BolgeXeber.Com » Bölgə » Göygölün icra başçısından Ilham Əliyevə şikayət edildi

Göygölün icra başçısından Ilham Əliyevə şikayət edildi

19-02-2013, 13:25
Oxunub: 5 611 “Icra başçısı Arif Seyidov əvvəlcə məni təhqir elədi sonra da adamlarına dedi ki, bunu atın bayıra”. Bu sözləri “Azadlıq”a Göygölün icra başçısı Arif Seyidovun qoçuları tərəfindən döyülən rayon sakini Toğrul Ismayılov deyib. O, bildirib ki, hadisə fevralın 15-i icra başçısının rayon sakinləri ilə görüşü zamanı baş verib:
“Mən rayonda ferma almışam və orada quşçuluqla məşğul olmaq istəyirəm. Bu baxımdan fermada yenidənqurma işləri aparırıq. Tikilinin sənədi olsa da, ərazi üçün də sənəd almalıyam. Bunu bələdiyyə verməlidir. Lakin uzun müddətdir ki, mən bu sənədi ala bilmirəm. Bir neçə dəfə icra başçısının da qəbulunda olmuşam, nəticəsi olmayıb. Ölkə başçısı Ilham Əliyevin son müşavirəsindən sonra düşündüm ki, bəlkə insafa gəlib sənədi verərlər. Ona görə də Arif Seyidovun rayon sakinlərilə görüşündə bu məsələni onun diqqətinə çatdırdım. Amma icra başçısı ”sən qanmazsan" deyib məni təhqir elədi, sonra da adamlarına dedi ki, bu qanmazı atın bayıra. Qəbul şöbəsinin müdiri dərhal üstümə şığıdı və ürəyimin üstünə yumruq zərbəsi endirdi, sonra da məni çölə itələdi. Mən müvazinətimi saxlaya bilməyib yıxıldım. Ayağa duranda isə Arif Seyidovun Şamo adlı qaynı boynumun ardına yumruq zərbəsi endirdi, sonra isə məni təpikləməyə başladı. Mən gördüm ki, bunların niyyəti məni ölümcül döyməkdi qaçdım".
Toğrul Ismayılovun sözlərinə görə, o dərhal rayon prokurorluğuna gəlib: “Orada baş verənləri danışdım. Bir qədər sonra elə oradaca halım pisləşdi. Təcili yardım çağırdılar. Məni rayon xəstəxənasına apardılar. Bəlli oldu ki, infarkt keçirmişəm”.
Sahibkar deyib ki, məsələ ilə bağlı ölkə başçısına və MTN-ə müraciət edib: “Mən bu məsələni belə qoymayacağam. Arif Seyidov bu əmələrinə görə cavab verməlidir. Mən rayon prokurorluğundan tələb etmişəm ki, icra başçısının bu əməli ilə bağlı cinayət işi başlasın”.
Azad