BolgeXeber.Com » Bölgə » Ağdaş təhsili "korrupsiya bataqlığın"dadır?

Ağdaş təhsili "korrupsiya bataqlığın"dadır?

15-03-2013, 09:45
Oxunub: 6 126 Şöbə müdiri Lütvi Paşayev təmir adı ilə dövlət büdcəsindən alınan vəsaitləri necə talayır?
Ağdaş rayon təhsil şöbəsinin müdiri Lütvi Paşayevin təmir adı ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması barədə "AzeriNews.org"a ilginc məlumatlar daxil olub. Məlumatlara görə, rayonun 68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyət göstərdiyi, 2330 müəllimin çalışdığı rayonda təhsil sistemi gündən-günə iflasa uğrayır. Bu barədə mənbə bildirir ki, Ağdaşda təhsilin acınacaqlı vəziyyətə düşməsinin bir nömrəli səbəbkarı RTŞ-nin müdiri Lütvi Paşayevdir: "Təhsil sistemi dövrün tələblərinə uyğun qurulmadığı üçün uğurlardan söhbət gedə bilməz. Ali məktəblərə qəbul zamanı gənclər nailiyyət qazana bilmirlər. Məktəblərdə normal dərs keçilmədiyi üçün şagirdlər repititor yanına gedirlər. Dövlət müəllimlərə, direktorlara və şöbə müdirinə hər ay maaş verir. Onların borcudur ki, uşaqlarımıza təmənnasız təlim-tərbiyə versinlər. Hər ay bəzi bəhanələrlə şagirdlərdən pul yığırlar. Buna kim icazə verir? Təmir adı ilə dövlət büdcəsindən alınan vəsaitlər isə kimlərinsə cibinə gedir. Məsələn, 2011-2012-ci dərs ilinə hazırlıqla əlaqədar məktəblərin əsaslı və cari təmiri üçün yerli büdcədən 35 min 200 manat ayrılmışdı. Bu vəsait hesabına Şeyxzadə adına gimnaziya, 7 saylı şəhər, Qəsil kənd tam orta, Zeynəddin kənd ümumi orta, Aşağı Qəsil kənd ibtidai məktəblərində əsaslı təmir işləri görülməli idi. Yoxlama aparılsa, ayrılan vəsaitin yarıdan çoxunun mənimsənildiyi üzə çıxar".
Bundan əlavə mənbə qeyd edir ki, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün rayonun yerli büdcəsindən ötən illər kifayət qədər vəsait ayrılsa da, elə ciddi işlər görülməyib: "Hər il dövlət büdcəsindən inventar və avadanlıq alınması üçün maliyyə yardımları olunur. Əvvəlki tədris ilində də məktəblərin inventar və avadanlığa olan təminatını ödəmək üçün yerli büdcədən 70 min manat vəsait ayrıldı. Guya bu məbləğlə rayonun ümumtəhsil məktəblərində 421 ədəd kompyuter alındı, 15 məktəb internetə qoşuldu. Əslində belə şey yoxdur. Təhsil şöbəsinin vəzifəli şəxsləri, başda şöbə müdiri olmaqla qanunsuz işlərə imza atırlar. Bizim tələbimiz odur ki, uşaqlarımız elmə-biliyə yiyələnsinlər. Direktor və müəllim heyəti şagirdlərin təhsili ilə maraqlanmır". Daha sonra mənbə bildirir ki, rayondakı bəzi məktəblərdə "ölü can"lar var: "Bəzi müəllimlərin adı məktəblərdə getsə də, özləri işə çıxmır. Buna baxmayaraq, onlara hər ay əməkhaqqı verilir. Bir neçə müəllimin ali təhsili yoxdur, sadəcə peşə məktəbini bitiriblər. Bu faktları araşdırmaq lazımdır". Maliyyə Nazirliyi, Hesablama Palatası və digər aidiyyəti qurumlardan xahiş edirik ki, Ağdaş RTŞ-nin son beş illik fəaliyyətini araşdırsınlar. Hesab edirik ki, yoxlama aparılsa, şöbə müdirinin həyata keçirdiyi qanundan kənar işlərinin üstü açıla bilər.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.