BolgeXeber.Com » Bölgə » Ana söyüşünə görə kişiliyindən məhrum edildi-Şok təfərrüatlar

Ana söyüşünə görə kişiliyindən məhrum edildi-Şok təfərrüatlar

29-01-2013, 12:45
Oxunub: 3 794 Şəki şəhər sakini, 24 yaşlı Vidadi Məmmədov ötən il yanvarın 21-də, saat 23 radələrində Şəki şəhəri, M.Axundov prospekti ilə Ə.Cəbrayılov küçəsinin kəsişməsində yerləşən körpünün üstündə həmyerlisi Rasim Musayev ilə rastlaşıb. Həmin vaxt Rasim Vidadiyə birlikdə spirtli içki içməyi təklif edib. Lakin Vidadi təklifi rədd edib.

Bolgexeber.com-un xəbərinə görə, təklifi rədd olunan Rasimlə Vidadi arasında mübahisə yaranıb. Həmin vaxt Vidadi Rasimi söyüş söydüyü üçün sillə ilə vurub. Rasim söyüş söyməkdə davam etdiyinə görə onu döymək məqsədilə “Köhnə bazar” adlanan əraziyə aparmaq istəyib. Lakin R.Musayev bu təkliflə də razılaşmayaraq söhbət etmələri üçün onun evinə getməsini təklif edib. V.Məmmədov Rasimin tək yaşadığını bildikdən sonra birlikdə onun yaşadığı evə gediblər. Evə daxil olduqdan sonra Rasim televizoru açaraq səsini artırıb və Vidadiyə deyib ki, onu evinə cinsi əlaqədə olmaq üçün gətirib. Vidadi Rasimin bu sözlərindən əsəbiləşib və onu kişilikdən məhrum etmək qərarına gəlib.

İttiham aktında bildirilir ki, Vidadi əvvəlcə götürdüyü stul ilə Rasim Musayevin baş, sonra təpiklə sinə nahiyələrinə vurub. Bundan sonra Rasim müqavimət göstərmək üçün ayağa qalxmaq istəyəndə Vidadi dolabın üstündəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub, həmçinin onun cinsiyyət üzvünün üçdə iki hissəsini kəsib.

Təqsirləndirilən şəxs - Vidadi Məmmədov isə bildirib ki, Rasim yaşadığı evə çatdıqdan sonra Vidadinin qaça bilməməsi üçün qapını içəridən açarla bağlayıb: “Bundan sonra Rasim bu evdə qız və oğlan uşaqlarını zorladığını bildirdi və mənimlə də cinsi əlaqədə olmaq istədiyini, əlindən qaça bilməyəcəyimi söylədi. Rasimin əxlaqsız hərəkətlərindən əsəbiləşdim”.

Vidadi Məmmədov ifadəsində qeyd edib ki, Rasim Musayevi təpiklə vursa da, ona nalayiq söyüşlər söyməkdə davam edib. Onun sözlərinə görə, Rasimin bu hərəkətlərindən daha da əsəbiləşib və yaxınlıqdakı dolabın üstündən bıçağı götürərək Rasimə tərəf gedib: “Rasim əlini qabağa uzatdı və mənə müqavimət göstərmək istədi. Bir əlim ilə onun əlini tutdum, digər əlimdəki bıçaqla onun boyun nahiyəsinə bir dəfə vurdum. Bu zaman Rasimin boynundan qan axdığını görüb geri çəkildim. Rasim boynunu əli ilə tutdu və xırıldaya-xırıldaya anamın ünvanına nalayiq söyüşlər söydü. Onun bu hərəkəti məni daha da əsəbiləşdirdi. Rasimə yaxınlaşaraq ikinci dəfə boyun nahiyəsinə, bir dəfə də bədəninə bıçaq zərbəsi vurdum. Əsəbi olduğum üçün Rasimə neçə dəfə xəsarət yetirdiyimi xatırlamıram. Sonra Rasimin ayağından tutdum və geri çevirərək cinsiyyət orqanını kəsdim. Rasim yenidən ayağa qalxaraq üstümə gələn zaman ayağım ilə onu itələdim. Sonra otaqdakı telefon xəttini kəsdim ki, Rasim heç kimə zəng edib, xəbər verə bilməsin. Daha sonra bıçaqdakı qanı təmizlədim. Bıçağı cibimə qoydum və evi tərk etdim. Həyətdən çıxdıqdan sonra çöl qapısını arxadan açarla bağladım, açarı yoldan həyətə atdım, icra hakimiyyətinin yaxınlığına gəldim. Oradakı oturacaqlardan birində təxminən 30 dəqiqə oturdum. Həmin vaxt törətdiyim əməlin düzgün olmadığını və Rasimin aldığı xəsarətlərdən ölə biləcəyini fikirləşdim. Hadisə barədə polisə məlumat verib, könüllü təslim olmaq üçün polis şöbəsinin yerləşdiyi istiqamətə doğru qaçmağa başladım. Yolda post patrul xidmətinin avtomobilinin gəldiyini gördüm. Həmin avtomobili saxlatdım və törətdiyim hadisə barədə onlara məlumat verdim. Polis əməkdaşları hadisə baş verdiyi ünvanı soruşdu. Mən də polis əməkdaşları ilə birlikdə Rasimin evinə getdim”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Rasim Musayev isə bildirib ki, yanvarın 20-də, sааt 23 rаdələrində B.Vаhаbzаdə meydаnına gəlib: “Meydandakı oturacaqlardan birində əyləşdim. Özüm ilə gətirdiyim bir şüşə аrаğı tək içdim. Daha sonra “9 mərtəbə” аdlаnаn istiqаmətə getdim. Yolda kiminləsə raslaşdım və ona söyüş söydüm. Bundan sonra həmin şəxslə birlikdə öz evinə getdim, evdə həmin şəxsə söyüş söydüm. Həmin şəxs məni təpiklə vuraraq yerə yıxdı. Məni yerə yıxandan sonra boynuma və böyrümə bıçaqla zərbələr vurdu. Bundan sonra nə baş verdiyini xatırlamıram”.

Kişilyindən məhrum olduğunu deyən zərərçəkmiş ifadəsində göstərib ki, hadisə zamanı sərxoş olub: “Ola bilsin ki, həmin vaxt Vidadiyə qarşı səhv hərəkətlər etmişəm. Lakin Vidadi mənim o vəziyyətdə olmağımdan istifadə edib. Vidadi mənə bu xəsarətləri yetirməli deyildi. Təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı tələbim, şikayətim yoxdur”.

Bu dəhşətli cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Vidadi Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən Vidadi Məmmədov narazı qalıb və apelyasiya şikayəti verib. O, yuxarı instansiya məhkəməsindən daha yüngül cəzanın verilməsini xahiş edib.

Şəki Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişldirilib. Yeni hökmə əsasən Vidadi Məmmədovun cəzasından 1 il 6 ay çıxılıb və 6 il müddətinə azadlıqdan məhrum edilib.