BolgeXeber.Com » Bölgə » Şöbə müdiri Goranboy təhsilini çökdürür

Şöbə müdiri Goranboy təhsilini çökdürür

13-05-2013, 14:45
Oxunub: 7 025 Şöbə müdiri İlham Hüseynov həbs olunan xələfi Elmar Əliyevin yolu ilə gedir

Nazir Mikayıl Cabbarovun kadr islahatları bu şəxsə da şamil edilməlidir

Xatırlayırsınızsa, 2011-ci ildə Goranboy Rayon Təhsil Şöbəsinin (RTŞ) bir qrup vəzifəli işçisi barədə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rüşvət alma maddələri ilə cinayət işi açılaraq həbs olunmuşdular. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Rayon Təhsil Şöbəsinin sabiq müdiri, şöbənin əməkdaşları və bir neçə orta məktəb direktoruna cəza kəsilmişdi. RTŞ-nin sabiq müdiri Elmar Əliyev, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımov, Səfikürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasov və Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyev barədə hökm çıxarılmışdı. Hökmə əsasən, Elmar Əliyev 11 il, İlqar Əliyev və Cəmaləddin Nəsibov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Rayonda baş tutan həbslərdən sonra yerli sakinlər təhsil sistemindəki qanunsuzluqlara bununla da son qoyulacağını düşünürdülər. Həbs olunan şöbə müdirinin yerinə təyin edilən İlham Hüseynov isə Goranbov təhsilini daha da acınacaqlı vəziyyətə salıb. Məlumatlı mənbənin sözlərinə görə, RTŞ-yə yeni müdirin gəlməsi ilə rayonda təhsilin səviyyəsi bir xeyli aşağı düşüb: "Bu gün rayonun əksər təhsil ocaqlarında təlim-tərbiyə istənilən səviyyədə deyil. Şöbə müdiri vəzifəyə keçən kimi özünə Goranboyda, Gəncəyə gedən avtobusların dayandığı vağzalın yaxınlığında paltar mağazası açdı. O, bütün direktorlara tapşırıq verib ki, valideynlərə hər dərs ili öncəsi vahid məktəbli formalarını burdan aldırsınlar. Bu isə çoxlarının etirazına səbəb olur. Çünki şöbə müdirinin mağazasında bir məktəbli geyiminin qiyməti 50-60 manatdır. Halbuki, həmin formaları Bakı Tikiş Evi 40 manata satır". Mənbənin sözlərinə görə, şöbə müdirinin ən böyük qanun pozuntusu direktorlarla işbirliyi ilə bağlıdır: "Ali məktəblərə hazırlaşan yuxarı sinif şagirdləri dərslərə müntəzəm olaraq getmirlər. Məktəb rəhbərləri repititor yanına gedən şagirdləri sıxışdırırlar ki, dərsə gəlsinlər. Uşaqlar isə dərsə gəlməyib, əvəzində hər ay direktorlara "hörmət" edirlər. Bundan təhsil şöbəsinin müdiri də bəhrələnir. Rayonda təhsilin inkişafı üçün dövlət tərəfindən çox işlər görülüb. Di gəl ki, şöbə müdiri hər şeyi pis günə qoyur. Məsələn, Azad, Xəsədərili və Şahməmmədli kənd ibtidai məktəbləri üçün yeni məktəb binaları tikilsə də, orda təhsil yoxdur.
Müəllimlər dərs vaxtı uşaqlara təhsildən daha çox, ailədaxili problemlərindən danışırlar. Buna görə də dərsə davamiyyət qənaətbəxş deyil. Eyni zamanda, məktəblərin çoxunda nizam-intizam yoxdur. Müəllim-şagird münasibətlərində sərhəd gözlənilmir. Bəzi məktəblərdə şagirdlər müəllimlərə hörmət qoymurlar. Bəzilərində isə əksinə, müəllimlər şagirdlərə qarşı təzyiq vasitələrindən istifadə edirlər". Mənbə deyir ki, Goranboy məktəblərinin böyük hissəsində hər bayram öncəsi xüsusi canfəşanlıq baş verir: "Müəllimlər uşaqları bayram tədbirlərinə maddi dəstək verməyə məcbur edirlər. Valideynlər buna qarşı çıxanda ya müəllimlər, ya da direktorlar onların övladını incidirlər. Şöbə müdiri bu işlərin baş verməsinə göz yumur". Onu da qeyd edək ki,İlham Hüseynov Goranboyda sabiq təhsil naziri Misir Mərdanovun kadrı kimi tanınır. Aldığımız məlumatlarda deyilir ki, Mikayıl Cabbarovun təhsil naziri postuna gətirilməsindən sonra şöbə müdiri yaman təşvişə düşüb: "Təhsil naziri özü də bildirib ki, rayon təhsil şöbələrində ciddi islahatlar keçirəcək. İstisna edilmir ki, bu, adıçəkilən şöbə müdirinə də şamil olunacaq. Nazir onu vəzifədən azad etsə, çox güman ki, aidiyyəti qurumlar da şöbə müdirinin fəaliyyətini yoxlayacaqlar..."
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.