BolgeXeber.Com » Bölgə » Səbayelin icra başçısı ilə bağlı ilginc plan

Səbayelin icra başçısı ilə bağlı ilginc plan

11-03-2013, 16:05
Oxunub: 6 841 Redaksiyamıza Səbayel rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla bağlı ilginc faktlar daxil olub. Bildirək ki, bu günlərdə yerli mətbuatda erməni qohumluğu olan məmurlar sırasında onun da adı hallandırıldı. Amma nədənsə qəzet və xəbər portallarında yer alan ayrı-ayrı informasiyalara xüsusi həssaslıq nümayiş etdirən Səbayel icra hakimiyyəti başçı ilə bağlı səslənən bu fikirlərə yalnız susmaqla yetindi.

dia.az-a daxil olan məlumatlardan isə aydın olur ki, siyasətə idmandan transfer olunan Asif Əsgərov da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədaqətli kadrlarındandır və onun şəbəkəsinə aiddir. Mənbəmiz iddia edir ki, hətta Asif Əsgərovu Ramiz Mehdiyev daha da irəli çəkmək, PA-da rəhbər vəzifəyə gətirmək barədə planlara malik olub. Onu da bildirək ki, yerli KİV-də Asif Əsgərovun uzaqdan uzağa Mehdiyevin qohumu olması da yer alıb.

Mənbəmiz onu da bildirib ki, Ramiz Mehdiyevin son olaylar zamanı mövqelərinin laxlaması Asif Əsgərovla bağlı planların gündəmdən çıxması ilə yanaşı, Səbayel şefinin hədəfə çevrilməsilə də nəticələnib: «Artıq Asif Əsgərov hakimiyyət olimpində irəliləməyii yox, mövqelərini qoruyub saxlamağı, həm də «batan gəminin» digər məskunları kimi ayaqda qalmağı başlıca hədəf kimi seçib».

Bildirək ki, Asif Əsgərov 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2009-cu illərdə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir.
Ailəlidir, 2 övladı var.