BolgeXeber.Com » Bölgə » Balakəndə suvarma sistemi iflic olub - ŞİKAYƏT VAR

Balakəndə suvarma sistemi iflic olub - ŞİKAYƏT VAR

16-11-2015, 13:05
Oxunub: 3 129 Balakəndə suvarma sistemi iflic olub - ŞİKAYƏT VARSuvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur

Bir neçə gün bundan əvvəl redaksiyamıza Balakən Suvarma Sistemləri İdarəsinin fəaliyyətində müşahidə olunan neqativ hallara dair məlumatlar daxil olmuşdu

Xatırladaq ki, bu gün idarənin balansında olan 6823 hektar suvarma sahəsinin 2830 hektarı əkin, 2201 hektarı həyətyanı, 1792 hektarı isə çoxilliklər təşkil edir və qurum məhz bu ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Qeyd etməliyik ki, əldə etdiyimiz məlumatlarda Balakən Suvarma Sistemləri İdarəsinin qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı bildirilir.Lakin mətləbə keçməzdən öncə, aldığımız açıqlamalar əsasında ötən saylarımızdan birində dərc etdiyimiz məqalədə yer almış bir yanlışlığa aydınlıq gətirmək istərdik. Məsələ bundadır ki, bundan öncə aldığımız məlumatda mənbə Balakən Suvarma Sistemləri İdarəsinin yeni təyin olunmuş rəisi Ruslan müəllimin adını qeyd etməmişdi. Dəqiqləşdirmə üçün müraciət etdiyimiz digər bir mənbə isə, bizə səhvən idarənin keçmiş rəisinin adını vermişdi. Bu səbəbdən də, ötən materialda məhz sabiq rəisin adı keçmişdi. Təbii ki, bu baş vermiş anlaşılmazlıqda əməkdaşlarımızın səhvini danmaq kimi niyyətimiz yoxdur. Digər tərəfdən isə, məlumatı təqdim edən mənbə də bu xüsusda olduqca maraqlı açıqlama verib. Belə ki, mənbənin sözlərinə görə, Ruslan müəllim yol verdiyi müxtəlif maxinasiyalardan dolayı rəhbərlik etdiyi idarədə elə bir “konsperativ” şərait yaratmışdır ki, bu gün onun adını hətta suvarma idarəsinin xidmətlərindən istifadə edən bir çox fermerlər və təsərrüfat sahibləri belə bilmirlər. Əlbəttə, əgər məlumatlarda vurğulanırsa ki, Ruslan müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından, idarənin resurslarından şəxsi məqsədlərlə istifadə edir və külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır, bu zaman onun öz adının bütün bu işlərdə mümkün qədər az hallanmasına çalışmağının səbəbini anlamaq çətin olmaz. Bu xüsusda verilən açıqlamalarda irəli sürülən ittihamlar isə, kifayət qədər ciddiliyi ilə diqqəti cəlb edir. Qeyd olunur ki, Suvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür. Digər tərəfdən isə idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da eyni üsulla nağdlaşdırılaraq mənimsənilir. Bundan başqa daxil olan məlumatda bildirilir ki, Balakən Suvarma Sistemləri İdarəsinin balansında olan texnikalar, traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarında istismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, Ruslan müəllim həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya görə gündə 100-150 manat icarə haqqı alır. Artıq qeyd olunduğu kimi, Balakən rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən rayon iqtisadiyyatının inkişafı üçün Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan şikayətlənirlər. Belə ki, açıqlamalara görə, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.