BolgeXeber.Com » Bölgə » Gəncə idmanında müdhiş saxtakarlıq - FOTO+FAKT

Gəncə idmanında müdhiş saxtakarlıq - FOTO+FAKT

23-02-2016, 14:27
Oxunub: 12 255 Gəncə idmanında müdhiş saxtakarlıq - FOTO+FAKT14 noyabr 2014 cü ildə “hörmətli” qaçqın statuslu İntiqam Hüseynov boks idman növü üzrə göstərdiyi nailiyyətlərə görə “Əməkdar məşqçı” adına layiq görülüb

Ötən yazımızda “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə Filialının direktoru İntiqam Hüseynovun saxta yollarla qaçqın statusu və “əməkdar məşqçı” adına sahib çıxdığını qeyd etmişdik

Bununla yanaşı filial direktoru İntiqam Hüseynovun mərkəzdə özəl qaydalar tətbiq edərək müəllimlərdən aylıq 50-100 manat pul yığması, işə götürmələr zamanı ixtisaslara önəm verməyərək şəxsi məqsədlərə əsaslanaraq əmrlər verməsini bildirmişdik.

Onu da qeyd etmişdik ki, İntiqam Hüseynovun doğulduğu kənd erməni işğalı altında olmasa da, bu şəxs qeyri-qanunu yolla qaçqın statusu almış və dövlətin tətbiq etdiyi güzəştlərdən maksimum yararlanmaqdadır. Hətta ev növbəsinə də adını yazdıran direktor hamını aldatmaqda davam edir.
Lakin filial direktoru bu yazılan faktları təkzib edərək özünü təmizə çıxarmaq istəyində bulunması çox gecikmədi. Belə ki, sorğularımızı qarşı tərəf kimi cavablandıran İntiqam Hüseynov faktları təkzib edərək, Gəncəyə 2008-ci ildə gəldiyini və 15 il Bakıda qaçqın olduğunu qeyd edir; “Füzulidən qaçqın düşəndən sonra 15 il Bakıda yaşamışam. Həmin vaxt paytaxtda iki evim var idi. Gəncəyə gəlməmişdən iki il əvvəl, yəni 2006-cı ildə Bakıdakı evimin birini satıb Gəncədə yeni tikilən binadan yeni mənzil aldım. Sadıllıdakı bağ evinə gəlincə, bunu inkar etmirəm. Həmin qəsəbədə torpaq alıb ev tikdirirəm. Ancaq işlər hələ yarımçıq görülüb. İmkanlı olsaydım həmin evi başa vurardım...”.
Əslində İntiqam Hüseynov özünün də yalan danışdığına şübhəsi yoxdur. Bu şəxs xatırlatmaq istəyirəm ki, Gəncənin Sadıllı qəsəbəsində torpağın 1 sotunun qiyməti 8-10 min manat arasında dəyişir. Adını müəllim qoyan və 350 manat maaş alan İntiqam Hüseynovun 60 min manata yaxın qazancı hardan əldə etdiyi və yarımçıq villanı necə tikdirdiyi bizə məlumdur. Əlbəttə ki, özü inkarolunmaz faktları təkzib edən direktorun saxta qaçqınlıq statusu almağa vicdanı necə yol veribsə bu cür yalan danışmağa da adət etməsinə təəccüblənmək qəribə gəlmir.
Yazıya münasibətində digər fikirlərini açıqlayan İntiqam Hüseynov; “Əməkdar məşqçi adı ilə bağlı təqdimat mənim də xəbərim olmadan Gənclər və İdman nazirliyinə göndərilib və mən sənəddə, Avropa çempionu Nəsrəddin Məmmədovun ikinci məşqçisi kimi göstərilmişəm. Buna görə mənə fəxri ad verilib. Burada qanunsuz nə var ki,...”- deyə qeyd edir. Maraqlıdır ki, filial direktoru “Əməkdar məşqçı” adının verilməsindən xəbərsiz olduğundan bəhs etməklə günahı onun təqdimatını Gənclər və İdman nazirliyinə göndərəndə axtarır. Təbii ki, bu şəxs də İntiqam Hüseynovun yalanlarına saxta don geyindirməyə çalışan şəhər Gənclər və İdman idarəsinnin rəisi Müşfiq Cəfərovdur.

