BolgeXeber.Com » Bölgə » İmişli sakini orjinal etiraza hazırlaşır

İmişli sakini orjinal etiraza hazırlaşır

15-05-2012, 15:40
Oxunub: 4 433 Evi başına uçan Gülnamə Səmədova «Eurovizion» yarışması dövründə Bakıya gələrək xarici jurnalistlərə açıqlama verəcək

İmişli rayon Araz küçəsi 21 saylı evin sakini Səmədova Gülnamə Teyyub qızı İcra başçısının 1-ci müavini Səfa Ağayevin ucbatından yararsız evdə yaşadıqlarını qeyd edir. Şikayətçi Bolgexeber.com-a bildirib ki, 5 ailə üzvü var və 3 azyaşlı uşaqla hər an uçma təhlükəsi olan evdə yaşayır.

Onun sözlərinə görə, evi tikilərkən təməlində beton olmayıb, yəni yerdən hörülməyə başlayıb. «Çiy kərpicdən tikilən evimiz qrunt sularının həyətə yığıması nəticəsində hazırkı evin aşağı hissəsi oyularaq, çatlar əmələ gəlib. Bir sözlə ev qəza vəziyyətinə düşüb. Yaşamaq üçün təhlükəli olan evimiz barəsində dəfələrlə icra başçısının müavinlərinə, hətta rayon fövqəladə komissiyasına məlumat vermişəm. Amma hər dəfə icra başçısının müavini Səfa Ağayev buna göz yumaraq bizləri ölümə sürükləyib. Bu gün qorxu içində yaşamaq bizləri təngə gətirib çıxarıb. Çünki hər an uçacaq vəziyyətdədir evimiz».

G.Səmədova daha sonra bildirir ki, yerli icra orqanları onların dərdinə şərik olmur. Və bunun səbəbini də onlara verəcək “şirinlik” pulunun olmamasını göstərir. «Artıq İmişli rayonunda “şirinlik” pulu sindromu baş alıb gedir. Hər evi tikilən şəxs şirinlik pulu verməlidir. Mənim isə pulum olmadığı üçün səfalət içində yaşamalıyam».

İmişli sakini vurğulayır ki, o, İcra Hakimiyyətindən kömək gözlədiyi halda, bir neçə bəhanələr gətirərək, onları qorxu içində yaşamağa məcbur edirlər. «Günahımız nədir ki, qorxu içində yaşayırıq və qeyd edim bu qorxu bir gün böyük fəlakətlə nəticələnəcək. Onda İcra Hakimiyyətinin nümayəndələri etdikləri əməlləri özlərinə bağışlaya biləcəklərmi? Mən sizlər vasitəsi ilə İmişli rayon icra başçısına və onun işçilərinə səslənirəm. Əgər bizim ailəyə köməklik olunmazsa, ailə üzvlərimlə birgə “ Avroviziya” mahnı müsabiqəsi günü Bakı şəhərinə gedərək xarici jurnalistlər qarşısında sizlərin əmməlləriniz barəsində daha ətraflı danışacağam. Onlarda bilsinlər ki, sizin kimi məmurlar ucbatından Azərbaycan xalqının bir çox vətəndaşları qorxu içində yaşayaraq hər gün ölümə yaxınlaşırlar. Çünki hərəniz öz qohumunuzu işlə təmin edərək, bizləri işsiz qoymusunuz.
Bir gün bunun sonu olacaq və belə getsə rayonumuzda böyük iğtişaşlar olacaq».