BolgeXeber.Com » Bölgə » Sabirabadda yeni etirazlar gözlənilir

Sabirabadda yeni etirazlar gözlənilir

10-03-2011, 22:55
Oxunub: 6 136

Ötən il baş vermiş Kür daşqınlarının fəsadları aradan qaldırılmayıb və 1000 hektarlarla ərazi hələ də su altındadır .

Azərbaycanda fəaliyyət göstərən bir sıra Qeyri- Hökümət Təşkilatlarını və media qurumlarını özündə birləşdirən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı monitorinq- araşdırmalar nəticəsində məlum olub ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınları nəticəsində İmişlinin Telişli və Allahmədətli, Sabirabadın Qasımbəyli, Əsgərbəyli, Axtaçı, eləcə də Saatlı rayonun Dəllər, Novruzlu kəndlərinə məxsus 1000 hektarlarla ərazi hazırda hələ də sel və qrunt sularının təsiri altındadır.

Bildiyiniz kimi torpaq uzun müddət su altında qaldıqca həm öz kefyiyyətini itirir, həm də ondan əkin- biçin üçün istifadə etmək imkanları məhdudlaşır. Təəssüf ki, ötən müddət ərzində sözü gedən su basmış ərazilər uzun müddət sel sularının təsiri altında qalmaqla təbiətə böyük ziyan vurulmuş, bu torpaqların sahibi olan insanlar isə onu əkib- becərə bilmədiklərinə görə maddi və mənəvi itki ilə üzləşiblər. Digər təəssüf doğuran haldır ki, dəyən ziyana görə bu günə qədər torpaq sahiblərinə ədalətli kompnesasiya ödənilməyib. Bu isə əsas məşğuliyyəti və gəlir mənbəyi torpaq olan kəndlinin durumuna mənfi təsir göstərməklə əlavə problemlər yaradır.

Halbuki, Kür daşqınları nəticəsində su basmış ərazilərdən sel sularının tez bir zamanda kənarlaşdırılması ilə əlaqədar Nazirlər Kabinetinin (NK) 09 iyul 2010- cu il 197 c saylı sərəncamında müvafiq dövlət qurumlarına bu işlərin görülməsi üçün konkret göstəriş verilib. Dövlət büdcəsindən bu istiqamətdə vəsait ayrılıb. Nazirlər Kabinetinin qeyd olunan sərəncamında deyilir; “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Sabirabad, Saatlı, İmişli, Zərdab, Hacıqabul və Salyan rayon icra hakimiyyətləri ilə birlikdə su basmış ərazilərdən suyun qısa müddət ərzində kənarlaşdırılması üçün aparılan işlərin qısa müddət ərzində başa çatdırılmasını təmin etsinlər” (maddə 3). Amma təəssüf ki, sel sularının həmin əraziyə daxil olmasından və NK- nin məlum sərəncamından 9 ay keçsə də hələ də ərazilər sel və qrunt sularından azad edilməyib ki, bu da həm təbiətə, flora və faunaya, həm də torpağı əkib- becərən insanların durumuna çox böyük mənfi təsir göstərməkdədir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bütün bu sadalananlarla bağlı Fövqaladə Hallar naziri Kamaləddin Heydərova, Meliorasiya və Su təsərrüfatı ASC- nin sədri Əhməd Əhmədzadəyə və Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova müraciət ünvanlayıb. Təşkilat adı çəkilən şəxsləri sözügedən ərazilərdən sel və qrunt sularının tez bir zamanda çəkilməsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırmaqla yanaşı, eyni zamanda ötən müddət ərzində bu işlərin görülməməsi səbəbinə də aydınlıq gətirilməsini istəyib.