Zaqatalada zəlzələyə ayrılan pullar hara xərclənib?
19-04-2013, 09:25
Oxunub: 5 092
Məcburi köçkünlər üçün tikilən mənzillərin 1 kvadratmetri 215, zəlzələ bölgəsində tikilən evlərin 1 kvadratmetri 600 manata başa gəlib; “Qaçqınkom” 300 milyon manata 20 min nəfəri evlə təmin edib, FHN isə 252 milyon manata 3,5 min nəfərin problemini həll edə bilmir
Zaqatala-Qax bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ziddiyyətli məlumatlar yenidən gündəmi zəbt edib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının və araşdırmaçı-jurnalist Nəsimi Şərəfxanlının açıqladığı rəqəmləri Fövqəladə Hallar Nazirliyinin rəsmiləri tamamilə təkzib edirlər. Hər iki tərəfin mövqeyi mətbuata açıqlandığından təkrarçılığa ehtiyac duymasaq da, məsələyə bir qədər fərqli rakursdan yanaşmaq lazım gəlir.
Zaqatalada zəlzələnin nəticələrinin aradan qaldırılması üçün büdcədən ayrılan 420 milyon manatın hamısı xərclənib, amma nəzərdə tutulan işlərin böyük bir hissəsi qalır. FHN işlərin davam etdirilməsi və tamamlanması üçün əlavə olaraq dövlət büdcəsindən vəsait istəyib. Zəlzələdən zərərçəkən mənzillərin 1 kvadrat metri 600 manat və daha çox göstərilib. “AZ Dizayn İnşaat” şirkətinin Bakıda təklif etdiyi qiymətlərlə müqayisədə qiymətlərin şişirdilməsi açıq-aşkar görünür. Bu şirkət paytaxtda hər kvadrat metri 335 manatdan sanitar qovşağı və mərkəzi isitmə sistemi olan evlər tikməyi təklif edir. FHN-in tikdiyi evlərdə isə sanitar qovşaq və mərkəzi isitmə sistemi yoxdur.
FHN bildirir ki, evlərin tikintisi üçün 01 yanvar 2013-cü ilə qədər 252 milyon manat vəsait xərcləyib. Elə həmin vaxt fövqəladə hallar naziri K.Heydərov mediaya açıqlamasında bildirmişdi ki, zəlzələ bölgəsində artıq 2984 ev tikilib istifadəyə verilib. Yəni 1 evin tikintisi 84,4 min manata başa gəlib. 252 milyon manatı zəlzələ bölgəsində tikilməkdə olan ümumi evlərin sayına, yəni 3545-ə böldükdə isə bir evin tikintisinin 71 min manata başa gəldiyi üzə çıxar. Deməli, bir evin tikilməsi üçün FHN dövlət büdcəsindən nə az, nə çox 70-84 min manat arasında vəsait “xərcləyir”.
Bu yaxınlarda başqa bir dövlət qurumunun açıqladığı rəqəmlər də zəlzələ zonasında korrupsiya zəlzələsinin güclü olmasından xəbər verir. Söhbət Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin 2013-cü ilin birinci rübünün yekunları ilə bağlı hökumətin iclasında səsləndirdiyi rəqəmlərdən gedir. Komitənin məlumatına görə, 2012-ci ildə məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına 20 min məcburi köçkün üçün ev tikilib və onlar artıq yeni mənzillərinə köçüblər. Bu il eyni həcmli dövlət investisiyası hesabına 20 min də mənzil tikiləcək. İndi rəqəmlərin təhlilinə keçək.
300 milyon manata 20 min mənzil tikilibsə, belə çıxır ki, bir mənzilin orta qiyməti cəmi 15 min manat olub. Yeni tikililərdə mənzillərin sahəsinin orta göstəricisi 70 kvadrat metrdir. Yəni Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən mənzillərin bir kvadrat metri 215 manata başa gəlib. Bu isə FHN-in sifarişi ilə tikilən evlərdən ən azı 3 dəfə ucuzdur.
Onu da qeyd edək ki, məcburi köçkünlər üçün tikilən evlər yaşayış üçün tam yararlı vəziyyətdə, yəni təmirli halda istifadəçilərə təhvil verilib. Ancaq FHN-in sifarişi ilə tikilən evlərdə sanitar qovşağının quraşdırılmasını sakinlərin öz ixtiyarına buraxıblar. İki dövlət qurumunun sifarişi ilə tikilən evlərin maya dəyəri arasında belə kəskin fərqin yaranmasını korrupsiyadan başqa heç nə ilə izah etmək mümkün deyil. Dövlət sifarişləri arasında fərqin yaranmasının obyektiv səbəbləri yalnız tikinti materiallarının daşınma xərcləri ilə bağlı ola bilər ki, bu halda da fərq 5-6 faizdən çox olmamalıdır. Yəni deyək ki, Zaqatala paytaxtdan 450 kilometr uzaqda yerləşdiyindən tikinti materiallarının ora daşınması Bakı ilə müqayisədə baha başa gələ bilər. Ancaq heç bir halda sifarişlər arasındakı fərq dəfələrlə ölçülə bilməz. Layihələr arasındakı fərq dəfələrlə ölçülürsə, demək, burada yeganə amil korrupsiyadır.
İndi FHN evlərin tikintisini yekunlaşdırmaq üçün büdcədən əlavə vəsait qopartmaq niyyətindədir.
Görünür, şiddətli korrupsiya ehtirasları evlərin tikintisini şişirdilmiş qiymətlərlə belə başa çatdırmağa imkan verməyib.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər