BolgeXeber.Com » Bölgə » Füzulinin icra başçısı vəzifələrə “tas” qoyub

Füzulinin icra başçısı vəzifələrə “tas” qoyub

5-04-2013, 15:25
Oxunub: 5 658 Alı Alıyev incəsənət məktəbinin direktorunun postunu 30.000 manata satıb
Seyid Şuşinski adına Füzuli şəhər İncəsənət məktəbinin direktor postu satılıb. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, Horadizdə yerləşən bu məktəbdə rəsmi sənədlərə əsasən 112 müəllim və 9 nəfər texniki işçi çalışır. Maraqlı bir məqam isə bundan ibarətdir ki, bu qədər işçisi olan təhsil müəssisəsinin yerləşdiyi binanın cəmi səkkiz otağı var. Həm də bu say təkcə sinif otaqları deyil, həm də kabinet, texniki otaqlar və hətta sanitar qovşağı da aiddir. Digər tərəfdən isə Füzuli şəhər İncəsənət məktəbini günün istənilən vaxtında müşahidə etməklə, burada təhsil alan şagirlərin olmadığını görmək olar. Aydındır ki, bu təhsil müəssisəsi də adı olub, özü olmayan, yalnız hesabat sənədlərində fəaliyyət göstərən ilğım məktəblərdən biridir. Lakin görünür bu “virtual” məktəbin verdiyi real gəlirlər kifayət qədər yüksəkdir. Əks halda, təqdim olunan məlumatlarda məktəbin direktoru Kamilə Məmmədovanın bu vəzifəyə sahib olmaq üçün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə 30000 (otuz min) manat rüşvət verdiyi iddia olunmazdı. Sual oluna bilər ki, şagirdi olmayan bir məktəbin rəhbəri bu qədər pulu hansı yolla geri qaytara biləcəyinə ümid edir? Amma bu sualın cavabı əslində çox sadədir. İlk növbədə 121 nəfərlik ştat cədvəlini nəzərdən qaçırmaq lazım deyil.
Mənbənin "azerinews.org"a bildirdiyinə görə, bu heyətin aylıq əmək haqqları köçürülən maaş kartlarının demək olar ki, hamısı məhz Kamilə xanımın əlindədir. Onun bu kartlardan hər ay tutduğu “vergilərin” ümumi məbləği isə 3000 manatdan artıq olur. Beləliklə də, fəaliyyətinin artıq ilk on ayının tamamında K.Məmmədova ödədiyi məbləği artıqlaması ilə geri qaytara bilib. Maraqlıdır ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin şiddətləndiyi bir dövrdə Kamilə xanım hələ də tam cəzasızlıq şəraitində öz əməllərinə davam edə bilir. Bu əməllər isə ilk növbədə mədəni irsimizə böyük ziyan vurur.
Məlum olduğu kimi Seyid Şuşinski adına Füzuli şəhər İncəsənət məktəbi əslində RİH-nin Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərir. Lakin bu müəssisənin fəaliyyətinə və yaxud da fəaliyyətsizliyinə dair hər hansı sualla şöbənin müdiri Elman müəllimə müraciət etdikdə, o, bütün sualları birbaşa Füzuli RİH-nin başçısı Alı Alıyevə ünvanlamağı tövsiyyə edir. Belə məlum olur ki, fəaliyyətində hələ çox qaranlıq məqamlar aşkar oluna biləcək bu incəsənət məktəbi həqiqətən RİH başçısının birbaşa nəzarət və kurasiyası altında mövcuddur...