BolgeXeber.Com » Bölgə » Astara sakini rayon məhkəməsindən şikayət edir

Astara sakini rayon məhkəməsindən şikayət edir

24-04-2013, 13:55
Oxunub: 4 143 Redaksiyamıza Astara rayon Siyaku kənd sakini Şirvanov Yaşar Zikrulla oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Göndərdiyi müraciətində Yaşar Şirvanov rayon məhkəməsindən şikayət edir. O bildirir ki, Astara rayon Məhkəməsinin hakimi Rafail Əliyev icraatında olan 2(18)-1019/2012-saylı mülki işi qeyri obyektiv araşdırıb və vətəndaşın təqdim etdiyi sübutları, verdiyi vəsatətləri qəbul etməyib, şahidləri dindirməyib.

Məktubunu olduğu kimi dərc edirik: “Hakim Rafail Əliyev mənə qarşı qərəzli olduğuna görə, mən hakim Rafail Əliyev tərəfindən bu işin baxılmasına etirazımı bildirmişəm. Çünki bu hakim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, və 308.1-ci maddələri ilə təqsirləndirilməyimlə bağlı cinayət işinə baxaraq barəmdə əsassız hökm çıxarmışdır. Hətta, prosesdə həmin cinayət işini araşdırarkən hakim Rafail Əliyev qanunsuz olaraq barəmdə həbs qətimkan tədbiri seçmişdi. Mən sözü gedən hakim tərəfindən qanunsuz olaraq 8 gün müddətinə həbs edilmişdim. Bu səbəblərə görə də mən mülki işdə hakim R.Əliyevə etiraz verdim ki, o bu işə baxa bilməz. Hakim dolayı yolla işin nəticəsində maraqlı olduğu halda, onun işə baxmasına qanun icazə vermir.Amma buna baxmayaraq, hakim Rafail Əliyev mənim ona olan etirazımı, vəsatətlərimi, şahidlərimi qəbul etməli olduğu halda bunu etməmişdir və mənim konstitusion, eyni zamanda Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqlarımı kobud və əhəmiyyətli şəkildə pozmuşdur. Bu isə yolverilməzdir.

Astara Rayon Məhkəməsinin hakimi Rafail Əliyev mənim ona verdiyim etirazı, vəsatətlərimi qəbul edib onun təmin edilib-edilməməsi barədə qərardad qəbul etməli idi və mənim həmin qərardaddan şikayət etmək hüququm var idi. Lakin hakimin vəzifəsi mənim vəsatətlərimi, etirazımı və şahidlərimi qəbul edib onları dinləmək, araşdırmaq olduğu halda, hakim öz vəzifəsini yerinə yetirməmişdir. Onun icraatında olan 2 (18)-1019/2012 saylı iş üzrə 2013-cü ilin mart ayında qətnamə qəbul edilsə də bu vaxta kimi həmin qətnamə mənə verilməmişdir.

Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsində göstərilmişdir ki, Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.
Bundan başqa, Rafail Əliyev tərəfindən etirazım qəbul edilməmiş, iddiaçı Mahmudov Elnur Safahir oğlunun nümayəndəsi Həsənov Fəxrəddin Əbdülhəsən oğlu ilə razılaşaraq, araşdırmanı qeyri-obyektiv aparmış, mənim iştirakım olmadan qanunsuz olaraq qətnamə qəbul etmişdir.

Belə ki, mən Bakı şəhərində olduğum üçün Astara Rayon Məhkəməsinə teleqramla müraciət etdim ki, mülki işi başqa vaxta təxirə salsınlar və mənim iştirakım qeyd edilən işdə təmin edilsin.
Hesab edirəm ki, hakim Rafail Əliyevin bu hərəkətləri Azərbaycan Respublikasının qanunların, Məhkəmələr və Hakimlər Haqqında Azərbaycan Respublikasının qanunun 95-ci maddəsinə də ziddir.Ona görə ki, işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə məhkəmədə mübahisəyə baxıla bilməz.

Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsində göstərilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsində göstərilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I-ci hissəsində göstərilmişdir: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin I-ci hissəsində göstərilmişdir: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin I-ci bəndində təsbit edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərək və ya ona qarşı hər hansı cinayət ittidamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsis məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Məhkəmələr və Hakimlər Haqqında Azərbaycan Respublikasının qanunun 95-ci maddəsində göstərilmişdir ki, təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içirlər.

Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm.

Azərbaycan Respublikasının Konstitusiyasının 80-cı maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 111-1-ci maddəsində göstərilmişdir: “işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda və hakim adına ləkə gətirən hərəkətə yol verdikdə” hakimlər intizam məsuliyyətinə cəlb edilirlər.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 112-ci maddəsində (Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası) göstərilmişdir: “Hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər.”
Astara rayon Məhkəməsinin hakimi Rafail Əliyev qanunları pozaraq bilə-bilə ədalətsiz qətnamə çıxarmışdır.

Hakim Rafail Əliyevin qanunsuz hərəkətlərinə əlaqədar orqanların münasibət bildirməsini xahiş edirəm.”

Dia.az