BolgeXeber.Com » Bölgə » Uşaq bağçasının müdiri həbs olundu

Uşaq bağçasının müdiri həbs olundu

6-03-2013, 12:55
Oxunub: 5 383 Baş prokurorluğdan bolgexeber.com-a verilən məlumata görə Xırdalan şəhər 17 saylı uşaq bağcasının direktorunun qanunsuz hərəkətləri barədə şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.
Müəyyən edilmişdir ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb etmiş, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabr ayında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi almışdır.
L.Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır.
Baxış zamanı L.Əmirovanın üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1.494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
L.Əmirova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com