BolgeXeber.Com » Bölgə » Goranboyda şəhid məzarı təhqir olundu

Goranboyda şəhid məzarı təhqir olundu

23-08-2012, 22:00
Oxunub: 4 456 Şəhid məzarının üz daşını zibilliyə atıblar

Təxminən, iki il əvvəl “Yeni Nəsil”də dərc etdiyimiz bir yazıda Goranboy rayonunda bir şəhidimizin məzarına edilmiş hörmətsizlikdən bəhs etmişdik. Bildirmişdik ki, torpaqlarımız uğrunda canını fəda edən rayon sakini Fərəcov Ənvər Sayad oğlununməzarının üz daşı Goranboy rayon polis şöbəsinin həyətindən çıxarılaraq, zibilliyə atılmışdı.

Ancaq təəssüf ki, o zaman bu məsələ heç kim tərəfindən araşdırılmadı və şəhidimizə qarşı törədilən bu vandallıq cəzasız qaldı.

O zaman araşdırmalarımız nəticəsində bəlli olmuşdu ki, rayonda rəhbər postda oturan şəxslərin hamısının başı öz işlərinə qarışdığı üçün şəhidə qarşı edilən hörmətsizlik heç kimin eyninə deyil.

Rayonun icra başçısının başı rayon üzərindən necə pulqazanacağına qarışdığı üçün şəhidə sayğısızlığa göz yumur. Rayonun o zamanki deputatı olan Gültəkin Hacıbəyli isə rayondakı daş karxanaları ilə “məşğul” olduğuna görə şəhidimiz unudulmuşdu.

Üz daşına sayğısızlıq edilən Ə.Fərəcovun qardaşı isə Gəncə şəhər polis idarəsində şöbə rəisi işlədiyinə görə, qardaşına qarşı bu sayğısızlığa susmaq məcburiyyətində qalmışdı.

Bu yaxınlarda isə Goranboy rayonundan daxil olan məlumat daha dəhşətlidir. Məlumatda bildirilir ki, şəhidin üz daşı nəhayət zibillikdən götürülüb. Ancaq bu, təbii ki, xoş xəbərdir. Dəhşətlisi odur ki, üz daşı zibillikdən götürülərək, Goranboy rayon qəbiristanlığının zibilliyinə atılıb. Məzarlığa gələn rayon sakinləri isə bu mənzərədən dəhşətə gəlirlər.

Bu məsələ ilə bağlı rayonda yenidən araşdırma aparmağa başladıq. Şəhidə qarşı niyə belə etinasızlıq göstərildiyi ilə maraqlandıq. Məlum oldu ki, Goranboy İcra hakimiyyətində gənclərlə iş üzrə rəhbər vəzifədə çalışan şəxslərin bir çox fəraridir.

Ona görə də, vətən torpağı uğrunda canından keçən şəhidin müqəddəsliyini anlamırlar və onun üz daşını zibiliyyə atacaq qədər mənəviyyatsızlaşırlar.

Şəhidə qarşı bu hörmətsizliyi rayon sakinləri də araşdırıb, aradan qaldırmaq istəyir. Ancaq onların kimə ümid edəcəyi də müəmmalıdır.

Məsələ burdadı ki, əslən Goranboydan olan rayonun keçmiş deputatı Gültəkin Hacıyevə o zaman da biz bu məsələni gündəmə gətirəndə heç bir reaksiya verməmişdi.

Ümid edirik ki, Gültəkin xanım deputat olduğu zaman başının daş karxanalarına qarışdığı üçün şəhidə sayğısızlığı görməzdən gəlmişdisə də, bu dəfə problemlə maraqlanar, şəhidimizə qarşı edilən vandalizm nümunəsini aradan qaldırmağa yardımçı olar.

Biz, inanırıq ki, keçmiş deputat olan Gültəkin xanım bu məsələni ictimailəşdirəcəyi və ya yerli məmurların diqqətinə çatdıracağı halda, problem aradan qaldırılacaq.

Onu da öyrəndik ki, şəhidizimin büstü də rayon polis şöbəsinin həyətindən götürülərək, şöbədə otaqlardan birinə qoyulub.

“Torpaq – uğrunda ölən varsa, vətəndir!” deyiminə bir daha xatırladaraq, bütün cavabdeh şəxslərin vicdanına çatdırmaq istəyirik ki, bu gün onlar vəzifə kreslosunda oturublarsa, həmin şəhidlərin qanlarına borcludurlar. Odur ki, şəhidə sayğısızlığı aradan qaldırmaq onların vicdan və mənəviyyat borcudur. (qafqazregion.az_