BolgeXeber.Com » Bölgə » Şamaxıdan narazılıq dolu məktub

Şamaxıdan narazılıq dolu məktub

24-03-2012, 11:35
Oxunub: 4 416 Rayon ərazisi hansı məmurlar arasında bölüşdürülüb?

Şamaxı şəhərinin 37 nəfər sakini redaksiyamıza məktub yazaraq şəhərdəki rüşvətxorluqdan, məmur süründürməçiliyindən şikayətlənib. Onlar məmurların əkin sahələrini, meşələri zəbt etdiklərini yazırlar. Məktubda deyilir: “Murtuz Ələsgərov, Allahşükür Paşazadə, Cəlal Əliyev, Zakir Qaralov, Ramil Usubov, Bəylər Əyyubov, Samir Şərifov, Mirəli Şıxəliyev, Şahlar Paşayev, Allahverdi Həsənov, icra başçıları Natiq Məmmədov, Nazim İsmayılov, Asif Məmmədov, habelə bələdiyyə sədrləri, yaxın rayonların polis rəisləri, məhkəmə sədrləri və prokurorları 1000 hektarlarla əkin sahələrini, meşələri, həyətyanı sahələri zəbt etdilər. Ailələrinin, qohumlarının adına milyon manatla layihə dəyəri olan villalar tikdirdilər. Şamaxı tayfabazlar tərəfindən istila olundu”.

Sakinlər Şamaxının abadlaşdırılması üçün ayrılan milyonlarla vəsaitin 70-80 faizinin mənimsənildiyini yazırlar: “Şamaxıda kanalizasiya xətləri, şəhərə su çəkilməsi, yolların əsaslı təmir olunması tamamilə yaddaşlardan silindi. Şamaxıda insanlara dünyanın heç bir yerində istifadə olunmayan, içilməyən, xəstəlik yayan, antisanitariya vəziyyətində olan suyu içirdirlər. Şəhərin küçələri eybəcər vəziyyətə düşüb, xarabazara bənzəyir”.

Şikayətçilər rayonun icra başçısı Asif Məmmədovun Lerik və Balakən rayonlarından cangüdənlər gətirdiyini yazırlar: “Cangüdənlər Şamaxının “Cuhudlar” məhəlləsində “priton” açıblar. Onlara 1000 manat maaş verilir. Bu pul idarə müdirlərinin, bələdiyyə sədrlərinin, icra nümayəndəliklərinin hesabına ödənilir”.

Xatırladaq ki, bu mart ayı ərzində icra hakiminin cangüdənləri haqqında redaksiyamıza göndərilən ikinci şikayət məktubudur.


Sakinlər ixtisasca mexanik olan icra başçısının rayonu idarə edə bilmədiyini vurğulayırlar: “Asif Məmmədov qatı rüşvətxor, yalançı, əsəbi bir məxluqdur. Gələn gündən şikayətçi olan adamları axıra kimi dinləyə bilmir, baş gicəllənməsi tutur və suallara cavab vermək üçün müavinlərinə tapşırır, özü aradan çıxır. Həftələrlə işə gəlmir. Asif Məmmədov İcra Hakimiyyətinin birinci mərtəbəsində “gestapo” yaradıb. Son 18 ildə rayon əhalisi aclıq-səfalət içində yaşayır, daima məmurların təzyiqlərinə, özbaşınalıqlarına məruz qalırlar”.

Sakinlər bildirirlər ki, rayonun durumu Qubadan betərdir: “Burada vəziyyət o yerə çatıb ki, işıq, qaz idarələrinin rəhbərləri istədikləri qədər hər ay ərzində vətəndaşların adına külli miqdarda saxta debitor pulu yazırlar. Heç bir sayğac göstəricisinə əməl olunmur. Rayonda büdcə, işıq, qaz, su, məişət tullantıları üçün yığılan pulların 65-70 faizi mənimsənilir. Rayonda insan hüquqları yox dərəcəsindədir. İşsizlik sağalmaz bəlaya çevrilib, əmək haqları , pensiyalar aylıq yavan çörək puluna çatmır. Rayonun əksər idarələrinin rəhbərləri ya naxçıvanlıdır, ya ermənistanlıdır, ya da kürdlərdir... Guya, Şamaxıda kadr yoxdur. Rayonda elə bir idarə və müəssisəsi yoxdur ki, orada rüşvətxorluq, korrupsiya olmasın. Rüşvətxorluq rayonda bir nömrəli göstəricidir. Şəhərin küçələri, kənd yolları elə bil Böyük Vətən müharibəsindən yadigar qalıb”.

Qeyd edək ki, eyni mətnli məktub prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova da göndərilib