Ölkə başçısı Elmar Vəliyevi möhkəm danlayıb
2-05-2013, 12:10
Oxunub: 4 645
“Gəncə xanı”na Bakıdan “özünə yığış” mesajı
Gəncənin icra başçısı regionu hakimiyyətin üstünə qaldırmaqda suçlanır; prezident onu təcili paytaxta çağırtdıraraq camaatla kobud davrandığına, şəhər büdcəsini talan etdiyinə və başqa məsələlərə görə möhkəm tənbeh edib
Son aylar haqqında xeyli söz-söhbət gəzən məmurlardan biri də Elmar Vəliyevdir. İcra başçısı olduğu Gəncə şəhərində neqativ planda ad çıxaran E.Vəliyev bu ilin əvvəlindən başlayaraq tamam başqa mövzularda gündəmə gəlməyə başladı. Əvvəllər camaatın evini, obyektini uçurduğuna, sərt idarəçilik üslubu seçdiyinə, rəhbəri olduğu şəhərin sakinlərini evsiz, ruzisiz qoyduğuna görə mətbuatın hədəfinə çıxırdı. Sonradan o, general Rasim Musayev tərəfindən kəllə zərbəsinə məruz qaldığına görə qəzetlərin manşetinə daşındı.
Bu qalmaqaldan 20-25 gün sonra - 2013-cü il fevralın ortalarında E.Vəliyev tamam başqa mövzuda yenidən ölkə gündəminin mərkəzi mövzularından birinə çevrildi. Məşhur 12 fevral müşavirəsində onun huşunu itirərək yıxıldığı xəbəri ildırım sürəti ilə yayıldı. Bu xəbər özündə xeyli ziddiyyət daşıyırdı: bəzi iddialarda bildirilirdi ki, prezident müşavirədəki çıxışında bir sıra məmurları dəbdəbəli ad günləri və toy mərasimləri keçirdikləri üçün kəskin tənqid edib. E.Vəliyevin də bu tənqiddən qorxuya düşərək stress keçirdiyi iddia olunurdu. Çünki onun oğlunun həmin ərəfədə paytaxt restoranlarından birində toyu olmalıymış. Gəncənin İH başçısı oğlunun toyunu son dərəcə dəbdəbəli keçirməyi planlaşdırırmış; hətta Türkiyədən yüksək qonorarla ən məşhur müğənnilər də dəvət olunmuşdu. Ölkə başçısının bu xəbərdarlığından sonra Vəliyev toyun pozulacağından narahat olub və... halı pisləşərək müvazinətini itirib.
Başqa bir məlumatda isə deyilirdi ki, müşavirədə prezident bir neçə icra başçısını ayağa qaldırıb onları möhkəm danlayıb. Danlağa məruz qalan başçılardan biri də Elmar Vəliyev olduğu üçün o, bundan sarsılıb və iclasın sonlarına yaxın huşunu itirərək yerə yıxılıb.
Bu yıxılma olayına dair hələ o vaxtlar sağlam mənbələrdən tamam başqa xarakterli məlumat daxil olmuşdu. Bəzi etik məsələlərə görə biz bu xəbəri o vaxt yaymağı məqsədə uyğun hesab etmədik. Amma ümumi şəkildə deyə bilərik ki, E.Vəliyevin 12 fevral müşavirəsinin sonuna yaxın özünü pis hiss etməsi, hətta bəzi iddialara inansaq, yıxılması müəyyən zərərli vərdişlərin ortaya çıxardığı vəziyyət olub. Bu haqda əlimizdə detallı bilgilər olsa da onları, yuxarıda qeyd etdiyimiz kimi, etik səbəblərdən işıqlandırmağı lazım bilmirik...
E.Vəliyevin haqqında bugünlərdə əlimizə çatan bilgi isə siyasi xarakterlidir. Kifayət qədər ciddi mənbələrin redaksiyamıza sızdırdığı xəbərə görə, təxminən 10 gün öncə E.Vəliyev təcili şəkildə Bakıya çağırılıb. Mənbə bildirir ki, E.Vəliyev bu çağırışdan narahatlıq keçirdiyi üçün himayədarı general Bəylər Əyyubovdan bunun səbəbini öyrənməyə cəhd göstərib (Xatırladaq ki, Əyyubovlarla Vəliyevlər qudadır-red.) Amma dəqiq bilgi ala bilməyib.
Bakıda isə onu, sən demə, heç də yaxşı perspektiv gözləmirmiş. Mənbəmiz deyir ki, Bəylər Əyyubovun müşayiəti ilə prezident İlham Əliyevin qəbuluna gedən E.Vəliyev narahatlığının əbəs olmadığını anındaca hiss edib. Mənbəmizin iddiasına görə, prezident icra başçısını həddən artıq gərgin atmosferdə qəbul edib. İ.Əliyev E.Vəliyevi bir neçə məsələdə suçlayıb və qarşısında sərt tələblər qoyub. Mənbəmiz həmin tələbləri bu cür sıraladı: “Birinci tələb Elmar Vəliyevin sakinlərlə ünsiyyəti zamanı tez-tez küçə söyüşlərindən istifadə edilməsinə son qoyulması ilə bağlı olub. Az qala hər addımda küçə söyüşlərindən istifadə edən E.Vəliyevin bu hərəkəti ilə hakimiyyətə qarşı narazılığın miqyasının genişlənməsinə səbəb olub. Özü də belə söyüşlər təkcə sakinlərlə ünsiyyət zamanı yox, yerli məmurlarla söhbətlərdə də tez-tez istifadə edilir. Gəncənin sabiq polis rəisi Rasim Musayevlə onun arasında yaranmış insident də məhz ikincinin küçə söyüşü söyməsindən qaynaqlanmışdı. Prezident belə hallara son qoyulmasını tələb edib”.
Qaynağımız ikinci tələbin camaatın obyektlərinin sökülməsinə son qoymaqla bağlı olduğunu dedi: “Prezident E.Vəliyevdən Gəncənin mərkəzində özəl obyektlərin sökülməsini dayandırmağı tələb edib. Bu obyektlərin sökülməsi siyasi hakimiyyətə qarşı etimadsızlığın yaranmasına gətirib çıxarıb. Eyni zamanda obyektlərin sökülməsi işsizlərin sayını da artır ki, bu da həssas bölgə sayılan Gəncədə sosial təlatümlər riskini artırır. İddialara görə, E.Vəliyev Yevlaxda icra başçısı işləyərkən əldə etdiyi ”təcrübəni" ölkənin ikinci ən böyük şəhərinə da daşıyıb. Söhbət şəhərin mərkəzindəki obyektlərin abadlıq adı ilə sökülməsindən və bir qədər sonra isə onların yerində başçıya məxsus dükanların tikilməsi “təcrübə”sindən gedir".
Mənbənin sözlərinə görə, prezidentin növbəti tələbi abadlıq işlərinin xərclərini iş adamlarının üzərinə yükləməməklə bağlı olub: “Məşhur 12 fevral müşavirəsində prezident sahibkarları incidən icra başçılarını hədələmişdi. Onlardan tələb etmişdi ki, işləri büdcə vəsaiti hesabına görsünlər. Ancaq buna baxmayaraq, E.Vəliyev abadlıq işlərini iş adamlarının hesabına görməkdə davam edib. Büdcə pulları mənimsənilir, əvəzində isə xərclər iş adamlarından toplanan xəraclar hesabına həyata keçirilir. Prezident ondan bu hallara son qoymağı, siyasi hakimiyyətə qarşı narazılıqları səngitməyi tapşırıb”.
Mənbə onu da bildirir ki, 2013-cü il üzrə Gəncəyə ayrılan investisiya xərclərinin artıq mənimsənilməsi barədə prezidentə məlumat verilib: “Prezident buna görə icra başçısını möhkəm danlayıb və ona mənimsənilmiş pulları bərpa etmək barədə tapşırıq verib. Bu, E.Vəliyevə edilən son xəbərdarlıqdır. Bundan sonra təlimatlardan cüzi bir kənarlaşma belə icra başçısını bitirə bilər. Prezident həmçinin zərərli vərdişlərini tərgitməyi və insanlarla normal davranmağı ondan tələb edib”. Deyilənə görə, ölkə başçısı E.Vəliyevə iki ay vaxt verib.
Bu məqamda vurğulayaq ki, özünün qüdrətli himayəçisi Bəylər Əyyub olmasaydı, E. Vəliyev canını son xəbərdarlıqla qurtara bilməyəcəkdi. Məhz Bəylər Əyyuovun sayəsində ona, bu dəfə son olmaqla, daha bir şans verilib.
Mənbəmiz onu da dedi ki, E.Vəliyev Bakıya çağırılması və prezident tərəfindən qəbul olunması haqda tamam əks məlumat yaydırır. Guya ölkə başçısı onu qəbul edib tərifləyib, etimad göstərdiyini deyib. Qaynağımız həmçinin bildirir ki, gəncəlilər Elmar Vəliyevə mesaj da yollayıblar: “Vaxtilə bu şəhərdə camaata qan udduran, at oynadan polis rəisi Natiq Əfəndiyevin, keçmiş baş nazir Surət Hüseynovun sonrakı talelərini unutma...”
Mərkəzi hakimiyyətin Gəncəyə həssas yanaşması səbəbsiz deyil. Azərbaycanının tarixi paytaxtı sayılan Gəncə ölkədə inqilab beşiyi kimi tanınır. 1988-ci ildən başlayan milli azadlıq hərəkatının əsas güc mərkəzlərindən biri də Gəncədə olub. 1993-cü il qiyamı da məhz Gəncədən başlamışdı. Özü də Gəncədə baş verən istənilən hadisə bütövlükdə Gəncəbasar zonasına təsir göstərir. 1 milyondan çox insanın məskunlaşdığı Gəncəbasar siyasi baxımdan çox həssas bölgədir. Böyük ənənəyə malik Gəncəyə və bu şəhərin sakinlərinə hökmranlıq etmək indiyədək heç bir məmura qismət olmayıb. Bu şəhər çox başları yeyib, çox əjdahaları udub. Elmar Vəliyev prezidentin tapşırıqlarından və sələflərinin taleyindən nəticə çıxarmasa, onu nələrin gözləyəcəyi indidən bəllidir...
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər