BolgeXeber.Com » Bölgə » MASALLIDA “MƏTİN MMC” ŞİRKƏTİ QANUN TANIMIR

MASALLIDA “MƏTİN MMC” ŞİRKƏTİ QANUN TANIMIR

22-10-2015, 16:21
Oxunub: 5 243 MASALLIDA “MƏTİN MMC” ŞİRKƏTİ QANUN TANIMIR“Region-Xeber.info” xəbər verir ki, Masallıda “Mətin MMC” şirkəti Masallı şəhəri Yeni Dadva məhəllə sakinlərini qəzəbləndirib

“Region-Xeber.info” ya Masallı rayon sakin tərəfindən şikayət məktubu daxil olub həmin yazını olduğu kimi sizlərə təqdim edirik.

Azərbaycan Respublikasını Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Masallı şəhəri “Yeni Dadva” məhəlləsi sakinləri tərəfindən

M Ü R A C İ Ə T

Çox hörmətli, cənab Prezident !

Təxminən bir il əvvəl əslən Masallı rayonundan olan Əsgərov Mətin Mübariz oğlunun (atasının və əmilərinin Sumqayıt şəhərində məsul vəzifədə çalışmaları və orada bizneslə məşğul olmaları bildirilir) adına təsis edilmiş “Mətin MMC” tərəfindən qanunsuz olaraq bizim yaşadığımız Masallı şəhəri Yeni Dadva məhəlləsində yerləşən küçənin yolunun daş hasarla bağlanması barədə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova müraciət etmişdik. Həmin dövrdə R.Hüseynovun göstərişi əsasında tez bir zamanda bizim müraciətimizə cavab olaraq, rayonun müvafiq dövlət qurumlarından ibarət komissiya tərəfindən sözügedən əraziyə baxış keçirildikdən sonra bizim haqlı şikayətimiz tez bir zamanda həllini tapdı.

Amma bir müddət sonra nəyəsə görə biz sakinlər Masallı rayon prokurorluğuna çağrılaraq Mətin Əsgərovun əsassız şıkayəti ilə əlaqədar araşdırılan material üzrə izahat verdik, hansı ki, bizim iştirakımız olmadan da bu müraciətə hüquqi qiymət verilə bilərdi. Çünki biz şəxsi deyil sakinlərə, cəmiyyətə, Azərbaycan Xalqına qarşı qanunsuz əməl törədən şəxslə bağlı müraciət etmişdik, ələlxüsus da rayonun müvafiq dövlət qurumlarından ibarət komissiya bu barədə akt tərtib etmişdi. Həmin vaxt cənab Prezident, düşüncəmizdə Sizin həmişə çıxışlarınızın əsas tənqid hədəfi olan “havadar məmur” obrazı canlandı

Cənab Prezident, bəli biz yanılmamışdıq, belə ki, 11 sentyabr 2015-ci il tarixindən başlayaraq Mətin Əsgərov arxalandığı həmin havadar məmurun (hətta rayonun hüquq-mühafizə orqan rəhbərlərinin də həmin yüksək çinli məmurdan çəkindikləri bildirilir) dəstəyi ilə həm Azərbaycan Respublikasının həm də İslam dininin şəriət Qanunlarına böyük hörmətsizlik edərək küçənin girişini mişar daşları ilə yenidən hördürdü və iki ay əvvəl Dövlət proqramı əsasında küçəyə yeni çəkilmiş və su-kanalizasiya sistemindən sonra döşənmiş 80 metrədək olan dövlət hesabına çəkilmiş yolu buldozerlə dağıdaraq bizim rayona nəyinki avtomaşınla hətta piyada çıxışımızı da konkret olaraq məhdudlaşdırdı. Biz bu barədə dərhal rəsmi olaraq Masallı rayon İcra Hakimiyyətinə məlumat verdik, oradan bizə bildirdilər ki, bu məsələ ilə əlaqədar Şirvan İnzibati İqtisadi Məhkəməsində işə baxılır və məhkəmənin qəbul edəcəyi qətnaməyədək heç bir şəxs orada tikinti və söküntü işləri apara bilməz.

