Astara təhsilində baş verən özbaşnalıq haqqında
16-10-2012, 13:30
Oxunub: 7 276
Rayonun Şiyəkəran kənd 2 saylı orta məktəbin müəllimi Həbib Həbibov təhsil naziri Misir Mərdanova "Açıq məktub"la müraciət etdi...
Aşağıda həmin məktubu ixtisarla təqdim edirik:
Çox hörmətli Cənab Nazir!
Azərbaycanda təhsilin qədim və zəngin tarixi var. Təhsilimizi göz bəbəyi kimi qorumaq və onun keşiyində fəxrlə dayanmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki təhsil millətin gələcəyidir. Cənab Prezident İlham Əliyev də bildirir ki, tanrı tərəfindən bizə verilən təbii sərvətlər (neft, qaz) gec-tez tükənəcəkdir. Amma ölkəmizin inkişafını yalnız bilik, zəka, səviyyə uzun illər təmin edəcəkdir. Ona görə də müəllimlər yaxşı şəraitdə işləməlidir. Onların əməyi layiqincə qiymətləndirilməlidir. Çünki Azərbaycanın gələcəyi məhz təhsillə bağlıdır.
Mübaliğəsiz deyə bilərəm ki, regionların inkişafı ilə əlaqədar qəbul edilmiş "Dövlət proqramı" respublikamızın hər yerində uğurla həyata keçirilir. Qısa zaman kəsiyində görülən işlər, əldə edilən uğurlar və qazanılan naliyyətlər bizi daha da yaxşı işləməyə sövq edir. Xüsusən də ölkə başçısı tərəfindən təhsilə göstərilən diqqət və qayğı biz müəllimləri ürəkdən sevindirir. Və sabaha olan inamımızı daha da artırır. Respublikamızın hər yerində yeni məktəblər, uşaq baxçaları tikilir və əsaslı təmir edilir. Məktəblərin müasir avadanlıqlar və vəsaitlərlə təmin edilməsi həm işimizi asanlaşdırır və həm də bizi daha da ruhlandırır.
Təhsil sahəsində çalışanların mütəmadi olaraq əmək haqqlarının artırılması, onların fəxri adlarla təltif edilmələri şəxsən cənab prezidentimizin müəllimlərə göstərdiyi qayğının parlaq təzahürüdür. Amma əfsuslar olsun ki, hələ də məktəbə, təhsilə gəlir mənbəyi kimi baxanlar, haqq səsimizi boğmağa çalışanlar, işimizə kölgə salanlar da var.
"Siz həmişə deyirsiniz ki, işimizə qara yaxırlar, təhsilimizi gözdən salmaq istəyirlər. Bəs necə oldu ki, imzaladığınız əmrdə təhsilimizi uçuruma aparan problemləri və nöqsanları etiraf etdiniz?"
Cənab Nazir! Son illər ümumtəhsil məktəblərində təhsilimizin inkişafını əngəlləyən ciddi problemlərin olması cəmiyyətimizi narahat edən sahələrdən biridir. Xüsusən Sizin 2011-2012-ci tədris ilinin başlanması münasibətilə konflransların keçirilməsi ilə bağlı verdiyiniz əmrdə sadaladığınız faktlar buna əyani sübutdur. Əmrdə göstərilir ki, "Ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dürumun tələblərinə tam cavab vermir. Bu sahədə problemlər hələ də qalmaqdadır".
Bundan fərqli olaraq edilən tənqidlərin cavabı olaraq, Siz həmişə deyirsiniz ki, işimizə qara yaxırlar, təhsilimizi gözdən salmaq istəyirlər. Bəs necə oldu ki, imzaladığınız əmrdə təhsilimizi uçuruma aparan problemləri və nöqsanları etiraf etdiniz? Onda etiraf etdiyiniz nöqsanları kimin adına yazaq?
"Bir zamanlar respublika təhsilinin tarixində müstəsna rolu olan Astara təhsili bu gün üçuruma yuvarlanıb..."
