BolgeXeber.Com » Bölgə » İsmayıllı sakinləri hələ gözləyiir

İsmayıllı sakinləri hələ gözləyiir

3-03-2013, 09:40
Oxunub: 5 278 Vəkil Nəvaid Abbas: “Camaat qərar verib ki, martın 15-nə qədər gözləsinlər”
Dünən Nəsimi Rayon Məhkəməsi İsmayıllı hadisələrinə görə həbs olunan Vasif İbrahimovun vəkili Nəvaid Abbasın vəsatətinə baxılıb. Hakim Elmar Kərimov vəkilin müvəkkilinin barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatətini təmin etməyib. N.Abbas “Yeni Müsavat”a açıqlamasında vəsatətinin niyə görə təmin olunmamasını səbəbini belə izah edib: “İttiham İdarəsinin, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin razılığı olmadan Azərbaycan məhkəmələri bir qayda olaraq vəsatətləri təmin etmirlər. Belə işlərə nəzarətdə olan iş kimi yanaşırlar”.
Müvəkkilinin durumunun qənaətbəxş olduğunu söyləyən vəkil rayondakı vəziyyətdən də danışıb: “Yeni icra başçısı camaata vəd verib ki, martın 15-nə qədər əsasız tutulanların buraxılması üçün prezidentə müraciət edəcək. Camaat da qərar verib ki, martın 15-nə qədər gözləsin”.
Hazırda İsmayıllıda baş verən olaylara görə 20 nəfər həbsdədir. Onlardan 16 nəfəri rayon sakinləridir. Digər tutulanlar isə Müsavat başqanın müavini Tofiq Yaqublu, “Real” sədri İlqar Məmmədov, “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovdur.
Qeyd edək ki, T.Yaqublu və İ.Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlarda təqsirləndirilirlər. Onların barəsində 2 aylıq həbs qətimkan tədbiri fevralın 4-də Nəsimi Rayon Məhkəməsi seçib. Onlar CM-in 233 və 315.2-ci maddələri ilə ittiham olunurlar.
İsmayıllı hadisələrinə səbəb olan məmur balaları isə hələ də cəzasız qalıb. İsmayıllının icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov, icra başçısının bacısı oğlu Emin Şəmsəddinov, həmçinin nazir Füzuli Ələkbərovun oğlu Vüsal Ələkbərov indiyədək istintaqa çağırılmayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu şəxslərin nə səbəbdən indiyədək istintaqa çağırılmamasına aydınlıq gətirməyib. “İsmayıllı hadisələrinə görə tutulanlardan nigaran qalmayın. Hər kəs törətdiyi cinayətə görə cəzasını alacaq” - deyə, E.Sultanov bildirib.