BolgeXeber.Com » Bölgə » Sahibkarlar Astara gömrüyündən dad edir

Sahibkarlar Astara gömrüyündən dad edir

18-03-2013, 18:10
Oxunub: 5 683 Astara gömrük-keçid məntəqəsində özbaşınalıq pik nöqtəsinə çatıb. Xırda ticarətlə məşğul olan Astara və ətraf rayonların sakinləri sözün həqiqi mənasında gömrük məmurlarının rüşvət ehtiraslarının qurbanına çevrilir. Bu barədə “Yeni Müsavat”a kiçik sahibkarlardan biri məlumat verib.
Sahibkarın sözlərinə görə, Astara gömrük məntəqəsində heç bir qanuna və məntiqə sığmayan qaydalar tətbiq edilir: “Məsələn, İrandan gətirilən ərzaq məhsullarına qeyri-rəsmi qadağa qoyulub. Qadağanı pozmaq istəyənlərin malları heç bir izahat verilmədən müsadirə edilir. Ərzaq məsullarının idxalı monopoliyada olduğundan belə malların gətirilməsi yasaqlanıb”.
Mənbə bildirir ki, gömrükdəki qanunsuzluqlardan təkcə iş adamları yox, həm də sadə insanlar əziyyət çəkir: “İranda qiymətlər ucuz olduğundan Astara sakinlərinin bir hissəsi bazarlıq üçün qonşu ölkəyə gedir. Ancaq gömrük məmurları bunun da qarşısını alır. Onların aldığı toyuq əti, yağ, düyü, xurma ”müsadirə" edilir, müqavimət göstərənlər isə təhqir və zorakılığa məruz qalırlar. Mallar müsadirə olunarkən çox primitiv bəhanələrə əl atırlar. Məsələn, toyuqlar “quş qripi” adı ilə müsadirə edilir. Ancaq İrandan gətirilən toyuqlarda “quş qripi” virusu təhlükəsinin olması ilə bağlı heç rəsmi xəbərdarlıq yoxdur".Mənbə Astara gömrüyündəki qanunsuzluqların bəzi detallarını da açıqlayır: “Ölkəyə daşınan yüklərin rəsmiləşdirilməsində çox ciddi maxinasiyalar var. Məsələn, idxal yüklərin cəmi 25-30 faizi sənədləşdirilir. TİR yük avtomobillərinin tutumu 26 tondur. Adətən TİR-lər tam yüklənmiş halda gömrük sərhədlərinə daxil olur. Ancaq gömrük məmurları sürücülərdən 26 tonun rüsumunu alır, əvəzində isə sənədləşmədə cəmi 5-6 ton yükün daxil olduğu göstərilir. Və yaxud İrandan meyvə-tərəvəz məhsulları gətirildikdə həmin malları başqa dövlətin məhsulu kimi sənədləşdirilər. Sənədləşdirmədə həmin malların Çindən gətirildiyini qeyd edirlər. Bu ona görə edilir ki, tələb edilən gömrük rüsumu az olsun və daha çox ”şapka" alsınlar".
Mənbə onu da bildirir ki, gömrük işçilərinin vətəndaşlarla davranışı da dözülməz həddədir: “Vətəndaşlara qarşı hörmətsizlik gömrük məmurlarının həyat tərzinə çevrilib. İş o yerə çatıb ki, rüşvəti də açıq şəkildə alırlar. Vətəndaşlar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edəcəklərini bildirəndə, onları ələ salır, gülürlər. İranın gömrük sərhədində tam fərqli bir vəziyyətdir, orada gömrük məmurları vətəndaşlarla, o cümlədən də azərbaycanlılarla çox normal davranırlar. Elə ki, sərhədi adlayıb Azərbaycana daxil olursan, buradakı qanunsuzluqlardan dəhşətə gəlirsən”. Mənbə sərhəddəki mənzərəni belə təsəvvür edir: “Sərhəd-buraxılış məntəqəsində bir qayda olaraq nəhəng növbələr olur. Yoxlamadan keçmək üçün ən azı 4-5 saat gözləmək lazım gəlir. Qışın şaxtasında, yayın istisində, yağmurlu havada bu növbə əsl cəhənnəm əzabını xatırladır. Xüsusi ilə də nəzərə alsaq ki, insanların bir çoxu İrana müalicəyə gedir, bunun nə demək olduğunu təsəvvür etmək olmaz. Səbəb isə sənədləri yoxlamaq üçün cəmi 1 nəfərin ayrılmasıdır. Hər halda biz keçəndə 1 nəfərin yoxladığını gördük. Daha çox adam ayrılsa (xüsusən də insanların daha çox getdiyi günlərdə), vətəndaşlar bu qədər əziyyət çəkməzlər. Məntəqədə bərbad şərait var. İnsanların su içməsi, qida qəbul etməsi, təbii ehtiyaclarını ödəməsi problemdir”.
Mənbənin sözlərinə görə, Astara sərhəd məntəqəsində vətəndaşlara qarşı ən təhqiramiz məqam onların qəfəsə salınmasıdır: “Pasport yoxlanılarkən vətəndaşları 10-15 nəfər olmaqla dar bir qəfəsə salırlar. Belə təhqiramiz vəziyyət ölkənin başqa sərhəd məntəqələrində, o cümlədən də Biləsuvar gömrük-məntəqəsində mövcud deyil”.
Məsələ ilə bağlı Astara gömrük-keçid məntəqəsinin mövqeyini də öyrənmək istədik. Ancaq davamlı cəhdlərimizə baxmayaraq qarşı tərəfin münasibətini öyrənə bilmədik. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İqtisadiyyat şöbəsi