BolgeXeber.Com » Bölgə » Daha bir rayonun icra başçısı yola salınır

Daha bir rayonun icra başçısı yola salınır

4-03-2013, 10:15
Oxunub: 6 439 Prezident seçkilərinə qədər bir sıra rayon icra hakimiyyəti başçılarının vəzifələrindən alınacağı barədə xəbərləri diqqətinizə çatdırmışdıq. dia.az-a etibarlı mənbələrin verdiyi məlumatdan aydın olur ki, bu həftə içində, ən geci gələn həftəyə qədər Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov tutduğu vəzifəsindən azad ediləcək.

Məlumatı verən mənbəmiz bildirir ki, 2005-ci ildən etibarən görəv başında olan Nazim Veysov əslində hakimiyyəti qane edən tək-tük icra başçılarından biri kimi diqqətə gəlməkdədir. Yəni onun fəaliyyəti dövründə Şəmkir rayonunda daxili etirazlar nisbətən səngiyib. Halbuki Nazim Veysova qədər Şəmkirə rəhbərlik edən, hazırda kənd təsərrüfatı nazirinin müavini postunu tutan Aslan Aslanovun dönəmində bu rayon az qala «qaynar narazılıq nöqtələrindən» birini xatırlatmaqda idi.

Mənbəmiz bildirir ki, məhz bu səbəbdən Nazim Veysovun başqa bir vəzifəyə keçiriləcəyi də gözlənilir. Onu da bildirək ki, Şəmkir rayonuna hələlik kimin təyin ediləcəyi haqda dəqiq bilgilər olmasa da, bir neçə şanslının indidən hərəkət keçdiyi söylənilir.

Xatırladaq ki, Veysov Nazim Veys oğlu, 10 avqust 1950- ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.
1974-cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakultəsini bitirib.
Noyabr 1974 - avqust 1983-cü illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda baş mühəndis işləyib.
Mart 1979 - cu ildə Sov. İKP sıralarına daxil olub.
Oktyabr 1983 - avqust 1986-cı illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib.
İyul 1987 - fevral 1990-cı illərdə Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib.
1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirb.
Iyun 1993 - cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mart 1992 - aprel 1999-cu illərdə Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib.
Aprel 1999 - oktyabr 1999-cu illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının müavini işləyib.
Oktyabr 1999 - mart 2003-cü illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının birinci müavini işləyib.
Sentyabr 1999 -mart 2003 -cü illərdə Yeni Azərbaycan Partiyasının Xanlar Rayon təşkilatının sədri olub.
Mart 2003 - cü ildən aprel 2005 - ci ilədək Gədəbəy Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.
Aprel 2005 - ci ildən Şəmkir rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir. Üç övladı var.