Samuxda camaatı su ilə imtahana çəkirlər-Fotolar
5-05-2013, 10:50
Oxunub: 6 425
Bu sözləri Samuxda olarkən rayon sakinlərindən biri - Qüdrət Niyazov söylədi. Onun sözlərinə görə, əhali parlamentdə bu məsələnin qaldırılmasını və rayona milli bir ad verilməsini istəyir: “Sonra sovet hökuməti Samuxu Gürcüstana vermək istəyirdi. Qaçaqların mübarizəsi sayəsində Gürcüstana birləşdirə bilmədilər. Bu yerin əsl adı Nəbiağalıdır. Di gəl ki, sovet hökuməti ”ağa" sözünü qəbul etmirdi. Ona görə də rayonun adı Samux qaldı. İndi bizim camaat istəyir ki, Samux adı götürülsün və milli ad qoyulsun".
Q.Niyazovun fikrincə, bunu eləmək çətin problem deyil və deputatlar məsələ qaldırıb onu tezliklə həll edə bilərlər: “Samux əhalisi neçə illərdir gözləyir ki, bu ad məsələsi həll olunsun. Ümumiyyətlə, bu adla bağlı müxtəlif fikirlər var. Bəzi qaynaqlara istinadən deyirlər ki, ”Samux" adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub “meşəlik”, “ağaclıq” mənasını verir. Bir müddət rayon Səfərəliyev adını daşıyıb. Yəni bölgənin adı ilə bağlı yekdil rəy yoxdur. Yaxşı olardı ki, ad məsələsinə aydınlıq gətirilsin".
...Rayon mərkəzinə çıxıb bölgənin problemləri ilə maraqlanırıq. Keçmiş icra başçısı Vilyam Hacıyevin (hazırda İmişlinin icra başçısıdır-red.) istibdadından qurtuluş dövrünü yaşadıqlarını deyən samuxlular təzə icra başçısı Alı Qocayevi “gündüz əldə çıraq” gəzirlər. İcra başçısı nadir hallarda əhali ilə görüş keçirir. Camaat A.Qocayevi görmür, tanımır.
Samuxlu Nurəddin Kazımovun dediklərindən: “Bütün rayonlarda olduğu kimi burada da eyni iş gedir. Park, özləri üçün inzibati binalar, Heydər Əliyev Muzeyi tikirlər, vəssalam. Nə yollara asfalt çəkilir, nə bərbad küçələrə baxılır, nə də işsizlik problemi həll olunur. Sovet dövründən qalan yollardır. Samux aqrar bölgədir. İnsanlar əkinçilik, bağçılıq, maldarlıqla məşğul olmalıdır. Amma rayonda suvarma ölü vəziyyətdədir, su yoxdur, əkin-biçin sahələrini, bağları Gəncədən gələn kanalizasiya suyu ilə suvarırlar”.
Həmsöhbətimiz deyir ki, sovet hökuməti vaxtı kəhrizlərdən istifadə olunurdu: “1979-cu ildə Şəmkir-Samux su kanalının əsası qoyulub. Bu kanal təsərrüfatları suvarmaq üçün nəzərdə tutulmuşdu. Bu günə kimi kanalı tikib təhvil verməyiblər. Şəmkirdən Samuxa qədər 50 min hektar ərazi susuz qalıb. Hər 60-70 hektara bir artezian quyusu düşür”.
Samux kəndlərinin sakinləri susuzluq ucbatından taxıl da əkə bilmirlər. Kəndlilər şikayətlənirlər ki, bir tərəfdən su verilmir, digər tərəfdən hökumət kəndlidən taxılı dəyər-dəyməz qiymətə alıb sonra baha satır. Rayon sakini Vaqif Məmmədov danışır ki, Vilyam Hacıyev Samuxa rəhbərlik etdiyi dövrdə rayonu çapıb-taladı. Onun sözlərinə görə, keçmiş başçı rayonda heç bir infrastruktur qurmadı, kənd təsərrüfatının inkişafına yardım əlini uzatmadı, əksinə, sonda məmurlardan pul yığıb çıxıb getdi: “Vilyam Hacıyev Samuxda heç bir iş görməyib. Bəlkə hansısa icra başçısı deyə bilər ki, müəyyən işlər görmüşəm. Amma o, heç nə etmədi”.
Sakinlər deyirlər ki, torpağın şumlanması, hamarlanması, arxların çəkilməsi baha başa gəlir. Bir hektara 400 manat lazımdır. Yerli sakin Əli Mahmudovun dediklərindən: “Kredit götürüb əkirsən. Amma biçin vaxtı cəmi 150-200 manat qazanırsan. Banklar həddən artıq yüksək faizlə kredit verir. Çoxu heç kredit də vermir. Evi, mal-qaranı girov götürüb sonra kredit verirlər. Verilən kreditin də 10 faizini ay tamamlanmış tələb edirlər. Verməsən, faiz gəlir üstünə”.
Ə.Mahmudov deyir ki, bu şərtlər altında zülmlə dolanan kəndlilərin durumu acınacaqlıdır: “Samuxun ən başlıca problemi susuzluqdur. Prezident Samuxa gələndə Vilyam Hacıyev ona dedi ki, Şəmkir-Samux kanalından su gəlir. Prezidentə ağ yalan danışmışdı. Hətta AzTV-də göstərdilər ki, guya kanaldan su gəlir və təsərrüfat suvarılır. Amma bu dəqiqə kanalın içi bataqlıqdır”.
Müsahibimizin bələdçiliyi ilə sözügedən kanalın yerləşdiyi əraziyə baxış keçiririk. Deyilənlər təsdiqini tapır: “Kanal quruyub və Gəncədən gələn çirkab suları ilə Samuxda taxılı suvarırlar. Artezianlar isə su idarəsinə verilib. Bu idarə də əhaliyə gündə cəmi iki saat su verir. Suyu da ki, camaata pulla satırlar. Bir saatı 2-3 manatdır. Samux Su-kanal Departamentinin müdiri Süleyman Cəfərov adlı şəxsdir. O, dövlət tərəfindən qazılan artezianlara yiyələnib hər evdən pul yığır. Təsərrüfat Artezianları İdarəsinin müdiri Gülağa Bağırov isə işığın 1 kilovatına görə saatı 20 qəpikdən pul alır. Halbuki 4 qəpikdən almalıdır. Samuxun 33 kəndi bax belə zülm içində sürünür”.
Rayonun ictimai nəqliyyat sarıdan çox ciddi problemi var. Samux ətraf aləmdən təcrid olunub. Rayondan Bakıya birbaşa avtobus işləmir. Yalnız Gəncəyə getməli və oradan paytaxta yola düşməlisən. Camaat Samux sərhəd-keçid məntəqəsindən də narazıdır. Gürcüstandan ölkəyə heç nə keçirməyə qoymurlar.
“Ərzaq alıb gətirə bilmirik. Sərhəddə əlimizdən alırlar” - deyə rayon sakini Ülvi şikayətlənir.
Samuxda deputat Valeh Ələsgərovu da gördüm deyən olmadı. Yerli sakinlər “halal” deputatlarını əldə çıraq axtarırlar. V.Ələsgərovun daimi bir köməkçisi var və şikayətləri o dinləyir.






musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər