BolgeXeber.Com » Bölgə » Gəncədə olimpiada keçirilib

Gəncədə olimpiada keçirilib

9-12-2012, 23:55
Oxunub: 3 736 Bolgexeber.com Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin orta məktəblərində təhsil alan istedadlı, savadlı və xüsusi potensiala malik şagirdlərin aşkara çıxarılması məqsədilə yuxarı sinif şagirdləri arasında növbəti fənn olimpiadası keçirilib.

9, 10, 11-ci sinif şagirdlərinin ümumrespublika fənn olimpiadasının birinci turu bu gün
Gəncə şəhər 2 saylı tam orta məktəbində keçirilib.

Olimpiadaya istər humanitar, istərsə də dəqiq elmlərə yiyələnmək istəyən şagirdlər qatılıblar. Məktəblilər müvafiq fənlər üzrə onlara təqdim olunan sualları yüksək səviyyədə cavablandırmağa çalışıblar.

Məktəblilərin fənn olimpiadasının birinci turu 10 fənn üzrə keçirilib. Olimpiadanın respublika mərhələsinə qatılan şagirdlər Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, informatika, kimya və biologiya fənləri üzrə real nəticələr göstərməlidirlər. Olimpiadaya ümumilikdə 1360 şagird qatılıb ki, onlardan 250 nəfəri rus bölməsində təhsil alır.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov orta məktəb şagirdləri arasında bu cür olimpiadaların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Z.Hüseynov: “İndiyədək belə kütləvi olimpiada keçirilməmişdi. Bu da şagirdlərin olimpiadalara marağının artmasını göstərir. Həm də bu il ilk dəfə olaraq qaçqın və
köçkün rayonların məktəbliləri də olimpiadada iştirak edirlər. Olimpiada çox yüksək səviyyədə təşkil edilib. Mətnlər peşəkarcasına hazırlanıb”.

Fənn olimpiadaları zamanı şagirdlərin potensialının üzə çıxarılması üçün hazırlanan suallar və tapşırıqlar sırf biliklərlə deyil, həmçinin onların idrakı və məntiqi ilə bağlı olan suallar verilib.

Ülviyyə Hacıyeva, Gəncə Şəhər Metodiki Mərkəzin direktoru: “Şəhər Təhsil İdarəsi bu gün birinci tur təşkil edib. Ən yaxşı göstəriciyə imza atanlar isə fənn olimpiadalarının növbəti ikinci mərhələsinə vəsiqə qazanacaqlar. Olimpiada şagirdlərin çox hissəsinin humanitar fənlərə meyl göstərdiyini ortaya qoyur. Şagirdlərin xüsusən Azərbaycan dili və ədəbiyyatına marağı böyükdür”.

Xatırladaq ki, olimpiadanın şəhər mərhələsində qalib olan şagirdlərdən bir nəfər Azərbaycan bölməsindən, bir nəfər isə rus bölməsindən olimpiadaya qatılır. Respublika fənn olimpiadasının vaxtı isə təhsil nazirinin əmrinə əsasən məktəblilərin yaz tətili günlərinə təsadüf edir.