BolgeXeber.Com » Bölgə » “Gəncə xanı”nın prezidentə qarşı ikinci demarşı

“Gəncə xanı”nın prezidentə qarşı ikinci demarşı

25-02-2013, 08:30
Oxunub: 5 556 12 fevral müşavirəsindəki tənqidlərin ona yönəlmədiyi barədə “zəhmətkeş məktubu” yazdıran icra başçısı ABŞ səfirinin səfərindən cəmi bir gün sonra hakimiyyətin imicinə zərbə vuran addım atdı; bölgənin tanınmış siyasi lideri Cahangir Əmirxanlı “Yeni Müsavat”da getmiş məqaləsinə görə təqib olunur
lkənin ikinci şəhəri, sosial problemlərin, yerli hakimiyyətdən narazılıqların “aşıb-daşdığı” Gəncədə dünən mərkəzi hakimiyyətin beynəlxalq imicini daha da korlaya biləcək hadisə baş verib. Bölgənin tanınmış müxalif fəallarından olan Cahangir Əmirxanlı “Yeni Müsavat”da dərc olunan və şəhərdəki sosial problemlərdən bəhs edən tənqidi yazısına görə polisə çağırılıb.
Şübhə yoxdur ki, müxalif fəala qarşı müəllifi olduğu yazıya görə təqiblərin başlaması birbaşa şəhər icra hakimiyyətinin rəhbəri, prezident İlham Əliyevin məlum 12 fevral müşavirəsindən sonra adı bir neçə gün ölkə mətbuatından düşməyən Elmar Vəliyevin göstərişi əsasında baş verir. Sosial-iqtisadi problemlərdən bəhs edən tənqidi yazıya görə müəllifin polisə çağırılaraq sıxışdırılması hətta Azərbaycan kimi insan haqları, söz azadlığı sahəsində vəziyyətin pis olduğu ölkə üçün qeyri-adi haldır. Bu xarakterli xəbərləri indiyədək əsasən Naxçıvandan eşitmək mümkün idi. Ancaq belə görünür ki, “Naxçıvan xanı”nın üsul-idarəsi “Gəncə xanı” tərəfindən də uğurla mənimsənilməkdədir.
Şübhə yoxdur ki, bu fakt Azərbaycan hakimiyyəti tərəfindən söz və ifadə azadlığına qarşı birbaşa hücum kimi beynəlxalq hesabatlara daxil ediləcək. Eyni zamanda müxalif fəala qarşı yazısına görə təqiblərin başlaması ABŞ səfiri Riçard Morninqstarın Gəncəyə səfərindən cəmi bir gün sonraya təsadüf edib. Dünən iş günü olmadığından ABŞ səfirliyindən bu insidentlə bağlı reaksiya öyrənə bilmədik. Lakin səfirliyə yaxın qeyri-rəsmi kanallar vasitəsilə öyrəndik ki, Birləşmiş Ştatların diplomatik missiyası faktı qeydə alıb və onu araşdıracaq.
Qeyd edək ki, Gəncənin icra hakimiyyəti başçısı prezident İlham Əliyevin məmurları özbaşınalıqlara, əhalinin problemlərinə məhəl qoymamağa, qudurğanlığa, uşaqlarına dəbdəbəli toy məclisləri, özlərinə təmtəraqlı ad günləri təşkil etməyə, sahibkarları sıxışdırmağa və digər əməllərə görə kəskin tənqid etdiyi müşavirənin əsas personajlarından biri olub. Həmin müşavirənin qapalı hissəsində dövlət başçısının E.Vəliyevi və bəzi digər məmurları kəskin tənbeh etdiyi, nəticədə Gəncənin icra başçısının ürək tutması keçirərək yıxıldığı haqda ölkə mətbuatı yazıb. Təsadüfən E.Vəliyevin oğlunun toyu həmin müşavirədən 3 gün sonraya təyin edilmişdi. Nəticədə o, əvvəlcədən kifayət qədər dəbdəbəli hazırlanan məclisin proqramını kəskin ixtisar edərək “komsomol toyu” keçirməli oldu.
Ardınca Gəncədən “bir qrup ziyalı, professor, müəllim” adından mətbuata E.Vəliyevi müdafiə edən müraciət göndərildi. Həmin müraciətdə deyilirdi ki, prezident İlham Əliyevin müşavirədəki tənqidlərinin E.Vəliyevə “heç bir dəxli yoxdur”...
Bu, kifayət qədər iddialı, mərkəzi hakimiyyətin kursuna zidd və hətta prezidentə qarşı demarş sayıla biləcək davranış idi. Necə ola bilərdi ki, ölkənin başçısı bütün hakimiyyət komandasına ünvanlanmış tənqidi çıxış etsin, lakin sosial narazılığın ən çox yayıldığı şəhərlərdən birinin başçısı “bu tənqidlərin ona dəxli olmadığı haqda” məktub yazdırsın?
Bunun ardınca Gəncədə E.Vəliyevi tənqid edən və şəhərdəki problemlərdən bəhs edən məqaləsinə görə müəllifi polislə təqib etdirmək mərkəzi hakimiyyətə qarşı növbəti demarşdır. Çünki heç mərkəzi hakimiyyət özü bu cür birbaşa təzyiq metodlarını seçmir, ən azından tənqidi yazıya görə müəllif Bakıda ertəsi gün polisə çağırılmır. Digər tərəfdən, E.Vəliyev bu addımla özünün tənqidolunmaz statusunu formalaşdırır və mərkəzi hakimiyyətin təmsilçilərinin ölkədəki problemlər barədə tənqidi tonda danışmağa başladığı indiki vaxtda siyasi kursa qarşı gedir. Doğrudanmı Naxçıvandan sonra Azərbaycanda Türkmənistanı və Şimali Koreyanı xatırladan ikinci anklav yaranmaqdadır?