Növbəti yazılarımızda Müşfiq Cəfərovun bu kimi saxtakarlıqlarından və şəhər idmanına göstərdiyi mənfi təsirlərdən bəhs edəcəyik. Amma, İntiqam Hüseynovun dolayısı Müşfiq Hüseynovu ittiham etməsi və baş verənlərdən xəbərsiz olması bir sual ortaya çıxarır.
Əgər “vətənini sevən” saxta qaçqın direktor bu faktlardan xəbərsiz idisə niyə vəsiqədən və layiq olmadığı addan imtina haqqında müraciət etməyib? Təbii ki, bu İntiqam Hüseynovun saxta qaçqın adı ilə aldığı yardımlardan necə imtina etmədiyi kimi bu addan da vaz keçməyəcəyini göstərir.
Gəlin faktlara nəzər salaq. İlk öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Əbiyevin bu şəxs haqqında dediklərinə nəzər salaq:
“Mən Boks Federasiyasında işlədiyim müddətdə İntiqam Hüseynov adlı boksçu tanımıram və onun əməkdar məşqçi olması kimi bir fakta rast olmamışam”. Yenə sual- Bəs bu İntiqam Hüseynov boks aləminə hardan gəlib və ona bu adı verənlər bu şəxsin kimliyini niyə araşdırmayıb? Təbii ki, Ağacan müəllim də ömrünü boks idman növünün inkşafına həsr etmiş bir şəxs kimi bu suala cavab tapa bilmir. Amma nəticə var – İntiqam Hüseynovun cibində nəinki boks müəllimi vəsiqəsi həm də nazirin böyük imzası ilə bəzənən “əməkdar məçşqçi” vəsiqəsi var.
Apardığımız araşdırmalar “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə Filialının direktoru İntiqam Hüseynovun son 5 ildə boks idman növü ilə məşğul olmadığını təsdiq edir. Əldə olunan sənədlərdə qeyd olunur ki, Hüseynov 25 sentyabr 2014 –cü ilə qədər valeybol idman növü üzrə məşqçi işləyib. “Təhsil” Respublika İdman Mərkəzinin direktoru N.Lahıcovun təsdiq etdiyi Filialın müəllimlərinin “2014-2015-ci illər üçün qrupların komplektləşdirilməsi cədvəlində” də İntiqam Hüseynovun valeybol müəllimi kimi dərs saatları təsdiqini tapır. Nəzərdən qaçırmış deyilik ki, Nəsrəddin Məmmədov 2013-cü ildə yeniyetmələr üzrə keçirilmiş Avropa çempionatının birincisi olub. Halbuki onda filialın “qaçqın” direktoru İntiqam Hüseynov heç vaxt iştirak etmədiyi valeybol dərslərinə görə dövlətdən maaş alırdı. Bəs bu şəxs necə olur ki, Nəsrəddin Məmmədovun ikinci məşqçisi kimi adını Respublikaya car çəkib və nəticədə Cənab nazir Azad Rəhimov da “valeybolçu-boksçu”nun səsinə səs vermişdir?
Mən mətbuatda işlədiyim illərdə çox saxtakarlıqlar görmüşəm və onları qəzet səhifəsinə çıxarmışam. Lakin beləsini görmədiyimi etiraf edirəm. Səbəb saxtakarlığın böyüklüyündə deyil. Əsl səbəb saxtakarlıq olduğunu bilə-bilə onu ört-basdır etmək əvəzi həqiqəti deyənlərin üzünə dürmaqdır. Məhz İntiqam Hüseynov kimi. Bunun adını cəmiyyətdə başqa cür adlandırırlar, amma biz bu adın qəzet səhifəsinə çıxaracaq qədər intiqamlaşmamışıq.
Başqasının əməyini öz adına çıxaraq saxta yollarla “əməkdar məşqçı” adını daşıyan İntiqam Hüseynovun Təhsil nazirliyi, eləcədə Gənclər və İdman nazirini aldatması kimi fikirlər bizi də narahat edir. Bəlkə də həqiqəti bilən cənab nazirlərin bu cinayət tərkibli əməllərə susmaları çox çəkməyəcəyinə əminik. Aydındır ki, İntiqam Hüseynovu direktor etmək istəyənlər Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov kimi yalan danışmaq və gerçəyi gizlətmək məcburiyyətindədirlər. Cinayətdə şəriklik insanları çətin duruma saldığı kimi, indi bu şərikləri də ağır faktlarla üz-üzə qoyub.
Mərkəzin Gəncə Filialının direktoru İntiqam Hüseynovun qeyd etdiyimiz kimi 25 sentyabr 2014-cü ilə qədər valeybol müəllimi kimi fəaliyyət göstərdiyi rəsmi sənədlərdə qeyd olunur. Digər rəsmi sənədlərdə isə Hüseynovun həmin tarixdə - 25 sentyabr 2014-cü ildə boks müəllimi kimi fəaliyyətə başlaması öz əksini tapıb. Yəni bir ay sonra, 14 noyabr 2014 cü ildə “hörmətli” qaçqın statuslu İntiqam Hüseynov boks idman növü üzrə göstərdiyi nailiyyətlərə görə “Əməkdar məşqçı” adına layiq görülüb. Əslində Ağacan Əbiyevin də mat qaldığı bu “nailiyyət” görünməmiş rekord sayılır. Təbii ki, “Ginnesin rekordlar” kitabını yazanlar Gəncənin “nüfuzlu” boks müəllimindən xəbərsizdirlər.
Digər fakt isə Gənclər və İdman nazirinin “əməkdar məşqçı” adının verilməsi ilə bağlı təsdiq etdiyi əsasnamənin pozulmasıdır. Əsasnamədə 5 il təcrübəsi olan və 2 il nəticə verən idmançı ilə məşğul olan məşqçilərin “Əməkdar məşqçi” ala biləcəkləri qeyd olunur.
Biz nə qədər çalışsaq da İntiqam Hüseynovun fəaliyyətini bu əsasnaməyə uyğunlaşdıra bilmirik. Bir ay boksla məşğul ol, idmançı bir il yarım öncə nəticə versin sən də fəxri ad al. Bəlkə, Hüseynova təqdimat verən Təhsil nazirliyinin rəhbərliyi və ona fəxri ad verən cənab nazir Azad Rəhimov bu barədə açıqlama verib bizə bu faktlara uyğunluq tapmaqda yardımçı ola...
Əks təqdirdə cənablar, görünməmiş biabırçılığa son qoyulmasının və bu saxtakarlığa bir hüquqi qiymətin verilməsi üçün zamanin yetişdiyini etiraf etməlisiniz.
Mövzuya qayıdacağıq.
İkram Rafiqoğlu
Gəncə idmanında müdhiş saxtakarlıq - FOTO+FAKT
Gəncə idmanında müdhiş saxtakarlıq - FOTO+FAKT