BolgeXeber.Com » Bölgə » DYP əməkdaşı şikayətçini həbs etdirir

DYP əməkdaşı şikayətçini həbs etdirir

8-06-2012, 00:40
Oxunub: 4 172 Vətəndaş ilk dəfə DİN başçısı Ramil Usubova şikayət etdi, xüsusi ittiham qaydasında məhkəməyə verildi

Bir müddət əvvəl Masallı rayon Ərkivan qəsəbəsinin sakini Aqil Şirəliyev DYP əməkdaşı Ariz İsmayılovla bağlı şikayət etmişdi. Həmin şikayətdə vurğulanırdı ki, DYP əməkdaşı ondan 50 manat rüşvət alıb. Məsələ hüquqi müstəvidə araşdırıldığı bir vaxtda isə gözlənilməz bir hadisə baş verib.

Bolgexeber.com-un elektron ünvanına daxil olan məlumata görə, Ariz İsmayılovun qanunsuz hərəkətlərindən şikayət etdiyinə görə, Aqil Şirəliyev elə adıçəkilən DYP əməkdaşı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Bu barədə məlumat verən sözügedən şəxsin vəkili Rasim Əlizadə bildirib ki, işə dünən, iyunun 7-də saaat 15:00-da baxılmalı idi. Lakin bununla bağlı bildiriş Şirəliyevə saat 18:00-da çatdırılıb.

Vəkilin sözlərinə görə, bu olduqca biabırçı bir vəziyyətdir. “Bu necə ola bilər ki, şikayətçi olduğuna görə səni məhkəməyə versinlər? Əvvəla işin icraata götürülməsinin özü qanunsuzluqdur. İlk olaraq məhkəmə iddianı ləğv etməliydi. Çünki şikayət DİN rəhbərliyinə olunub. Nazirliyində əməkdaşı isə işi araşdırmaq məqsədi ilə Masallıya gəlib və tərəflərdən izahat alıb. Ancaq iş yekunlaşmamış məhkəmə icraat məsələsini həyata keçirib ki, bu da tam qanun pozuntusudur”.

Rasim Əlizadə daha sonra bildirib ki, hazırda iş Masallı məhkəməsinin hakimi Nemət Musayevin icraatındadır. “Görünür, Nemət Musayevə bu işi sifariş edənlər Masallı rayon Polis Şöbəsində baş verən özbaşınalıqları və edilən tez-tez şikayətləri ört-basdır etmək məqsədi güdürlər”.

Nemət Musayevin necə hakim olmasına gəldikdə isə onun rayonda sifariş əsasında işlədiyini deyirlər. Rayon sakinləri bildirir ki, sözügedən hakim əsasən “qara iş”ləri həyata keçirməklə məşğuldur.