BolgeXeber.Com » Bölgə » Bərdənin baş baytarı dövləti necə “fırladır”?

Bərdənin baş baytarı dövləti necə “fırladır”?

16-01-2013, 04:15
Oxunub: 4 368 Alim Zeynalov yalnız 200 manati büdcəyə köçürür

Bərdə ilə bağlı redaksiyamıza daha bir fakt ötürülüb. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlardan aydın olur ki, son günlər Bərdədə mal-qara arasında epidemiya xarakterli xəstəliklər geniş şəkildə yayılsa da, yerli baytarlıq idarəsi bunun qarşısını almaq üçün heç bir tədbir görmür.
Bolgexeber.com-a daxil olan məlumata görə, yerli baytarlıq idarəsinin müdiri Alim Zeynalovun işi-gücü ancaq özünə sərvət toplamaqdan ibarətdir. Rayon sakinləri bildirir: «Bu gün Alim Zeynalov demək olar ki, öz işi ilə məşğul deyir. Təsəvvür edin, dəfələrlə yerli sakinlərin mal-qarası məhz baytarlıq idarəsinin fəaliyyətsizliyi, lazımi anda epidemiyaların, xəstəliklərin qarşısının alınması məqsədilə önləyici tədbirlərin görülməməsi səbəbindən qırılıb. Amma Alim Zeynalov buk imi hallarda vəziyyətdən «əcəlləri çatıbmış» deməklə, insanları ələ salmaqla çıxıb».
Sakinlər bildirirlər ki, yerli əhali ilə yanaşı dövləti də aldadan Alim Zeynalov bir ay ərzində təkcə qəssablardan və mal bazarından 100 min manata yaxın pul toplasa da, həmin puldan yalnız cəmi 200 manatı dövlətin büdcəsinə köçürülür: «Yerlə qalan vəsaitin böyük hissəsi Alim Zeynalova, müəyyən qismi isə icra hakimiyyətinə çatır. Halbuki Alim Zeynalovun ümumiyyətlə, mal-heyvan bazarından pul toplamasının özü qanunsuz əməldir».
Narazı bərdəlilər bildirir ki, Alim Zeynalov eyni zamanda qanunsuz olaraq dabaq, taun və qarayara xəstəliklərinə qarşı vaksinləri özəl olaraq apteklərdə satdırmaqla da böyük qazanc əldə edir: «Amma həmin vaksinlərin apteklərdə satışı təlimatlara görə qadağan olsa da, Alim Zeynalova kimsə söz deyə bilmir».
Onu da bildirək ki, Bərdədə sosial durumun acınacaqlı olması ilə bağlı redaksiyamıza geniş məlumatlar daxil olduğundan, yaxın günlərdə yenidən bu rayonla bağlı faktları diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...