BolgeXeber.Com » Bölgə » Masallıda icra nümayəndəliyinin binası yandırıldı

Masallıda icra nümayəndəliyinin binası yandırıldı

6-07-2012, 15:00
Oxunub: 4 590 Qəriblər kəndindəki mübahisəli binadakı yanğını sakinlər söndürüb

Masallı rayonunun Qəriblər kənd icra nümayəndəliyinin binası yandırılıb. Bu barədə məlumatı tia.az-a kənd sakinləri verib. Sakinlərin sözlərinə görə, hadisə iyunun 29-da günorta saatlarında baş verib.

Masallı rayon İcra Hakimiyyətinin Qəriblər Ərazi İcra Nümayəndəliyinin inzibati binasında qəfil yanğın olub. Nümayəndəliyin binasının yanmasını kənd sakinləri görüb. Sakinlərin köməyi ilə binanın bir hissəsi mühafizə olunub və yanğının qarşısı alınıb. Hadisə nəticəsində icra nümayəndəliyinin binasının bir hissəsi yanıb. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Qəriblər İcra Nümayəndəliyinin binası mübahisəli ərazidir. Bina Cəbrayıl rayonundan olan məcburi köçkün Qurban Həşimov tərəfindən zəbt edilərək hasarlanıb. Bina rayonda fəaliyyət göstərən "Turan" kooperativinin 1990-cı ildən icarəsində olan 1 hektardan artıq torpaq sahəsinin içərisində kooperativ rəhbərliyinin təşəbbüsü ilə inşa olunub icra nümayəndəliyinə verilsə də, 2006-cı ildən Qurban Həşimov tərəfindən zəbt olunub. Həmin vaxtdan etibarən icra nümayəndəliyinin binası Qurban Həşimovun qanunsuz hasarladığı ərazidə qalıb və bura heç kim buraxılmayıb. Qurban Həşimov hətta həmin ərazini özəlləşdirməsi barədə saxta sənədlər də əldə edib. "Turan" Kooperativi rəhbərliyinin iddiası və uzun sürən məhkəmə çəkişmələrindən sonra Qurban Həşimovun saxtakarlığı üzə çıxıb, Dövlət Əmlak Komitəsinin bəzi məmurlarının həmin ərazi barədə keçirdiyi qanunsuz hərracın nəticələri, ərazidəki tikili və torpaq sahələrinə verilən şəhadətnamələr ləğv edilib və həmin sahələrin əvvəlki vəziyyətinə qaytarılması qərara alınıb. Amma, buna baxmayaraq, torpaq sahəsi və icra nümayəndəliyinin binası hələ də hasarda və Qurban Həşimovun nəzarətindədir.