BolgeXeber.Com » Bölgə » Xudatda etiraz aksiyası keçirilib

Xudatda etiraz aksiyası keçirilib

9-05-2013, 16:45
Oxunub: 6 222 Avtomobil qəzası sakinlərin ayağa qalxmasına səbəb oldu

Mayın 9-da Xudatda etiraz aksiyası keçirilib. Aksiyaya bir yol qəzası zamanı yaranan insident səbəb olub.

Rayon sakinlərindən birinin “azadlıq”a verdiyi məlumata görə, Sərhəd Qoşunlarının Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Qəzaya özü səbəb olsa da, hərbçi maşından düşərək nalayiq ifadələr işlədib.

Qəza iştirakçısı olan digər avtomobildə ailə-uşaq olmasına da məhəl qoymayıb. Ətrafdakılar onun hərəkətinə etiraz etdikdə hərbçi təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları qızışdırıb. Əhali baş verənlərə etiraz olaraq rayon polis idarəsinin və MTN-in yerli şöbəsinin binaları qarşısına yığışıb.

Aksiya 100-ə yaxın rayon sakini ilə başlasa da, sonradan onlara qoşulanların sayı artıb. Etiraz aksiyası 4 saata yaxın davam edib. Aksiyada əsasən sürücülər iştirak ediblər. Aksiyanı dinc şəkildə keçib, hər hansı qarşıdurma baş verməyib. Xudat rayon polis şöbəsinin rəisi Elçin Rəcəbov etirazçıların qarşısına çıxaraq məsələnin ədalətlə həll olunacağını, işin məhkəməyə göndəriləcəyini bildirib.

Komandir polis bölməsinə çağırılsa da, getməyib. Əhali arasında qəza zamanı komandirin sərxoş olduğu söz-söhbəti yayılıb. Sakinlər məsuliyyətin başqasının üzərinə atıla biləcəyindən də narahatdırlar.