BolgeXeber.Com » Bölgə » Nazirliyin əməkdaşları nazirin tapşırıqlarına məhəl qoymurlar

Nazirliyin əməkdaşları nazirin tapşırıqlarına məhəl qoymurlar

29-04-2013, 16:50
Oxunub: 5 342 Nazirliyin əməkdaşı Rövşən Bağırov sabirabadlıları qul hesab edir
Hikmət Heybətov və Vüqar Hüseynov mənə müraciət edərək bildirdilər ki, iki azyaşlı övladları var, işsizdirlər, valideynlərinin himayəsində yarıac-yarıtox yaşayırlar. 2012-ci ildən ünvanlı yardım almaq üçün müraciət ediblər. 2013-cü ilin aprel ayınadək sənədlərini necə təqdim ediblər, eləcə də baxılmamış qalıb.
Amma Füzuli Ələkbərovun Sabirabad rayonunda ünvanlı sosial yardım idarəsində guya yardımların düzgün təyin olunmasını həyata keçirmək üçün bu ilin aprelində göndərdiyi nazirliyin əməkdaşları Rövşən və Vüsal yeni üsullar icad ediblər. Məsələn, bütün vətəndaşlara sənədlərini təqdim edərək tarixlərini yeniləmək üçün notariat kontoruna yenidən rüsum köçürməyə, kənd və şəhər icra nümayəndəlikləri qapısında növbədə durub arayışları yeniləməyə, sığorta pulu köçürüb arayış almaqlarını tələb edir, əks halda “sənədləriniz qeydə alınmayacaq” deyə bildirirlər.
Sığorta arayışı olandan sığorta kartı tələb edirlər, bu kartı isə üç ay müddətinə almaq olur. Maraqlısı odur ki, bu kart vətəndaşın özü üçündür, bu işə heç bir aidiyyəti yoxdur. Vətəndaş sığorta kartı təqdim edirsə, bildirirlər ki, get pul ödə, sığorta arayışı da gətir. Vətəndaş kənd sakinidirsə, torpaq sahəsi varsa, sığorta ödəyicisidirsə, birtəhər bu əzablara dözüb canını qurtaracaq. Dərd odur ki, vətəndaş rayon sakini ola, işsiz ola, sığorta ödəyicisi olmaya, onda bu cür vətəndaşların dərdinə, ümumiyyətlə, bu idarədə əlac tapılmır.
Yuxarıda adları çəkilən Hikmət və Vüqar rayon vətəndaşlarıdır, torpaq sahələri yoxdur, qeyd etdiyim kimi iki azyaşlı övladları var, işsizdirlər, deməli, sığorta ödəyicisi ola bilməzlər. Bu vətəndaşlara bildiriblər ki, məşğulluq idarəsindən arayış alın. Hikmət və Vüqar məşğulluq idarəsindən arayış alıb təqdim ediblər, arayışa baxıb bildiriblər ki, düzgün verilməyib, deyin məşğulluq idarəsi sizə müavinət təyin edib arayış versin. Yenidən məşğulluq idarəsinə üz tutan vətəndaşlara idarədən bildirilib: “Sizə verməyə nə işimiz, nə də müavinət üçün vəsaitimiz var. Biz sizi işsiz kimi qeydiyyata alıb arayış vermişik, başqa cür kömək edə bilmərik”. Vətəndaşlar yenidən gəlib məşğulluq idarəsindən aldıqları cavabı nazirliyin əməkdaşı Rövşən müəllimə çatdıranda, o da “biz kömək edə bilmərik” deyir.
Çarəsiz vətəndaşlar bildirirlər ki, indi gərək prezidentdən xahiş edək, dövlət büdcəsindən ünvanlı yardım idarəsinə yoxsul vətəndaşlar üçün ayrılan vəsaitin bir qisminin məşğulluq idarəsinin fonduna köçürülməsi üçün göstəriş versin ki, bu idarə bizə Füzuli Ələkbərovun əməkdaşları Rövşən və Vüsal müəllimin istədiyi formada müavinətli arayış versin. Onlar da yardım almağımız üçün sənədlərimizi qeydiyyata götürsünlər.
Bu məsələlərlə bağlı nazirliyin əməkdaşı Rövşən müəllimlə görüşdüm. Bildirdim ki, yardımla bağlı təlimatda sığorta barədə heç nə yoxdur, niyə bu sənədi təkidlə istəyirsiz? Cavab vermədi. Sonra soruşdum ki, vətəndaş işsizdir, sığorta ödəyicisi deyilsə, niyə məşğulluq idarəsinə göndərirsiz? Vətəndaş məşğulluqdan işsiz olmağına dair arayış alır, qəbul etmirsiz ki, müavinət təyinatlı arayış alın. Məşğulluq idarəsi də vəsaitləri olmadığı üçün elə arayış verə bilmir. Siz də verilən arayışı qəbul etmirsiz, indi bu yazıq vətəndaşlar neyləsin? Rövşən müəllim bildirdi ki, nazirlik belə təlimat verib, biz kömək edə bilmərik. Sonra əlavə etdi ki, bizim vətəndaşlar nankordu, işləmək istəmirlər, hazır yemək istəyirlər. Dedim nankor niyə olurlar, nankor hakimiyyətdir ki, iş yerləri açmır, vətəndaşlar harda işləsin? Rövşən müəllim dedi: “Istəsələr, iş var, getsinlər qul bazarında iş axtarsınlar. Bildirdi ki, bir neçə gün əvvəl Bakıda həyatyanı sahəsindəki ot-ələfi, zir-zibili təmizləmək üçün qul bazarından qul gətirdim, iki saatlıq işə məndən 30 manat pul aldı. Bəs bu iş deyil, nədi? Deməli, insanlar özləri işləmək istəmir”.
Bu da Rövşən Bağırovun yoxsul vətəndaşlarımızı qul sayıb verdiyi məsləhəti.
azeriNews.org: