci ilin 9 ayında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 20423,8 min manat təşkil etmişdir.
İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin Kənd təsərrüfatı ili elan olunması, mineral gübrələrə tətbiq olunan güzəştin 50 %-dən 70 %-ə qaldırılması, əkin sahələrinin hər hektarına verilən subsidiya məbləğinin 25 % artırılması və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatında canlanmaya və məhsul bolluğuna səbəb olmuşdur.
2015-ci ilin məhsulu üçün 12869 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 6475 hektarını buğda, 6394 hektarını isə arpa əkini təşkil edir. 12869 hektar taxıl sahəsindən 43981 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 6559 ton və ya 17,5 % çoxdur. İstehsal olunmuş taxılın 24735 tonunu buğda, 19246 tonunu arpa təşkil edir. Hər hektara düşən məhsuldarlıq 4,4 sentner artaraq 34,2 sentnerə çatmışdır.
2015-ci ildə 1572 hektar sahədə bostan, 774 hektar sahədə tərəvəz, 49 hektar sahədə günəbaxan, 50 hektar sahədə qarğıdalı, 39 hektar sahədə kartof əkini aparılmışdır.
2015-ci ilin 9 ayında 20084 ton tərəvəz, 23300 ton bostan, 428 ton kartof, 165 ton qarğıdalı, 67 ton günəbaxan, 8782 ton meyvə istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 266 ton, meyvə istehsalı 22 ton, kartof istehsalı isə 10 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin 9 ayında süd istehsalı 12370 ton, ət istehsalı 6490 ton, yun istehsalı 225 ton olmuşdur. Ötən ilin 9 ayı ilə müqayisədə süd istehsalında 40 ton və ya 0,3%, yun istehsalında 1 ton və ya 0,5% artım qeydə alınmışdır. Hesabat dövründə yumurta istehsalı 230 954 min ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 353 min ədəd çoxdur.

2015-ci ilin 9 ayında rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir, 10900 metr uzunluğunda kanalizasiya xətti təmizlənmiş, işlərin görülməsi zamanı kanalizasiya xəttindən çıxarılan 5308 kub metr tullantı şəhər ərazisindən kənara daşınmışdır.
Hesabat dövründə Qarasu- Abdulabad -Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə başlanılmışdır.Sahibkarlıqla məşğul olmaq üçün 19 nəfərə, fərdi yaşayış evi üçün 3 nəfərə tikinti işlərinin aparılmasına icazə verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin Hacıqabul rayon İdarəsinin İnzibati laboratoriya binasının, rayon Mühafizə bölməsi üçün yeni inzibati binanın tikintiləri başa çatmış, istismara qəbula hazırdır.Heydər Əliyev fondu hesabına tikilən 100 yerlik uşaq bağçasında tikinti quraşdırma işləri başa çatdırılmış, istismara qəbula hazırdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Hacıqabul rayon Elektrik şəbəkəsinin inzibati binasında tikinti işləri başa çatmaq üzrədir.
Hacıqabullular möhtərəm Prezidentimiz İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.
Məruzə ətrafında rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev, rayon Poçtamtının müdiri Ayət Nadirov, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh ələskərov, rayon Baytarlıq İdarəsinin rəisi Şahmurad Aslanov, Pirsaat İƏD üzrə nümayəndə Oqtay Salahlı, çıxış etdilər.
Hesabat yığıncağında məruzə və çıxışlar dinlənilərək RİH Başçısının 2015-ci ilin 9 ayında gördüyü işlər qənaətbəxş hesab olundu.Müvafiq qərar qəbul edildi.
Bolgexeber.com
Hacıqabulda hesabat iclası keçirilib-FOTO
Hacıqabulda hesabat iclası keçirilib-FOTO