BolgeXeber.Com » Bölgə » Zaqatalada "qəzalı" evə "bərpa" rəyi necə verilib?

Zaqatalada "qəzalı" evə "bərpa" rəyi necə verilib?

16-04-2013, 16:20
Oxunub: 5 670 Zəlzələdən zərər səkən Dombabinə kənd sakini Reyhan Musayeva fövqəladə hallar nazirindən kömək istəyir

Ötən ilin mayında Zaqatalada baş verən zəlzələ rayonun altını-üstünə çevirməsə də, insanların həyatını alt-üst edib. O vaxtdan bir çox ailələrin nə günü var, nə güzəranı. Yəni dərdinə hələ də çarə tapan yoxdur.



Belə ailələrdən biri də rayonun Dombabinə kənd sakini Musayeva Reyhan Əsəbömər qızının ailəsidir. Zəlzələdən sonra Zaqatala Rayon Fövqəladə Hallar Komissiyası R.Musayevanın evinə baxış keçirdikdən sonra “qəzalı” “diaqnoz”u qoysa da, sonradan fövqəladə hallar nazirinin müavini O.Hacıyevin rəhbərlik etdiyi komissiya qəzalı evə baxış keçirərək “bərpa” rəyi verib. Maddi durumlarının çox ağır olduğunu bildirən R.Musayevanın yazdığına görə, “qəzalı” evinə sonradan “bərpa” rəyinin verilməsi nəticəsində bərpa üçün ayrılan 6000 manat vəsaitin problemin həlli üçün yetərli deyil, çünki sonrakı yeraltı təkanlardan sonra evinin bərpa halı qalmayıb.
Bu barədə R.Musayevanın fövqəladə hallar naziri K.Heydərova və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin rəisi C.Xanlarova ünvanlanmış müraciətində bəhs olunur. Müraciətdə bildirilir:

“Hörmətli cənab nazir!

Hörmətli cənab rəis!

2012-ci il may ayının 7-də Zaqatalada baş vermiş 7 bal gücündə zəlzələdən digər ev, sosial obyektlər kimi, mənim də 1972-ci ildə əhənglə çay daşından tikilmiş, sahəsi 200 kv/m-dən yuxarı olan 5 otaqlı fərdi yaşayış evim tam qəzalı vəziyyətə düşüb. 15.10.2012-ci il tarixdə Zaqatala Rayon Fövqəladə Hallar Komissiyası evimə baxış keçirdikdən sonra “qəzalı” “diaqnoz”u qoydu. Bu barədə akt tərtib edib bildirdilər ki, həqiqətən ev yaşayış üçün təhlükəlidir. Evin qəzalı vəziyyətdə olması barədə tərtib olunan akta əsasən, layihə smeta sənədlərinin hazırlanması üçün göstəriş verildiyi barədə yerli icra nümayəndəliniyə də bildirilmişdi. Lakin sonradan fövqəladə hallar nazirinin müavini cənab Orucəli Hacıyevin rəhbərlik etdiyi komissiya qəzalı evimə baxış keçirərək “bərpa” rəyi verdi və nəticədə bərpa üçün 6000 manat vəsait veriləcəyi bildirildi. Halbuki bu müddət ərzində rayonda bir neçə irili-xırdalı zəlzələ baş verdiyindən evim yaşayış üçün daha təhlükəli vəziyyətə çatıb. Belə ki, yeraltı təkanlardan sonra evin divarlarındakı çatlar daha da böyüyüb, divarlar aralanıb. Bu səbəbdən orada yaşamaq çox təhlükəlidir. Ona görə də qəza baş verən gündən həyətdə yardımçı tikilidə gecələyirik. Bu səbəbdən də tez-tez xəstələnirik. Yağış yağanda isə vəziyyət daha da çətinləşir. Bu barədə aidiyyəti orqanlara dəfələrlə müraciət etməyimə baxmayaraq, çox təəssüflər olsun ki, o vaxtdan bu günədək problemin həlli ilə bağlı heç bir iş görülməyib.

Hörmətli cənab nazir!

Hörmətli cənab rəis!

Onu da qeyd edim ki, həyat yoldaşım Musayev Məmməd Vəzir oğlu II qrup əlildir. Oğlum isə hərbi xidmətini cəbhə bölgəsində yerinə yetirib və hazırda işsizdir. Özüm də heç bir yerdə işləmirəm. Maddi durumumuz çox ağırdır. “Qəzalı” evimizə sonradan “bərpa” rəyinin verilməsi nəticəsində bərpa üçün ayrılan 6000 manat vəsait problemin həlli üçün yetərli deyil, çünki əslində evimizin qeyd etdiyim kimi, sonrakı yeraltı təkanlardan sonra bərpa halı qalmayıb. Odur ki, xahiş edirəm, vəziyyətimizi nəzərə alıb 15.10.2012-ci il tarixdə Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının evimə verdiyi “qəzalı” rəyinin təsdiq edilməsinə yardımçı olasınız”.

Mövzuya qayıdacağıq.