BolgeXeber.Com » Bölgə » Beyləqanda məmurun tiraniyası

Beyləqanda məmurun tiraniyası

23-05-2013, 14:55
Oxunub: 4 772 Qeybə çəkilən 150 min manatın qaranlıq taleyi

Azil Aslanov beyləqanlıların baş ağrısına çevrilib. Belə ki, Beyləqandan daxil olan məlumata görə Beyləqan rayonu şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanovun ümidinə qalıb. Məlumatda bildirilir ki, Vaqif Abdullayev Beyləqana İcra başçısı təyin olunduqdan sonra keçmiş Kommunal Təssərrüvat İdarəsinin müdiri Beyləqanın sahibinə çevrilib.

Artıq hətta məktəblərdən belə pulu Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi yığır. Bildirilir ki, Bir müddət əvvəl Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov Patallar, Eyvazalılar, Binnətli, Əlləzərli, və bir çox başqa kəndlərin məktəb direktorlarını yanına çağıraraq Beyləqan şəhərinin abadlaşdırılması üçün onların hər birindən 5 000 manat pul istəyib. Azil Aslanov bu pulu məktəb direktorlarından başçının adıyla tələb edib. Məktəb direktorları isə öz növbələrində bu pulu müəllimlərin maaşlarında tutmağa qalxıblar və təbii ki, bu müəllimlərin narazılığına səbəb olub.
Daxil olan digər məlumatda bildirilir ki, Beyləqan rayonunun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına bir neçə ay əvvəl 150 min manat köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub. Amma bu pul sadəcə ortadan yoxa çıxıb. Məlumatı verən mənbə iddia edir ki, Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov bu pulu sadəcə mənimsəyib.

Bildirilir ki, həmin layihə ilə bağlı bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Həmin şirkətin adını isə Azil Aslanov dövlət sirri kimi qoruyur. Mənbə bildirir ki, 150 milyonluq layihənin qalibi olan müəsisənin adını Beylaqanda bir neçə adamdan savayı heç kimsə bilmir. Tenderin rəsmiyyət naminə keçirildiyini bildirən mənbənin sözlərinə görə, layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib.

Məhz buna görə Azil Aslanov qeyb olan 150 000 manatın yerini doldurmaq üçün məktəb direktorlarından və rayonun digər idarə və müəssisə rəhbərlərindən pul toplamaqla məşğuldur. Qeyd edək ki, həmin qeyb olan 150 000 manat haqqında qəzetimiz yaxın günlərdə geniş araşdırma ilə çıxış edəcək.

Lakin Azil Aslaovun tiraniyası təkcə bununla bitmir. Redaksiyamıza daxil olan başqa bir məlumatda isə bildirilir ki, Azil Aslanov elan edib ki Beyləqandakı bütün dükanlar alkopanla üzlənməlidir. Amma işin qəribə tərəfi odur ki, bütün dükanlarda bu işi məhz Azil Aslanova məxsus olan şirkət həyata keçirməlidir. Dükan sahibləri isə sadəcə hər kvadratmetr üçün Azil Aslanoaun şirkətinə 42 manat ödəməlidir. Vəssalam. Dükan sahiblərinin etiraz etmək, bu işi başqa ustaya gördürmək kimi bir haqqları yoxdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

P.S. Qeyd edək ki, qeyb olan 150 000 manat haqqında qəzetimiz yaxın günlərdə geniş araşdırma ilə çıxış edəcək.Həmçinin A.Aslanovun saxta sənədlə işləməsi və hansı məmurların ona qarşı birləşməsi barədə maraqlı məlumatlar verəcəyik. reportyor.tv