Lənkəranın bərbad kanalizasiya sistemi
1-06-2013, 14:00
Oxunub: 5 861
Sakinlərin şikayətlərini olduğu kimi təqdim edirikLənkəran sakinləri bərbad vəziyyətdə olan kanalizasiya sistemindən şikayətçidilər
Sakinlərin şikayətlərini olduğu kimi təqdim edirik:
Yadigar Sadıqov, Lənkəran: “Açıq xəndəklərə yığılan su heç bir yerə axmır, ilboyu bataqlıq kimi, çirkab mənbəyi olaraq qalır. Yağış yağanda isə daşır, ətrafdakı bütün həyətləri su basır. Xüsusən sentyabrdan noyabra qədər Lənkəranda ən yağmurlu dövrdə belə hallar mütəmadi baş verir. Havaların isti dövründə, yaz və yay aylarında isə bu xəndəklər antisanitariya mənbəyinə, ağcaqanad yuvasına çevrilir”.
Lənkəran şəhər sakini Elgün Hüseynovun sözlərinə görə, yaşadığı Şirəli Axundov küçəsində kanalizasiya xətlərinin bərbad vəziyyəti onları artıq canlarından bezdirib. Küçədən keçən üstüaçıq xəndəklərdən ibarət olan kanalizasiya sisteminin yanından keçmək cəsarət istəyir. Çirkab görüntüsü, üfunət iyi və antisanitariya şəraiti şəhər əhlini narahat edir.
Lənkəran şəhərinin başqa bir sakini, soyadının yazılmasını istəməyən Dilşad xanım da kanalizasiya xətlərinin vəziyyətindən narazıdır. “Bu xəndəklər natəmizlik mənbəyidir. Oğlanlarım tez-tez küçədə futbol oynayırlar. Bu zaman top dəfələrlə xəndəyə düşür, uşaqlar əlləri ilə götürüb oyuna davam edirlər. Nəticədə natəmizliklər paltarlarına sıçrayır. Yay zamanı da ağcaqanadların əlindən həyətdə oturmaq olmur. Üfunət iyi də ki, öz yerində. Əvvəllər, Sovetin vaxtında bu xəndəkləri mütəmadi dərmanlayardılar. Nəticədə ağcaqanadların sayı qat-qat az olurdu. Amma indi bunu da etmirlər”.
Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıxov da açıq kanalizasiya xətlərinin dərmanlanmamasını etiraf edir: “Əvvəllər bu işlər dövlət vəsaiti hesabına həyata keçirilirdi. İndi isə sakinlərin istəyi əsasında müqavilə imzalanır və dərmanlama işləri həyata keçirilir. Lakin bu axıntılı kanalizasiya xətlərinə aid deyil. Məsələn, mikrorayon massivindəki bina sakinlərinin istəyi ilə müqavilə imzalayıb zirzəmini və ya hansısa mənzili dərmanlaya bilərik. Açıq xəndəklərə gəlincə isə burada dərmanlama effekt vermir. Çünki, evlərdən oraya tökülən sular nəticəsində dərman da axıb gedir və ağcaqanad süfrələrinə lazımi təsir etmir”.
Əslən Lənkəranlı olan, Rusiya Federasiyasının vətəndaşı Rasim İsayev də keçən il vətəninə rusiyalı dostunun ailəsi ilə gəlibmiş. Dediyinə görə, qonaqların Lənkəranda bəyəndikləri də olub, bəyənmədikləri də. “Lakin onların ən çox narazı qaldıqları Lənkəranın üfunətli kanalizasiya xətləri oldu. Gəldiyimiz isti iyul ayında bu xəndəklərin yanından keçməli deyildi. Hər dəfə belə hal ilə üzləşəndə qonaqların yanında xəcalət çəkirdim. Özüm ildə 1-2 dəfə Lənkərana gəlirəm. Hər gəlişimdə ümid edirəm ki, kanalizasiyanın abadlaşdırılmasının şahidi olacağam, amma heç nə dəyişmr. Şəhərin ən mərkəzi küçələri – Zərifə Əliyeva, Həzi Aslanov, Koroğlu, Şəhidlər xiyabanı, Səmədzadə küçələri kanalizasiya xətlərinin mövcud vəziyyəti sayəsində çox pis görünür. Axı bunu görməmək mümkün deyil, niyə vəziyyəti düzəltmirlər?”, - Rasim İsayev sual edir.
15 ildən artıq Lənkəran memarlıq şöbəsində işləmiş Eldar Abbasov problemin kökünü kanalizasiya xətlərinin müasir tələblərə uyğunlaşdırılmamasında görür.
“Lənkəranın kanalizasiya xətləri iki hissəyə bölünür. Bunlardan biri çoxmərtəbəli yaşayış binalarından, məktəblərdən və digər ictimai binalardan boru ilə gedən örtülü kanalizasiya xətləridir. İkincisi isə əslində yağış sularının axması üçün nəzərdə tutulmuş açıq xəndəklərdir ki, bunlar da müəyyən ərazilərdə qapalı xəttə birləşməlidirlər. Bu xəndəklər çox keçmişdə qazılıb və o zamanın tələbatı üçün nəzərdə tutulub. İndinin tələblərinə isə cavab vermir. Məsələn, əvvəllər əhali yalnız ictimai hamamlardan istifadə edərdi. 70-ci illərdə qazlaşdırma baş verəndən sonra insanlar şəxsi evlərində hamamlar tikməyə başladı, su da həmin açıq xəndəklərə axıdıldı. Artıq o zaman kanalizasiya sistemini yeni tələblərə uyğunlaşdırmaq lazım idi. Lakin nə sovet zamanı, nə də sonradan bu istiqamətdə işlər görülmədi. Nəticədə bugünki vəziyyət alınıb”.
Eldar Abbasovun fikrincə, kanalizasiya xətləri daim nəzarət altında olmalı, bunun üçün mütəmadi olaraq vəsait ayrılmalıdır. “Xətlərin işlək vəziyyətdə qalması üçün onlar hər gün yüksək təzyiqli su vasitəsilə yuyulmalıdır. Əks halda günü-gündən çöküntülər toplanır və sonda kanalizasiya xətləri tıxanır. