BolgeXeber.Com » Bölgə » Laçının icra başçısı yeyintidə ittiham olundu

Laçının icra başçısı yeyintidə ittiham olundu

29-11-2012, 12:05
Oxunub: 4 712 Ramiz Cəbrayılovdan şikayətçi düşənlər nələri açiqladilar?

Son günlər adı bir çox qalmaqallarda hallandırılan Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılova qarşı yeni ittihamlar səsləndirilib. Bu ittihamlar saytımıza daxil olan şikayət məktubunda yer alıb.

Narazı laçınlıların yazdığına görə, bu gün ölkə rəhbərliyi laçınlıların neçə ildir üzləşdikləri problemlərdən xəbərsizdirlər. Məktubda deyilir: “Respublikanın 56 rayonunda məskunlaşmış laçınlılar əsasən Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovdan və onun yaxın ətrafının qanundankənar əməllərindən şikayətçidirlər. İcra başçısı laçınlı məcburi köçkünlər üçün ayrılan pulları Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və onun Laçın rayon şöbəsi ilə birlikdə mənimsəyir”.

Şikayətçilər dia.az-a bildirirlər: "Həmin məbləğlə laçınlı ailələrin müəyyən hissəsinin problemlərini çözmək mümkün olardı. Amma buna imkan verilmədi. Faktlar təkcə bununla bitmir. Rayonun Ağcabədi qış yataqlarında faktiki 195 hektar əkin sahəsi olduğu halda, Nazirlər Kabinetinə verilən məlumatda həmin göstərici 1500 hektar qeyd olunub. Çünki hər hektar üçün ayrılan 40 manat yanacaq pulu icra başçısının rəhbərliyi ilə mənimsənilib. Ağcabədi rayonunda məskunlaşmış laçınlılar üçün nəzərdə tutulan və çəkilən suvarma kanalı üçün 20 min hektar ərazinin ayrılması planlaşdırılmışdı. Amma həmin sahənin 350-400 hektar ərazisinin suvarma gücündə olmadığı rayonda hər kəsə məlumdur. Digər tərəfdən 6 kubmetr su ötürməli olan kanal 2 kubmetr suyu belə ötürə bilmir. Çünki kanalın çəkilişi üçün ayrılan 2.700.000 manat pulun heç yarısı belə kanalın inşasına xərclənməyib. Xərclənməyən vəsaitlər isə mənimsənilib".

Onu da bildirək ki, icra başçısı ilə bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub ki, həmin informasiyaları dəqiqləşdirmədən diqqətinizə çatdırmaq istəmədik. Araşdırmalarımız davam edir. Bizi izləyin...

Tia.az