BolgeXeber.Com » Bölgə » I qrup əlil tövlə şəraitində yaşayır

I qrup əlil tövlə şəraitində yaşayır

15-05-2012, 15:45
Oxunub: 4 294 Saatlı İcra Hakimyyəti ağır xəstə olan Nadir Qurbanova ev tikmək üçün 500 ədəd daş və 20 ədəd çürümüş taxta verib

Saatlı sakini yerli icra orqanlarının əlindən cana doyub. Cavanşir küçəsində yaşayan Qurbanov Nadir Arif oğlu qeyd edir ki, vərəm və asma xəstəliyindən 1-ci qrup əlildir və cəmi 60 manat pensiya alır. N.Qurbanov Bolgexeber.com-a deyib ki, prezidentin qərarından sonra yararsız evlərin bərpası üçün bir çox rayonlarda təmir işləri aparılır.

Bunu əsas götürərək, Saatlı sakini yerli İcra Hakimiyyətinə müraciət edib. Onların diqqətinə çatdırıb ki, evi yararsız haldadır və təmir işləri aparmaq üçün addım atılmasını xahiş edir. «Bu müraciətimdən sonra İcra Hakimiyyətindən mənə yaşamaq üçün təhlükəli olan evin bərpa olunması məqsədilə 500 ədəd mişar daşı və 20 ədad köhnə çürümüş taxta verdilər. İndi siz deyin 500 ədəd mişar daşı və 20 ədəd çürümüş taxta ilə yaşamağa yararsız, həyat üçün təhlükəli və heyvan damının vəziyyətinə düşən evi bərpa etmək mümkündürmü?
Mən bu keçici ağır vərəm xəstəliyim ilə bu işləri necə görüm, dərman pullarımı vaxtında necə ödəyim?»

N.Qurbanov daha sonra yazır ki, o, heyvan damında yaşamağa məcbur deyil. O hazırda düşdüyü vəziyyətin günahkarı kimi Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşlarını göstərib. «Xəstəliyimin ağırlaşmasının səbəbkarı İcra Hakimiyyətinin əməkdaşlarıdır. Dəfələrlə müraciət etsəm də, nəticə olmayıb».

Sonda şikayətçi xahiş edir ki, onun yaşadığı evə baxış keçirilsin və tədbir görülsün. «Gəlin mənim yaşadığım evə, yaşam tərzimin hansı vəziyyətdə olduğuna baxın. İstəyirəm ki, dövlətimiz mənim bu ailəmə və iki azyaşlı uşağıma sahib çıxaraq, daldalanmaları üçün bir ev tiksin, ya da hazırki heyvan damına oxşayan evimizi bərpa etsin».