BolgeXeber.Com » Bölgə » Ağsuda şəhdiə beləmi hörmət qoyurlar - FOTOLAR

Ağsuda şəhdiə beləmi hörmət qoyurlar - FOTOLAR

4-11-2015, 11:43
Oxunub: 2 666 Ağsuda şəhdiə beləmi hörmət qoyurlar - FOTOLAR“Dərsliklər çatışmır”

Son illər Azərbaycanda təhsilin inkişafına Dövlət Büdcəsindən yüzmilyonlarla manat vəsait ayrılır. Bu vəsait hesabına hər il bölgələrdə, hətta ən ucqar kəndlərdə belə, yeni, müasir standartlara cavab verən orta məktəb binaları tikilərək istifadəyə verilir.
Bu işdə Heydər Əliyev Fondunun xüsusi xidmətləri var.
Lakin qeyd olunan problem hələ də tam şəkildə həllini tapmayıb. Bu dəfə haqqında danışacağımız məktəb özünün ən ağır vaxtlarını yaşayır. Söhbət Ağsu rayonu Qiyaslı kənd doqquzillik natamam orta məktəbindən gedir.
Qiyaslı kənd sakini Vəliməmməd Musa oğlu Mehralıyev əməkdaşımızla söhbətində bildirib ki, şəhid Mahir Abdullayevin adını daşıyan məktəbin durumu çox acınacaqlıdır. Onun sözlərinə görə, Ağsu-İsmayıllı 87 saylı seçki dairəsinin 12 saylı seçki məntəqəsi də həmin bu uçuq-sökük təhsil ocağında fəaliyyət göstərir, özü də həmin məntəqənin sədridir: “Məktəbdə təhsilin səviyyəsi çox aşağıdır. Demək olar ki, dərslər tələblərə uyğun səviyyədə keçirilmədiyindən, oğlan uşaqlarının qiyməti sıfıra bərabərdir, hətta heç adlarını belə yaza bilmirlər. Uşaqlar uçuq və yararsız otaqlarda dərs keçirlər. Sinif otaqlarının qapı və pəncərələri sınıq-salxaqdır. Məktəb təmir edilmədiyindən, yağan yağış dam örtüyündən sinif otaqlarına axır. Məntəqənin yerləşdiyi otağı təzə təmir etmişik. Lakin yağışlı günlərdə bu otağa su dolur». Kənd sakini məktəbin direktorunu da ittihamladı. Bildirdi ki, Mükafat İsayev 6 ildir adıçəkilən məktəbin direktorudur. Lakin vəzifəsini icra edə bilmir. Texniki işçilər 10 gündən bir məktəbə gəlirlər.
Vəliməmməd Mehralıyev 6 qızı və 2 oğlu olduğunu dedi: “Qızlarım şəhadətnamə ala bilməyiblər. Eləcə də oğlanlarım bu məktəbi bitiriblər, amma adlarını yaza bilmirlər. Onu da qeyd edim ki, Qiyaslı kənd doqquzillik məktəbin şagirdləri 6 ildir rayon məktəbləri arasında keçirilən sınaq imtahanlarında yüksək bal toplaya bilmirlər. Çünki müəllimlər dərs keçmək əvəzinə, soyuq aylarda məktəbin damından göyərçin tutmaqla məşğul olurlar. Bu məsələnin həll edilməsi üçün 3 dəfə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qəbulunda olmuşam. Eləcə də kənd camaatı dəfələrlə məktəbin mövcud vəziyyəti ilə bağlı RİH-ə şikayət edib. Amma nəticə yoxdur”.
Vəziyyətlə yerində tanış olmaq üçün yolumuzu həmin ünvandan saldıq. Rastlaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Bina sanki məktəb yox, tövlə idi. Məktəbin həyətində natəmizlik hökm sürürdü. Binada sinif otaqları bərbad, yararsız haldadır, şagirdlərin dərs keçmələri üçün heç bir şərait yoxdur. Ayrıca ixtisaslaşmış fənn kabinetləri, eləcə də idman zalına rast gəlmədik. Şagirdlər palçıqlı həyətdə futbol oynayırdılar.

“Dərsliklər çatışmır”

Sakinlər dedilər ki, yağışlı günlərdə uşaqları məktəbə gəlib-getməkdə çətinlik çəkirlər, ibtidai siniflərdə dərsliklər çatışmır. Ağasən Hüseynov və eləcə də bizimlə görüşən digər sakinlər onu da dedilər ki, Təhsil naziri Mikayıl Cabbarov 3 ay bundan öncə Ağsu rayonuna gələrək, sakinlərlə görüş keçirib: “Görüşdə bildirdik ki, məktəblərdə dərslər yüksək səviyyədə keçirilmir, nizam-intizam isə aşağı səviyyədədir. Əksər kənd məktəbləri yararsız haldadır, yəni uçmaq təhlükəsindədir”.
Qiyaslı natamam kənd orta məktəbinin direktoru Mükafat İsayevin də rəyini aldıq. Dedi ki, adıçəkilən təhsil müəssisəsinin binası 1990-cı ildə tikilib. Əvvəllər ibtidai məktəb kimi fəaliyyət göstərib: “Sonradan doqquzillik olub, hazırda 7 sinif otağı fəaliyyət göstərsə də, otaq çatışmır. Bu səbəbdən, məktəbin ayrı-ayrı dərsliklər üzrə fənn kabinetləri və laboratoriya otaqları yoxdur. Əsas məsələ valideyn-müəllim və şagird üçbucağı yaradılmasıdır. Bir sözlə, məktəblə-valideyn arasında sıx əlaqə olmalıdır. Əlaqələr qurulub, vəziyyət o qədər də pis deyil”.
Mükafat İsayev şikayətin əsassız olduğunu söylədi. Onun sözlərinə görə, Qiyaslı kənd orta məktəbi tam orta təhsil vermir. Buranı bitirən şagirdlər orta təhsillərini Çaparlı kənd orta məktəbində davam etdirirlər: «Orada onlar necə təhsil alır və necə oxuyurlar, öz işləridir. Amma yeri gəlmişkən qeyd edim ki, məktəb təkcə təhsil verməklə məşğul olmur, məktəb həm də cəmiyyət üçün yararlı vətəndaş hazırlamalı, şagirdlər vətənpərvər olmalıdır. Bizdə davamiyyət normaldır, dərsdənqalma və gecikmə hallarına yol verilmir”.


“Təhsilin keyfiyyəti müzakirə olunacaq”

Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasıyevlə də əlaqə saxladıq. Rayon Təhsil Şöbəsinin müdiri söylənilənlərə münasibət bildirərək dedi ki, Qiyaslı kənd doqquzillik orta məktəbin binası plana salınıb. Yəni 2016-cı ildə əsaslı təmir ediləcək, əlavə sinif otaqları tikiləcək, şagirdlərin təhsil almaları üçün hər cür şərait yardılacaq. Təhsilin keyfiyyəti də müzakirə olunacaq. Açıq dərslər keçiriləcək, ortalığa çıxan neqativ hallar, eləcə də bir sıra məsələlər müzakirəyə qoyulacaq və lazımi ölçü götürüləcək. Həmçinin Çaparlı və digər kənd məktəblərinin də mövcud vəziyyəti araşdırılacaq”.
Ağsuda şəhdiə beləmi hörmət qoyurlar - FOTOLAR
Ağsuda şəhdiə beləmi hörmət qoyurlar - FOTOLAR
Ağsuda şəhdiə beləmi hörmət qoyurlar - FOTOLAR