BolgeXeber.Com » Bölgə » Zaqatala İcra Hakimiyyətindən açıqlama gəldi

Zaqatala İcra Hakimiyyətindən açıqlama gəldi

10-08-2012, 12:00
Oxunub: 4 870 «Mətbuatda rayonumuz haqqında yazılanlar yalandır və həqiqəti əks etdirmir»

Son dövrlər Zaqatala rayonu ilə bağlı bəzi mətbuat orqanlarında bir sıra məlumatlar yayılıb. Həmin məlumatlarda rayonda baş vermiş zəlzələ və sel fəlakəti ilə əlaqədar aparılan tikinti işlərində korrupsiyaya yol verildiyi və bunun da Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən edildiyi bildirilir.

Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, mətbuatda yayılmış məlumatların heç bir əsası yoxdur. Şöbədən deyiblər ki, həqiqətən də zəlzələ və sel fəlakətindən rayon əhalisi zərər çəkib. «Lakin dəymiş zərərin ödənilməsi və tikinti işlərinin rayon İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Çünki bu işləri ümumiyyətlə, İcra Hakimiyyəti həyata keçirmir. Proses FHN-nin nəzarəti altındadır».

Şöbədən deyiblər ki, ümumilikdə Zaqatala rayonunda zəlzələdən zərər çəkənlər üçün evlərin tikintisi davam edir və burada hər hansı bir korrupsiyadan söhbət gedə bilməz. «Bu gün dövlət büdcəsindən ayrılmış vəsaitlərin şəffaf şəkildə xərcləndiyini görmək üçün Zaqatalaya gəlmək kifayət edər. Bütün zərərçəkənlərin evlərinin payıza qədər hazır edilərək, sahiblərinə verilməsi planlaşdırılıb və bu vəd yerinə yetiriləcək».

Məlumatda o da vurğulanır ki, mətbuatda yazılanlar rayonda görülən işlərə kölgə salmaq məqsədi güdür. «Zaqatalada son illər həyata keçirilən quruculuq işlərindən narahat olanlar rayon rəhbərliyinə qara yaxmaqla məşğuldur. Bizə aid olmayan işlərdə adımızın hallandırılması da bunun əyani sübutudur».