Cənab Prezident, əgər belədirsə bəs aidiyyəti qurumlar Əsgərov qardaşlarının orada apardığı intensiv tikinti işlərini görmürlər və yaxud görürlərsə kimdən qoxub, çəkinirlər? Hal-hazırda həmin vəziyyət davam edir və Əsgərov qardaşları Məhkəmənin təyin edəcəyi ekspertizanın həlledici rol oynadığını fikirləşərək yolun düz ortasında su çəni quraşdırdı və hazırda digər müxtəlif maskirovka işləri aparır ki, güya orada yol olmayıb, yaxşı ki, biz küçənin əvvəlki fotoşəkillərini çəkmişdik.

Cənab Prezident, Əsgərov qardaşları deyilənlərə görə gah müdafiə sənayesi üçün fabrik inşa etdiklərini, gah da Azərbaycan Respublikasının güc Nazirliklərindən birinin rəhbərinin adını tez-tez hallandıraraq güya həmin nazirin sifarişi ilə hansısa özəl obyekt tikdiklərini və hətta bu yaxınlarda bizim yaşadığımız küçədəki bütün evləri də onun əli ilə sökdürəcəkləri ilə hədələyir.

Biz sakinlər Əsgərov qardaşlarının bu hərəkətlərini inzibati qayda pozuntusu deyil cinayət hadisəsi kimi qiymətləndiririk. Çünki bu şəxs bizim küçəyə təcili tibbi yardım, yanğından mühafizə və digər operativ nəqliyyat vasitələinin daxil olmasını tam məhdudlaşdırmışdır. Hər hansı bədbəxt hadisə zamanı bu şəxsin törətdiyi qanunsuz əmələ görə insan həyatı üçün real təhlükə yaranacağı istisna edilmir. O cümlədən, bu yaxınlarda ürək tutmasından əziyyət çəkən həmin küçə sakini Tehran Salmanova biz sakinlər tərəfindən tibbi yardım edilməsəydi o, həyatını itirəcəkdi və bu barədə DİN-in “102” zəng mərkəzinə də məlumat verilmişdir.

Hörmətli cənab Prezident, Əsgərov qardaşları kimilərinin bu hərəkətləri ailədə vətənpərvərlik, erməni faşizminə qarşı isə nifrət hissi aşılamaqla böyütdüyümüz uşaqlarımızın tərbiyəsinə də mənfi təsir göstərərək onlarda gələcəyə qarşı ümidsizlik hisslərinin yaranmasına gətirib çıxarır.

Çox hörmətli cənab Prezident, son vaxtlar yağan aramsız yağışlar biz sakinləri dözülməz hala salıb, yer palçıq olduğundan qonşuların da həyətindən keçə bilmirik. Sizin sayənizdə dünya səviyyəsində qüdrətli dövlət kimi tanınan Müstəqil Azərbaycan Respublikasında çox əmin-amanlıqla yaşasaq da belə irticaçı qüvvələrin təzyiqlərinə məruz qalmağımız dözülməz haldır.

Cənab Prezident, Əsgərovların bu özbaşnalıqlarının qarşısını alınması və onların barəsində müvafiq tədbirlər görülərək banisi Milli Lider Heydər Əliyev olan Azad Azərbaycan cəmiyyətinə qarşı hörmətsizlik kimi qiymətləndirilən bu əməllərinin cəzasını çəkmələrindən ötrü aidiyyəti hüquq-mühafizə orqanlarında obyektiv araşdırma aparılması üçün tapşırıq verməyinizi xahiş edirik.

Cənab Prezident, kütləvi informasiya vasitələrinə göstərdiyiniz böyük qayğını və etimadı dəyərləndirdiyinizə görə ilk olaraq buradan Sizə müraciət edirik.

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

Allah Sizə kömək olsun !
Bolgexeber.com