BolgeXeber.Com » Bölgə » Prezidentin sərəncamına əməl etməyən icra başçıları hansılardır?

Prezidentin sərəncamına əməl etməyən icra başçıları hansılardır?

9-04-2013, 10:50
Oxunub: 5 370 Bəlli olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” (İKT) elan olunub. Prezidentin bununla bağlı sərəncamı həm ölkə daxilində, həm də beynəlxalq kluarlarda ölkə rəhbərliyinin Azərbaycanda İKT-nin inkişafına dəstəyi kimi qiymətləndirilir. Prezidentin məlum sərəncamından sonra ölkəmizdə bu sahədə müxtəlif istiqamətli irəliləyişlər baş verməklə yanaşı, elektron hökumətə keçid prosesi də sürətləndi. Artıq vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı müxtəlif dövlət qurumlarının saytları vasitəsilə müraciətlər edib, konkret cavablar ala bilirlər. Buna misal olaraq Daxili İşlər, Vergilər, Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini misal göstərmək olar.
İKT sahəsindəki bu hərəkətlənmədən rayon İcra Hakimiyyətləri də kənar qalmayıb. Artıq əksər şəhər və rayon İcra Hakimiyyətləri rayon həyatı ilə bağlı bütün məlumatları özlərinin rəsmi saytlarında yerləşdirirlər ki, bu da vətəndaşların informasiya almaq imkanlarını asanlaşdırır.
Lakin bir sıra İcra Hakimiyyətləri bütün ölkə boyu İKT sahəsində sürətli dəyişikliklərin getdiyindən və ən əsası 2013-cü ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İKT İli” elan olunmasından xəbərsizdirlər. Əgər belə olmasaydı, onların rəsmi saytları ən yaxşı halda bir il əvvəl yenilənməzdi…
“İKT İli”ndə rayon İcra Hakimiyyətlərinin rəsmi saytlarının durumunu araşdırıb və bəzi rayonlarda acınacaqlı mənzərə çıxıb.
Ənvər Seyidəliyevin başçılıq etdiyi Ağsu rayon İcra Hakimiyyətinin saytına sonuncu xəbər 2011-ci ilin oktyabr ayının 29-da qoyulub. “İlham Əliyev Ağsuda Çörək Zavodunun açılışında iştirak edib” başlıqlı xəbərdən sonra sayta heç bir informasiya yerləşdirilməyib. Bundan əlavə saytdakı video-qalareya və elektron xidmətlər bölməsi də işləmir.
Veteran icra başçılarından sayılan Novruz Novruzovun rəhbərlik etdiyi Şabran rayonunda da sayta “əl gəzdirən” yoxdur. Sayta sonuncu xəbər 2011-ci il avqust ayının 14-də qoyulub. Prezidentin Şabrana səfərini əks etdirən xəbərdən sonra sayt informasiya üzünə həsrət qalıb.
Xəzər Aslanovun başçılıq etdiyi Xızı rayon İcra Hakimiyyətinin saytına isə sonuncu xəbər 2012-ci ilin may ayının 10-da qoyulub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı xəbərdən sonra saytda heç bir dəyişiklik olmayıb və eynilə Ağsu və Şabrandakı kimi, video-qalareya və elektron xidmətlər bölməsi fəaliyyətsizdir.
Arif Seyidovun rəhbəri olduğu Göygöl rayon İcra Hakimiyyəti də öz saytını yeniləməyə ehtiyac duymayanlar arasındadır. Sayta sonuncu xəbər 2012-ci il oktyabr ayının 28-də qoyulub. Almaniyanın Azərbaycandakı səfirinin rayona səfəri ilə bağlı məlumatdan sonra sayta heç bir informasiya qoyulmayıb. Video-qalereya və elektron xidmətlər bölməsi Göygöl rayon İcra Hakimiyyətinin saytında boş yer tutur.
Qusar rayon İcra Hakimiyyətinin rəsmi saytı da bu sahədə “öncüllüyü” əldən vermək istəmir. Şair Alxasovun başçı olduğu rayonun rəsmi saytına son xəbər 20 dekabr 2010-cu ildə qoyulub. Prezidentin rayona səfərini əks etdirən informasiya sayta yerləşdirilən son məlumat olub.
Mingəçevirdən Qubaya transfer olunan Mübariz Ağayevin başçılıq etdiyi rayon icra hakimiyyətin saytında da vəziyyət ürəkaçan səviyyədə deyil. Sayta sonuncu dəfə xəbər 2012-ci ilin dekabrın 12-də qoyulub və ondan sonra portal yeni informasiya üzünə həsrət qalıb.
Ardı var…
Editor.az