BolgeXeber.Com » Bölgə » Göyçayda qarşıdurma olub

Göyçayda qarşıdurma olub

2-03-2013, 19:35
Oxunub: 6 724 Fevralın 28-də Qazaxdakı N saylı hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişən (rəsmi məlumata görə intihar edən) əsgər Seymur Allahverdiyevin nəşi bu gün yaşadığı Göyçay rayon Kürdəmiş kəndində torpağa tapışırılmalıdır.

Mərhumun valideynləri Rusiyada olduqlarından və ölüm xəbərini alandan sonra Azərbaycana yollandıqlarından dəfn mərasimi martın 1-də olmayıb, bu günə saxlanıb.

Göyçay polisi isə əsgər ölümü ilə bağlı bu gün Kürdəmiş kəndinə yollanan ictimaiyyət nümayəndələrini və jurnalistləri kəndə buraxmır. Kəndə buraxılmayanlardan biri də “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekodur. Onun “azadliq.info”ya verdiyi məlumata görə, mərhumun yaxınlarına mənəvi dəstəklərini bildirmək və başsağlığı vermək üçün hüquq müdafiəçiləri Vidadi İsgəndərli, Taleh Xasməmmədov və yazıçı Emin Milli bir neçə jurnalistlə birlikdə kəndə getmək istəyir, lakin polislər onların qarşısını kəndin girişində kəsib, buraxmayıb. Jurnalistlərə də kəndə getməyə icazə verilməyib.

Polislər hərəkətlərini belə əsaslandırıblar ki, mərhumun yaxınları ziyarətçilərlə görüşmək istəmirlər. Belə olduqda jurnalistlər mərhumun yaxınları ilə telefon əlaqsəi saxlayıb və polislərin yalan dedikləri üzə çıxıb. Amma polislər kəndə getmək istəyənlərin qarşısını kəsməkdə davam edib. Az sonra hadisə yerinə mərhumun qohumları gəlib, ziyarətçilərin kəndə buraxılmasını istəyib, amma polislər yenə icazə verməyib.

Bundan sonra polislərin hərəkəti barədə mərhumun atası Mürvət Allahverdiyevə məlumat verilib və o, hadisə yerinə gəlib. Lakin bununda faydası olmayıb. Polislər gedənlərin kəndə buraxılmaması haqda "yuxarının" göstəriş verdiyini bildiriblər, amma konkret instansiya göstərməyiblər. Mərhum əsgərin atası isə bildirib ki, ictimaiyyət nümayəndələri və jurnalistləri evinə dəvət edir, oğlunun meyitinin onların iştirakı ilə təkrar ekspertizadan keçirilməsini istəyir. Əks təqdirdə meyiti dəfn etməyəcəklər. Dəfni bu gün saat 12:00-a təyin olunub.

Əməkdaşımız bildirir ki, gedənlərin kəndə buraxılmaması haqda Göyçayın İcra başçısı Mənsur Məmmədovun göstəriş verdiyi güman olunur. Çünki mərhumun atası onlardan ziyarətçilərin kəndə buraxılmasını tələb etdikdə polislər kimlərləsə telefonla danışıb, sonra isə çarəsiz şəkildə bunun mümkün olmayacağını deyiblər.
Ramin Dekonun verdiyi son xəbərə görə, hazırda yas yerinin adamlarından bir neçəsi maşınlarla kəndin girəcəyinə, ziyarətçiləri qarşılamağa gəlirlər.

Əməkdaşımız Ramin Deko xəbər verir ki, təxminən 40-45 dəqiqəlik qarşıdurma və gərginlikdən sonra ictimaiyyət nümayəndələri və jurnalistlər mərhum əsgərin atası və yaxınları ilə birlikdə kəndə keçə biliblər. Əməkdaşımız deyir ki, onların kəndə buraxılmasına polislər hələ də "yuxarıdan" razılıq ala bilməyibmiş, bununla belə mərhumun atası və yaxınları təkid göstərib, ziyarətçilər onları qarşılamağa gələn maşınlara bir növ zorla əyləşdirilərək kəndə aparılıb. İctimaiyyət nümayəndələri və jurnalistlər hazırda yas yerindədirlər.