BolgeXeber.Com » Bölgə » Ramiz Yediyarovla bağlı daha bir iddia... - Qanunsuz özəlləşdirmə baş tutmadı...

Ramiz Yediyarovla bağlı daha bir iddia... - Qanunsuz özəlləşdirmə baş tutmadı...

18-11-2015, 19:48
Oxunub: 3 135 Ramiz Yediyarovla bağlı daha bir iddia... - Qanunsuz özəlləşdirmə baş tutmadı...Ramiz Yediyarovun da Gədəbəyi çapıb-talamağının bir həddi-hüdudu var imiş

Redaksiyamıza Gədəbəydən daxil olmuş yeni məlumatda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun imza atdığı növbəti özbaşınalıqdan bəhs olunur. Amma başçının bu dəfəki əməlini tam layiqincə qiymətləndirə bilmək üçün, ilk növbədə Gədəbəyin yaxın keçmişinə kiçik bir tarixi ekskurs etmək lazımdır. Məsələ bundadır ki, bir neçə il bundan əvvəl Gədəbəydə böyük bir idman kompleksi fəaliyyət göstərirdi. O zaman həmin tikiliyə olimpiya kompleksi statusu verilməsə də, ölkə prezidenti cənab İlham Əliyevin hələ 2006-cı ilin noyabr ayında Gədəbəyə səfəri çərçivəsində bu komplekslə də tanış olması, hər halda qurğunun kifayət qədər böyük əhəmiyyət kəsb etməyindən xəbər verir. Beləcə bu idman kompleksi 2012-ci ilə qədər fəaliyyət göstərir. Həm də yerli sakinlər deyirlər ki, o vaxtlar kompleksdə mütəmadi olaraq yerli əhəmiyyətli yarışlar, bir sıra digər dövlət və ictimai tədbirlər də keçirilirdi.
Lakin bu vəziyyət yalnız 2012-ci ilə qədər, yəni məhz Ramiz Yediyarovun bu rayona başçı təyin olunmasına qədər davam etdi. Bu təyinatdan az bir müddət sonra isə, kompleksin fəaliyyəti dayandırıldı və gədəbəyli gənclərin də buraya yolları bağlandı. Təbii ki, kompleksin bağlanmasına dair göstərişi də Ramiz Yediyarov vermişdi. Lakin bu heç də qurğunun icra başçısının xoşuna gəlmədiyinə görə olmadı. Əksinə, sakinlər deyirlər ki, Ramiz Yediyarov idman kompleksini, daha doğrusu kompleksin yerləşdiyi ərazini çox bəyənmişdi. Elə kompleksin bütün bəlaları da məhz bunun üstündən gəldi. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, kompleksin yerləşdiyi ərazi başçının o qədər xoşuna gəlib ki, o, buranı zəbt etmək qərarına gəlib. Bu məqsədlə də Ramiz Yediyarov kompleksin viran qoyulması istiqamətində planlı təbbirlər həyata keçirməyə başlayıb.
Mənbənin verdiyi açıqlamaya görə, Ramiz Yediyarov sonradan bu ərazidə otel kompleksi tikməyi planlaşdırırmış. Həm də tək yox, özünün yaxın dostu, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla şərikli. Amma bunun üçün ilk növbədə həmin ərazini alıb özəlləşdirmək tələb olunurdu. Buna görə də, 2012-ci ildən başlayaraq Ramiz Yediyarov öz əlaltılarına kompleksi tədricən, hissə-hissə sökmək barədə tapşırıq verir. Beləliklə də, son üç ilin ərzində möhtəşəm tikili indiki uçuq-sökük görkəminə gətirilir. Bundan sonra, Ramiz Yediyarov kompleksin özəlləşdirilməsini həyata keçirmək üçün, Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktub da hazırlayıb təqdim edir. Ən maraqlısı da budur ki, kompleksi “almaq” üçün müraciət etmiş vətəndaş da Xaləddin İsgəndərovun yaxın qohumlarından biri olub. Lakin, heç demə Ramiz Yediyarovun da Gədəbəyi çapıb-talamağının bir həddi-hüdudu var imiş. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu məqsədlə Gədəbəyə ezam olunmuş əməkdaşları kompleksə baxış keçirdikdən sonra bu qənaətə gəlirlər ki, özəlləşdirmə üçün təyin olunmuş ilkin qiymət tikilinin real dəyərindən dəfələrlə aşağıdır. Əlbəttə, axı bu məmurlar hər şeyi dövlətin hesabına əldə etməyə adət ediblər. Amma bu dəfə yox. Mənbə bildirir ki, sonradan şəxsən ƏMDK-nin sədri Kərəm Həsənovun müdaxiləsi nəticəsində kompleksin “satılması” və özəlləşdirilməsi baş tutmur. Bundan sonra Ramiz Yediyarovun başı digər “maraqlı və cəlbedici layihələrə” qarışır. Gədəbəyin idman kompleksi isə, artıq baxımsızlıq üzündən, özü-özünə dağılmaqda davam edir...
bizimdovr.az