Bir nazir kimi Sizin haqlı tənqidləri qəbul etmədiyiniz bu ziddiyyətli yanaşmanızdan aydın görünür.
Cənab Nazir! Xüsusən məktəb tikintisində və əsaslı təmir prosesində ciddi qanun pozuntuları hökm sürür. Nazirlik tərəfindən təzə inşa edilən və əsaslı təmir olunan məktəb tikintisində yol verilən qanunsuzluqları işlədiyim Astara rayon Şiyəkəran kənd 2 saylı orta məktəbin timsalında da görmək olar. Bir zamanlar respublika təhsilinin tarixində müstəsna rolu olan Astara təhsili bu gün üçuruma yuvarlanıb. Bunun səbəbkarı isə, ciddi maliyyə xətasına yol verən, icbari təhsil qanununu pozan, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan, kadr siyasətində haqq-ədalət prinsipinə riayət etməyən rayon təhsil şöbəsinin müdiri Qızbəst Məmmədovadır.
Cənab Nazir! 2010-2011-ci tədris ilinin yekunları ilə bağlı keçirdiyiniz kollegiya iclasınin materiallarını ("Azəbaycan Müəllimi" qəzeti, 9 dekabr, 2011-ci il) dəfələrlə oxumuşam. 2010-2011-ci dərs ilində tam orta təhsil səviyyəsinin müvəffəqiyyətlər cədvəlində 78 rayon yer alır. Həmin cədvəldə Astara rayonunun adının axırıncı yerdə olması bu rayonun stajlı müəllimi kimi məni məyus etdi. Dəfələrlə Qızbəst Məmmədovanın şəxsi mənafeyinə xidmət edən cinayət xarakterli əməllərindən şəxsən Sizə və respublikanın digər müvafiq orqanlarına müraciətlər etmişəm. Bu günə kimi nədənsə mürasiətlərimin nəticəsi olmamışdır. O, mütəmadi olaraq, tabeliyində olan əməkdaşları ilə məhkəmələrdə çarpışan və həmişə də uduzan bir kadrdır.
Onun rayonun təhsilinə rəhbərlik etməyə mənəvi haqqı yoxdur. Məktəbin keçdiyi şərəfli yol güzgü kimi şəffaf və parlaq olmalıdır. Rayonun təhsil sahəsində isə hələ də inzibati amirlik hökm sürür. Ələ baxımlılıq, ətalət, süstlük buzu hələ də sınmayıb. Müstəqil düşünmək, fərdi təşəbbüskarlıq eləmək haqqımız Qızbəst Məmmədovanın qurduğu fərdi idarəçilik sayəsində əlimizdən alınıb. Hətta iş o yerə çatıb ki, məktəblərdə süpürgəçini də rayon təhsil şöbəsi təyin edir. Niyə? Səbəbi hamıya yaxşı məlumdur. Heç bir halda kollektivin arzu və istəyi nəzərə alınmır. Məktəblərdə və baxçalarda tez-tez yerzis yoxlamalar təşkil edir.
"Müxtəlif bəhanələrlə saxta protokollar tərtib edilir və təcrübəli müəllimlər, direktorlar məktəblərdən uzaqlaşdırılırlar"
Ən dözülməz hal budur ki, Qızbəst Məmmədova tərəfindən işinə şərəflə, vicdanla xidmət edənlər, təmiz işləmək istəyənlər təqib olunurlar. Müxtəlif bəhanələrlə saxta protokollar tərtib edilir və təcrübəli müəllimlər, direktorlar məktəblərdən uzaqlaşdırılırlar. Qızbəst Məmmədovanın marağı dairəsinə düşməyənlərin işləməsi, ancaq məhkəmədən keçir. Vicdanlı kadrların yerinə bazarda alver edənlər, cinayət əməllərinə görə işindən uzaqlaşdırılanlar, Bələdiyyə sədri, Əhalinin Sosial Müdafiə Mərkəzində, Banklarda işləyənlər, yəni uzun illər pedaqoji fəaliyyətdən uzaq olanlar, amma cibində pulu olanlar işə qəbul edilirlər. Ali təhsillilərə yox, keçmiş texnikumları, kollecləri bitirən kadrlara rayonda yaşıl işıq yandırılır.
Q.Məmmədovanın marağını təmin edə bilməyən kadrların azlığından hələ də bəzi məktəblər direktorsuz qalıb. Astara əhalisi elə bilir ki, Qızbəst Məmmədovanın işə qəbul etdiyi kadrlar Nazirliyin testindən keçərək, təhsilə qayıdıblar. Əslində isə bir çoxları yalnız Qızbəst Məmmədovanın "testindən" keçirlər. Baş verənləri isə cənab nazir, şəxsən Sizin adınıza çıxır. Bununla da həm də Sizi gözdən salır, korrupsioner kimi qələmə verir. Bu dözülməz haldır!
"Yeni dərs ili başlayandan məktəblərimiz ticarət obyektlərini xatırladır"
Budurmu təhsilimizin uğurlu və parlaq gələcəyi? Elə müəllimlər də var ki, onlar Nazirliyin testindən keçsələr də ünvanına təyin olunmurlar. Rayon müəllimlərinin əmək haqlarının 1 faizi yerindəcə tutulur. Hara tutulmasından isə heç kimin xəbəri belə yoxdur. Yeni dərs ili başlayanda məktəblərimiz ticarət obyektlərini xatırladır. Təhsil qıraqda qalıb, məktəblərin rəhbərliyi məktəbli forması satmaqla məşğul olurlar. Bundan imtina edənlər isə xüsusi formada cəzalandırılır. Bu özbaşınalıqlara isə son qoyulması nədənsə müşkülə düşüb.
Cənab Nazir! Ölkə başçısı ildə iki dəfə cənubun bu dilbər güşəsinə gəlsə də, Siz bu rayonun olub-olmamasından, sanki bixəbərsiniz. Qızbəst Məmmədovanın bütün fəaliyyəti ilə yanaşı, ən vacib olan kadr siyasəti yuxarıda göstərdiklərimlə yanaşı, həm də ailə ansamblını xatırladır. Mənim işlədiyim məktəbdə vəzifəli şəxslər Qızbəst Məmmədovanın yaxın qohumlarıdır. Rayonun əksər məktəblərində də belədir. Astara təhsilində baş alıb gedən özbaşınalıqlar, rüşvətxorluq və korrupsiya halları kulminasiya həddindədir. Əmrinizə əsasən rayonlarda konfranslar, bölmə iclasaları təşkil edilir. Astarada isə bu, ancaq Qızbəst Məmmədovanın qohumları üçün təşkil olunur. Müzakirə olunan məsələlərdən isə heç kimin xəbəri olmur. Astara rayon təhsil Şöbəsinin müdiri Qızbəst Məmmədovanın əməllərindən silsilə yazılar belə yazılsa azdır demək olar. Odur ki, Sizi Astara rayonunun ağsaqqal, stajlı müəllimi kimi rayonumuza dəvət edirəm və hesab edirəm ki, gəlmiş olsanız bu bütün rayon müəllimlərinin ürəyincə olar. Gəlişiniz həm də Qızbəst Məmmədovaya Astaranın da Təhsil Şöbəsinin müstəqil yox, Təhsil Nazirliyinə tabe olmasını bildirmiş olar. Bəlkə bir az da olsa, Qızbəst Məmmədovanın işində dönüş yaratması ilə nəticələnə də bilər. Bu möcüzə baş verərsə hesab edirəm ki, müəllim həmkarlarım Sizə təşəkkür etmiş olarlar. Nəhayət, rayon təhsili hörmətə minər, itirilmiş hörməti az da olsa özünə qayıdar.
Hörmətlə:
Həbib Həbibov,
Astara rayonu, Şiyəkəran kənd 2 saylı orta məktəbin müəllimi
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman