BolgeXeber.Com » Bölgə » Naxçıvanda daha bir jurnalistə təzyiq olunur...

Naxçıvanda daha bir jurnalistə təzyiq olunur...

10-12-2012, 11:10
Oxunub: 2 896 Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan müxbiri Həkimeldostu Mehdiyev Naxşıvan şəhər Polsi Şöbəsinə aparılıb. Ona qarşı yol-nəqliyyat hadisəsi törətmək ittihamı ilə inzibati işin təhqiqatı başlanılıb və bu, 10 gün davam edəcək. Jurnalistin avtomobili cəza meydançasına aparılıb.

Mehdiyevə qarşı iş bir taksiçinin şikayəti üzrə başlanılıb. Guya jurnalist onun maşınını vurub, deyə regional QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib.

Amma polisin bildirdiyi qəza vaxtı Mehdiyevin maşını yerli yeməkxanaların birinin dayanacağında olub. Jurnalist qohumları ilə orada nahar edirmiş. Şikayətçinin özü polisə gəlməyib. Polislərin sözlərinə görə, «o, Ordubada müştəri aparırmış».

Mehdiyevin maşınında heç bir qəza izi yoxdur.

Axşam tərəfi jurnalisti buraxıblar və deyiblər ki, bazar ertəsi 9.00-da yenə polisə gəlsin. Yerli fəalların sözlərinə görə, Mehdiyevi dünən Sədərək gömrükxanasında baş verən insidentə görə təqib edirlər. Orada biznesmen Məhəmməd Qurbanovun hüquqlarının pozulması araşdırılarkən yerli jurnalistlərə təzyiq edilib.

Mehdiyev jurnalist İlqar Nəsibov və Elman Abbasova çəkiliş aparmaqda kömək edib. Sonra onları hadisə yerindən öz maşınında aparıb.

Jurnalistlərdən alınan videokamera və diktofonlar hələ qaytarılmayıb. Məlahət Nəsibova, İlqar Nəsibov, Elman Abbasov və Həkimeldostu Mehdiyev bazar günü onları izlədiklərini hiss ediblər.

Şənbə günü Sədərək gömrükxanasında saxlanılan biznesmen Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədova gəlincə, qohumlarına onların taleyi barədə heç nə deyilmir.

Qeyri-rəsmi məlumata görə, onlar Sədərək Polis Şöbəsində saxlanılır. Qurbanov və Məmmədovun avtomobilini orada görüblər. Amma Sədərək polisi onların saxlandığını inkar edir.

Mehdiyev peşə fəaliyyətinə görə əvvəllər də dəfələrlə fiziki təzyiqə və cərimələrə məruz qalıb.