BolgeXeber.Com » Bölgə » Elmar Vəliyevin "gül bayrami" soyğunu

Elmar Vəliyevin "gül bayrami" soyğunu

10-05-2013, 13:50
Oxunub: 4 678 "Yeni Müsavat"ın əldə etdiyi məlumata görə, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyevin doğum gününün möhtəşəm təşkil edilməsi üçün müəssisə rəhbərlərindən külli miqdarda pul toplayıb.

Rəhbərlər tələb olunan pulu verməyə məcbur ediliblər. "Pul toplama" əməliyyatı ali məktəb rektorlarına da şamil edilib. Məsələ burasındadır ki, Gəncədəki üç böyük ali məktəbin - Aqrar, Texnologiya və Gəncə universitetlərinin rektorları bu vəzifəyə yeni təyin ediliblər. Onlar vəzifələrinə başlayandan dərhal sonra əsl "sürpriz"lə qarşılaşıblar. Rektorlar icra başçısı Elmar Vəliyevin "Gül bayramı" soyğununa məruz qalıblar. Onlardan stajca ən gənci - Texnologiya Universitetinin rektoru Akif Süleymanov isə Elmar Vəliyevin tələbini əsl üsyanla qarşılayıb. Amma onun özünün yanında yox, yaxın adamlarının çevrəsində. Cəmi iki ay əvvəl rektor vəzifəsinə təyin edilən professor Akif Süleymanov yaxınlarının yanında soyğunçuluğa etirazını belə ifadə edib: "Mən o qədər pulu haradan tapım? Evimi satım?". Rektor tələb olunan məbləği açıqlamasa da, etirazından söhbətin çox yüksək məbləğdən getdiyi aydın olur. Qeyd edək ki, Akif Süleymanov rektor təyin olunmazdan əvvəl yüksək vəzifələrdə işləməyib və əsasən elmi işlərlə məşğul olub. Rektor təyin olunan kimi üzləşdiyi tələb isə onu çaş-baş salıb.

Gəncədə "Gül bayramı" ilə bağlı tədbirlər hələ bir neçə gün əvvəl başlayıb. Ölkənin ikinci şəhərində böyük konsert proqramı təşkil edilib. Konsertdə Azərbaycanın ən tanınmış sənətçiləri ilə yanaşı, Rusiyadan və Türkiyədən də müğənnilər dəvət edilib. Təbii ki, bu, kifayət qədər məsrəf tələb edən tədbirdir. Üstəlik, konsertin dövlət televiziyası ilə canlı yayımlanması da əlavə xərcdir. Görünür, prezident İlham Əliyevin 12 yanvar müşavirəsindəki hədə-qorxularından sonra oğluna "komsomol toyu" etməyə məcbur olan Elmar Vəliyev dəbdəbə həvəsini "Gül bayramı"nda təmin etməyə çalışıb. Motivi nəzərə alsaq, bu bədxərcliyə görə onu heç bir problemin gözləmədiyini düşünmək olar. Çünki icra başçıları ""Gül bayramı"nı kim daha dəbdəbəli keçirəcək" yarışına giriblər və Gəncədəki tədbir bu yarışın öncüllərindən sayıla bilər.

Elə idarə və müəssisə rəhbərlərinin soyulması da məhz buna xidmət edirdi. Elmar Vəliyev dəbdəbəli tədbirlərin keçirilməsi üçün tələb olunan vəsaiti onların hesabına təmin edib.