BolgeXeber.Com » Bölgə » Dövlət qəzeti İsmət Abbasovu “vurdu”

Dövlət qəzeti İsmət Abbasovu “vurdu”

18-03-2013, 17:10
Oxunub: 5 426 Rəsmi dövlət qəzeti “Azərbaycan” kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ilə tənqidi material dərc edib.
“Bazara çevrilən yarmarkalar” başlıqlı materialda yarmarkalara möhtəkirlərin, alverçilərin ayaq açdığı, sahibkarların incidildiyi, yarmakalarda antisanitariyanın baş alıb getdiyi vurğulanır. “Ondan başlayaq ki, istehsalçılarla yanaşı, bazar möhtəkirlərinin də bu yarmarkalara ayaq açdığı bəllidir. Bunu daha dəqiq öyrənmək üçün Bakıda təşkil olunan bir neçə kənd təsərrüfatı yarmarkasında olduq. Məhsulun sahibkar, ya ”alverçi" tərəfindən yarmarkaya çıxarıldığını öyrənməyə çalışdıq. Bundan başqa, onların yarmarkalarda necə yerləşdirilməsi və məhsulların hansı şəraitdə saxlanılması ilə də maraqlandıq. Bir sıra neqativ hallarla yanaşı, yarmarkalardakı antisanitar vəziyyətlər də diqqətimizi çəkdi",- deyə yazıda bildirilir. Qəzet xüsusilə Nəsimi rayonunda təşkil edilən yarmarkanı tənqid atəşinə tutub: “Baş çəkdiyimiz digər ünvan Nəsimi rayonunda və Əhmədli qəsəbəsində təşkil olunan ”Kəndli yarmarkası"dır. Buraya tamamilə yarmarka demək düzgün olmazdı. Çünki bazarın adı yarmarka olsa da, həftənin bütün günləri fəaliyyət göstərir. Yəni satıcıların tam əksəriyyəti daimi yerləri və piştaxtaları olan “alverçi”lərdir. Bununla belə, həftə sonları rayonlardan məhsul gətirənlər də ya bazarın içərisində, ya da ətrafda yerləşdirilir. Yarmarka nəzarətçisinin dediyinə görə, hər bir satıcıdan gündəlik olaraq 4 manat yer haqqı alınır.
Paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində, “Bakı” kinoteatrının yaxınlığında təşkil olunan yarmarka isə sözün əsl mənasında “bazar”dır. Buradakı satıcıların bir neçəsi yerli icra hakimiyyətinin verdiyi faksla gəldiyini desə də, çoxunun bundan heç xəbəri də yox idi. Onlardan birinin işlətdiyi ifadəyə diqqət yetirək: “Qardaş, pulun varsa, malı götür gəl, faks-maks lazım deyil”.
Satıcıların yarmarkaya hansı formada yerləşdirildiyini də elə onların özündən öyrəndik. Deməli, əgər iritutumlu avtomobillə məhsul gətirmisənsə, 15 -20 manat, minik avtomobili ilə gətirmisənsə, 10-15 manat yer haqqı ödəyirsən. Bunu və digər məsələləri daha da dəqiləşdirmək üçün yarmarka nəzarətçisini axtardıq, gördüm deyən olmasa da, bildirdilər ki, onlar əsasən cümə günü axşam, pul yığımı vaxtı burada olurlar".
Məlumat üçün deyək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını Kənd Təsərrüfatı Nazirliyi təşkil edir. Deməli, bu tənqidlərdə kənd təsərrüfatı naziri Ismət Abbasovun xüsusi payı var.