BolgeXeber.Com » Bölgə » Ağdamlılar Bəxtiyar Sadıqovun üzünə həsrətdirlər

Ağdamlılar Bəxtiyar Sadıqovun üzünə həsrətdirlər

5-04-2013, 11:05
Oxunub: 4 960 Ağdamda narazılıq tüğyan edir, Nizami Sadıqov problemlərə məhəl qoymur

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair son müşavirəsində yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə və məmulara qarşı sərt ifadələri hüquqsuzluqdan əziyyət çəkərək, taleləri ilə barışan əksər vətəndaşların ruhlanmasına səbəb oldu. Təsadüfi deyil ki, prezidentin çıxışından sonra bir sıra rayonlarda icra başçılarının idarəçiliyinə, qanunsuzluqlarına qarşı kütləvi çıxışlar oldu. Artıq insanlar ötən illərlə müqayisədə öz hüquqlarını tələb etməyə başlayıblar.

Ağdam rayonundan olan bir qrup sakinin müraciəti əsasında, “Bizim Yol” əməkdaşı isə, düşmənlə üz-üzə dayanan bu rayona yollanıb. Uzun illər sabiq icra başçısı Həsən Sarıyevin qanunsuz əməllərinə dözən ağdamlılar Nizami Sadıqovun rayona rəhbər gətirilməsindən sonra vəziyyətin dəyişəcəyinə ümid etsələr də, bu baş vermədi. Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır. Sakinlərin sözlərinə görə, onun yanına gələn narazı insanları dinləmək belə istəmir. Şikayətçilərin üstünə qışqıraraq, otağından qovan Nizami Sadıqov hətta rəis sayağı söyüşlərindən də qalmır. Belə ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında Nizami Sadıqov bəzi rayonların rəhbərləri kimi iclaslarını söyüşlərlə idarə edir.

Ağdamda səhiyyə və təhsil işçiləri isə rüşvət və korrupsiyadan şikayətçidirlər. Bizimlə söhbətində orta məktəb müəllimləri tez-tez onlardan pul yığılmasından gileyləndilər. Belə ki, müxtəlif tədbirlər adı altında müəllimlərdən, həkimlərdən 10-20 manat məbləğində pullar yığılır.
Sakinlərin sözlərinə görə, icra başçısı telekanallarda müxtəlif incəsənət yarışmalarına çıxan ağdamlı gənclərə sms göndərilməsi üçün də pul yığdırır. Amma hər dəfə sms adı ilə külli miqdarda vəsait toplanmasına baxmayaraq, yarışamalardan heç bir ağdamlı qalib çıxa bilmir. Sakinlər həmin pulların icra başçısı tərəfindən mənimsənildiyi qənaətindədirlər.

Bizimlə söhbətində rayonun Çəmənli kənd sakini Vüqar Məmmədov deyir ki, Nizami Sadıqov icra başçısı olmasına baxmayaraq, ermənilərlə sərhəd kəndlərdə yaşayan əhalinin durumu ilə maraqlanmır: “Özü oturub, Quzanlıda, amma bu kəndlərə gəlib-getmir ki, camaatın vəziyyəti necədir”.

Ağdamın ermənilərlə sərhəd bölgəsində də vəziyyət dözülməzdir. Demək olar ki, hər gün güllə səslərinə oyanan kənd sakinlərinin gündəlik qayğıları da onları rahat buraxmır. Yeganə dolanışıq mənbələri kiçik sahibkarlıq və soğançılıq olan ağdamlılar neft ölkəsinin vətəndaşı olmalarını çoxdan belə unudublar. Rayonda ünvanlı sosial yardımların verilməsində də korrupsiya halları mövcuddur. Bu məsələ ilə bağlı ayrı-ayrı rayon sakinləri müvafiq dövlət orqanlarına kütləvi şikayətlər göndərsə də, heç bir nəticə yoxdur.

Ağdam kəndlilərini narahat edən ən ciddi məsələ isə su problemidir. Belə ki, kəndlərin böyük əksəriyyəti su sarıdan əziyyət çəkir. Rayonun Çəmənli, Üçoğlan, Əffətli kəndlərinin sakinlərinin, sabiq deputatlığa namizəd Xoşqədəm Hidayətqızının seçki öncəsi köməkliyi ilə inşa etdikləri artezianlar da artıq sıradan çıxıb. Sakinlərin sözlərinə görə, 2005-ci ildə Xoşqədəm Hidayətqızı tərəfindən onlara hədiyyə edilən artezianlar tez-tez sıradan çıxır. Amma heç bir dövlət qurumu bu artezanların təmiri ilə məşğul olmur. Əlacsız qalan insanlar öz aralarında pul toplayaraq, artezianları təmir etdirirlər. Hətta kənd sakinləri yarızarafat, yarıciddi “Xoşqədəmi axtarırıq” mesajı da verdilər.

Sakinlərlərlə söhbətimizdə bəlli oldu ki, onların deputat sarıdan da bəxti gətirməyib. Belə ki, Ağdam kəndlərini Milli Məclisdə təmsil edən Bəxtiyar Sadıqov bir dəfə də olsun oraya ayaq basmayıb. Sakinlərin bildirdiyinə görə, ikinci seçkidir ki, səs verməsələr də, Bəxtiyar Sadıqov deputat seçilir.
Sakinlər onun camaata laqeyidliyini öz həmyerlilərinə nifrəti ilə əlaqələndirirlər. Belə ki, seçkilər zamanı “səs verməsəniz də, mən deputatam” deyən B.Sadıqov ona səs verməyənləri yad etmək istəmir.
Ağdam sakinlərinin sözlərinə görə, Bəxtiyar Sadıqov bu rayondan şəhid olan əsgərlərin yas mərasiminə belə gəlmir.