BolgeXeber.Com » Bölgə » İdarə onun ödənişini kəsdi, məhkəmələr də üz döndərdi - Gədəbəy sakininə qarşı haqsızlıq

İdarə onun ödənişini kəsdi, məhkəmələr də üz döndərdi - Gədəbəy sakininə qarşı haqsızlıq

16-11-2015, 13:06
Oxunub: 3 728 İdarə onun ödənişini kəsdi, məhkəmələr də üz döndərdi - Gədəbəy sakininə qarşı haqsızlıqGədəbəy rayon Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu redaksiyamıza müraciət edərək ona qarşı haqsızlıq olduğunu bildirib

Avropa.info xəbər verir ki, şikayətçi M. Məmmədov Gəncə şəhər 2 nömrəli Körpü Tikinti Sahəsinin onun üçün ayrılmış müavinəti ödəməkdən imtina etdiyini bildirib.

Şikayətçinin məktubunu olduğu kimi sizə təqdim edirik: “Mən Gədəbəy rayon Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu 1990-cı ildə “Azəravtoyol” İstehsalat Birliyinin nəzdində olan Gədəbəy rayon 5 nömrəli Körpü Tikinti Sahəsində “Kamaz” 55111 markalı maşına sürücü kimi işə götürülmüşəm. 12.08.1992-ci ildə 085296 nömrəli yol vərəqəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy bölgəsinə və Gədəbəy rayon icra hakimiyyətinin sərəncamı ilə Ağdam şəhərindən xüsusi yük gətirməyə göndərilmişəm. Geri qayıdarkən idarə etdiyim “Kamaz” markalı maşınla Gədəbəy rayonu ərazisində qəzaya uğramışam. Qəza nəticəsində sol bud sümüyünün aşağı ətrafının 1/3-nin qapalı sınığı, hər iki diz qapağının qapalı yerini dəyişmiş sınığı ilə Şəmkir rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə göndərilmişəm. Dörd ay Şəmkir rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsində müalicə olunmuşam. Vəziyyətim ağır olduğundan Şəmkir rayon Kür qəsəbə xəstəxanasının travmatologiya şöbəsinə göndərilmişəm. İki ay orada müalicə aldıqdan sonra ambulator müalicəyə buraxılmışam. 29 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının ekspertləri tərəfindən 60% sağlamlığımı itirdiyimə dair sənəd təsdiq olunub. 5 nömrəli Körpü Tikinti Sahəsi tərəfindən mənə “İstehsalatda bədbəxt hadisə aktı” tərtib edilib. Həmin akt əsasında mənə 1993-cü ilin aprel ayında üçüncü qrup əlillik dərəcəsi verilmiş və əmək pensiyası təyin edilib. Əmək pensiyasından əlavə Gədəbəy rayon 5 nömrəli Körpü Tikinti idarəsi tərəfindən 1993-cü ilin aprel ayından 1996-cı ilin dekabr ayına kimi əmək xəsarəti və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar orta əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilib. 1997-ci ilin yanvar ayında Gədəbəy rayon 5 nömrəli Körpü Tikinti idarəsi Gəncə şəhər 2 nömrəli Körpü-Tikinti idarəsinə bütün avadanlığı ilə birlikdə təhvil verilərək birləşdirilmişdir. Həmin tarixdən sonra hüquqi varis olan Gəncə şəhər 2 nömrəli Körpü Tikinti Sahəsi mənə veriləsi olan 60% ödənişi həmin vaxtdan ödəməkdən imtina edir. Mən həmin idarəyə dəfələrlə müraciət etdikdə onlar mənə deyiblər ki, sənin haqda bizə heç bir sənəd verilməyib və yoxdur. Mən ondan sonra məcbur olub məhkəməyə müraciət etdim.

Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində bədbəxt hadisəyə görə müavinət ödənilməsinə dair əsaslı iddia vermişəm. Məndə bütün sübut edən faktların olmasına, sənədlərin məhkəməyə təqdim edilməsinə baxmayaraq, Gəncə Şəhər Rayon Məhkəməsinin hakimi Emin Əliyev öz maraqları xətrinə rüşvət alaraq, Azərbaycan Respublikası Əmək və Mülki Məcəlləsinin qanununa əməl etməyərək, qanunsuz qətnamə çıxardaraq iddianı rədd edib. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsini 4-cü hissəsini nəzərə almayıb. Həmin qətnamədən verdiyim şikayət Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəhman Muradov tərəfindən təmin edilməyib.

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun qərarından Ali Məhkəməyə kasasiya şikayəti vermişəm. Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun qərarını dəyişmədən qüvvədə saxlayıb. Ali Məhkəmənin qərarından Ali Məhkəmənin Plenumuna əlavə şikayət vermişəm”.

Məhərrəm Məmmədov Ali Məhkəmənin Plenumundan ədalətli qərar çıxarılmasını xahiş edir.
Bolgexeber.com