BolgeXeber.Com » Bölgə » Gəncədə mülkiyyətçiyə qarşı haqsızlıq-Fotolar

Gəncədə mülkiyyətçiyə qarşı haqsızlıq-Fotolar

2-05-2013, 11:40
Oxunub: 5 483 Xanım çıxış yolunu ölkə prezidentində görür
Azərbaycanda insan haqlarının qorunması ilə bərabər ölkə prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanan vətəndaşların əmlak hüquqları ilə bağlı qanun qüvvədədir. Bu gün ölkə qanunvericiliyinə əsasən demək olar ki, vətəndaşın Konstitusiyada təsbit olunduğu kimi bütün hüquqları qorunmalıdır. Amma acınacaqlısı budur ki, bu qanunlar məmurlar tərəfindən ağına-bozuna baxmadan tapdanır. Necə ki, Gəncə şəhər Nizami rayon Qəmbər Hüseynli küçəsi, ev 19 A ünvanında qeydiyyatda olan Rzayeva Firuzə Zahid qızının hüquqları pozulur. Firuzə Rzayeva Nizami rayon Qəmbər Hüseynli küçəsi, ev 19 A-da yerləşən 1890-cı ildə inşa edilmiş mülkün sahibidir. Sovet dönəmində babasından qalma mülk dövlətin nəzarətinə keçsə də, 1993-cü ildə qəbul olunan qanuna görə mülkü geri almağı digər ailə üzvləri ilə birlikdə bacarıb. Yəni, qanun onların haqlı olduğunu təsdiqləyərək, mülkü sahiblərinə qaytarıb.
Gəncə şəhər İcra Hakimiyyəti başçısına 1993-cü ildə müraciət edən Rzayev Rauf Zahid oğlu Q.Hüseynli küçəsi 19 nömrəli mülkün babası Rzayev Hacı Yusifə məxsus olmasını göstərib, həmin mülkün qanuni vərəsələrinə qaytarılmasını xahiş edib. Ərizəyə əlavə edilmiş materialları araşdırarkən məlum olub ki, göstərilən mülk həqiqətən Rzayev Hacı Yusifə məxsus olub və 1935-ci ildə heç bir hüquqi sənəd olmadan dövlət tərəfindən müsadirə edilərək kommunal təsərrüfat idarəsinin balansına keçirilib. Sonralar Gəncə şəhər xalq təhsili şöbəsi nəznində olan 24 saylı uşaq bağçası həmin binadan tam istifadə etməyə başlayıb.
Mülkün geri qaytarılması ilə bağlı ərizəyə əlavə edilmiş qohumluğu sübut edən sənədlərdən məlum olub ki, Rzayev Rauf Zahid oğlu, Rzayev Yusif Zahid oğlu və Rzayeva Firuzə Zahid qızı mərhum Rzayev Hacı Yusifin qanuni vərəsələridirlər və onların adına xüsusi mülk yoxdur, fərdi yaşayış torpaq sahəsi ayrılmayıb.
Vərəsələrin hüquqlarını bərpa etmək haqqında 13 avqust 1993-cü il tarixli prezident fərmanının 1-ci bəndinə əsasən, vərəsələrin sayının 10 nəfərdən ibarət olduğu təqdirdə mülkün bir qismi, o cümlədən sahəsi 29,4 kv.m. m. 51,0 kv,70,0 kv,m. 28,0 kv,m. 19,4 kv.m, 16,3 kv.m. olan yaşayış sahəsi, 12.7 kv,m. 7,4 kv.m. və 32,7 kv.m.-dən ibarət olan örtüklü eyvanlar və faktiki torpaq sahəsi mərhum Rzayev Hacı Yusifin vərəsələri Rzayev Rauf Zahid oğluna, Rzayev Yusif Zahid oğluna və Rzayeva Firuzə Zahid qızının mülkiyyətinə qaytarılsın.
Binanın göstərilən hissəsi Gəncə şəhər xalq təhsil şöbəsinin balansından çıxarılsın.
Uşaq bağçası yeni bina ilə təmin edilənədək binanın qalan hissəsində fəaliyyətini davam etdirsin və uşaq bağçası yeni bina ilə təmin edildikdən sonra qalan hissəsi də vərəsələrə qaytarılsın.
Bu qeyd olunanlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilən sərəncamda qeyd olunur. Sərancamda qeyd edildiyi kimi də edilir və vərəsələrə hər birinə düşün pay üzrə mülk qaytarılır.
Rauf və Yusif Rzayevlərdən fərqli olaraq bacıları Firuzənin payına düşün hissədə 24 saylı bağça yeni binaya köçənə kimi məskunlaşdığından, Firuzə Rzayeva öz mülkünə köçə bilmir. Amma qardaşları ilə birlikdə həmin mülkə qeydiyyata düşərək orda onlarla birlikdə yaşamağa başlayır. Firuzə xanım qardaşlarından fərqli olaraq mülklə bağlı problemləri uzun süründürməçilikdən və qanunsuzluqlardan sonra həll edə bilir. Sahib olduğu mülkə 14.04 2012-ci ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə ərazi idarəsindən daşınmaz əmlakın texniki pasportunu (reyestr nömrəsi 201013004236-10301) ala bilir.
Onu da qeyd edək ki, bu illər ərzində Eldar Əzizovun dövründə Gəncə Təhsil Şöbəsinin müdiri olan Mahal Əliyev də mülkə göz dikir və var gücü ilə Firuzə Rzayevanın öz mülkünə köçməsinə mane olur. Hətta dəfələrlə Mahal Əliyevin birbaşa təkidilə məhkəməyə iddia ərizəsi ilə TŞ müraciət edib və hər dəfə də hakim Mahal Əsədulla Rüstəmov mülk sahiblərinin haqlı olduqlarını gördüyündən TŞ-nın iddiasını rədd edib. Lakin TŞ-ni bu işdən əl çəkdirmək mümkün olmur. Bütün bunlara baxmayaraq, hakim Əsədulla Rüstəmov qanunları icra edir və TŞ-nin şikayətlərini təmin etmir. Yəni, qanuni iş görür.
Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra, təbii ki, Mahal Əliyev də öz vəzifəsini itirir və Eldar Əzizovun yanına Sumqayıta Təhsil Şöbəsinin müdiri təyin olunur. Firuzə Rzayeva hesab edir ki, problemləri bununla da bitir. Amma məsələ o qədər böyüyür ki, iş Ali Məhkəməyə kimi gəlib çatır. Hakim Əsədulla Rüstəmovun verdiyi qanuni qərarlar Ali Məhkəmə tərəfindən də gözdən keçirilir. İşin Ali Məhkəməyə göndərilməsindən sonra hakim Əsədulla Rüstəmov TŞ-nin müraciətini, yəni 24 saylı bağçanın Firuzə Rzayevanın mülkündən hələlik çıxarılmaması ilə bağlı etdiyi şikayəti təmin edir. Onun dəfələrlə mülkiyyət sahibinin xeyrinə qərarlar verməsinin ardından qeyri-qanuni bir qərar verməsi də müəmmalarla doludu. Çünki redaksiyamıza daxil olan məlumata görə, TŞ Gəncə şəhər İcra Hakimiyyəti vasitəsilə məhkəməyə təyziqlər edərək belə bir qərarın verilməsinə nail ola bilib. Hətta hakim Ə.Rüstəmovun özü belə “Mən bilirəm ki, verdiyim bu qərar qanunaziddir. Amma…” deyir.
İşin “amma”sı bundan ibarətdir ki, seçki ili ərəfəsində yerli məmurlar vətəndaşları ölkə hakimiyyətindən uzaqlaşdırmaq üçün incidir və öz maraqlarının təmin olunması üçün çalışır. Yəqin ki, bu baş verənlərdən Gəncə şəhər İcra Hakimiyyəti başçısı məlumatsız deyil. Çünki bu mülk məhz onun evinə gedən yolun üstündədir. Görməmiş olmaz.
Mayın 8-də Rzayeva Firuzənin iddiası əsasında hakim Ə.Rüstəmovun verdiyi son qərar Ali Məhkəmədə baxılacaq. Ya bu qərar ləğv ediləcək, ya da qanunazidd olaraq F.Rzayevanın hüquqları bir daha tapdanacaq.
Yəqin ki, Ali Məhkəmənin hakimi Ramiz Rzayev bu qanunsuzluğu ədalətin bərpası naminə aradan qaldıracaq gücdədi. Çünki Firuzə Rzayeva yalnız və yalnız əmlakına köçüb yaşaması üçün ədalətli qərarın verilməsini istəyir.
Bu mövzu ilə bağlı əldə etdiyimiz bütün sənədləri də yazıya əlavə edirik. (Vətəninfo.az)