BolgeXeber.Com » Bölgə » Oqtay Şirəliyevin Ağdaşdakı “etibarlı adamı”

Oqtay Şirəliyevin Ağdaşdakı “etibarlı adamı”

23-11-2012, 10:55
Oxunub: 5 863 RMX baş həkimi Nuru Nuriyev tender maxinasiyaları ilə məşğuldur

Məlum olduğu kimi 2011-ci il 30 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının (RMX) açılışında iştirak etmişdi. Etiraf etmək lazımdır ki, respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını üzrə dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəltmişdir. Ölkəmizin digər bölgələrində olduğu kimi, Ağdaş rayonunda da səhiyyə sahəsində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə və inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılmasına geniş imkanlar açır. Müasir üslubda layihələndirilən Ağdaş mərkəzi rayon xəstəxanasının binası da yüksək tələblərə cavab verməsi baxımından diqqəti cəlb edir. Xəstəxana binasının tikintisində qabaqcıl təcrübə və müasir texnologiyalardan geniş istifadə edilib.

Həmin dövrdə Ağdaşın səhiyyə sisteminə rəhbərlik edən, mərkəzi rayon xəstəxanasının baş həkim Gülər Məmmədovanın fəaliyyəti də, yerli mənbələrin yekdil rəyinə əsasən, məhz ölkə rəhbərliyinin bu sahədə müəyyənləşdirdiyi siyasətin rayonda daha effektiv şəkildə həyata keçirilməsinə xidmət edirdi. Lakin bu vəziyyət çox davam etmədi. Belə ki, bir müddət sonra baş həkim öz postunda Nuru Nuriyevlə əvəzləndi. Məhz elə bu gündən də Ağdaş səhiyyəsinin tənəzzülünə start verildi. İlk növbədə qeyd etmək lazımdır ki, ölkənin əksər kütləvi informasiya vasitələri N.Nuriyevin Ağdaş RMX-nın baş həkimi vəzifəsinə təyinatını Səhiyyə Nazirliyinin məhz bu postda xüsusilə etibarlı kadrını görmək arzusu ilə izah edirlər. Belə bir tələbat isə əlbəttə ki, ciddi səbəblər əsasında yaranmışdır. Ölkə mətbuatında yayımlanan məlumatlarda göstərilir ki, məhz Ağdaş RMX son iki il ərzində SN-nin ən çox tender elan etdiyi tibb müəssisələrindən biridir. Diqqəti çəkən daha bir məqam da bu tenderlərin böyük əksəriyyətinin “Araş” Medikal MMC tərəfindən qazanılmasıdır. Tanınmış informasiya portallarından biri bu haqda yazır: “Son iki ildə Ağdaş Mərkəzi Rayon Xəstəxanası üçün ümumilikdə 20-dən çox tender elan edilib və bunların əksəriyyətini “Araş” Medikal MMC udub. Təbii ki, Azərbaycanın digər rayonları ilə müqayisədə Ağdaş RMX-nın qat-qat çox tender elan etməsi diqqətdən yayına bilməz. Reallıqları nəzərə alsaq, bu, heç də inkişafın göstərici olaraq dəyərləndirilə bilməz. Vaxtaşırı ölkə mətbuatında tanınmış ekspertlərin də bildirdikləri kimi, bu gün ən gəlirli sahə kimi tenderlər ön plandadır. Belə olan təqdirdə Ağdaş RMX-nın xüsusi seçilməsi də xüsusi əhəmiyyət qazanır.”

Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, N.Nuriyevin Ağdaş RMX-nın rəhbərliyinə gətirilməsindən dərhal sonra, xəstəxana sanki qəsdən həm də çox sürətlə bərbad vəziyyətə gətirilməyə məruz qoyuldu. Hal-hazırda isə yayımlanan məlumatlara görə də xəstəxana binası yenidən əsaslı təmirə ehtiyacı olan görkəmdədir. Alınmasından cəmi bir il ötmüş bahalı avadanlıqlar yararsız hala gətirilmiş, xəstəxananın dərman preparatları ilə təminatı minimum səviyyəyə endirilmişdir. Maraqlıdır ki, bir müddət əvvəl işində yol verdiyi ciddi nöqsanlara görə Nuru Nuriyev Ağdaşın sabiq İcra başçısı Rafiq Niftəliyev tərəfindən işdən azad edilmişdi. Lakin bu vəziyyət cəmi bir neçə gün davam etdi. Səhiyyə naziri Oqtay Şirəliyevin birbaşa müdaxiləsindən sonra N.Nuriyev yenidən həmin posta bərpa olundu. Mənbələr bildirirlər ki, səhiyyə nazirinin bu kadra olan marağı təkcə onun vasitəçiliyi ilə həyata keçirilən tender maxinasiyaları ilə bağlı deyil. Belə ki, həm Ağdaşdan, həm də SN-dən olan mənbələr təsdiq edirlər ki, N.Nuriyev eyni zamanda səhiyyə nazirinin şəxsi informatoru funksiyasını yerinə yetirir...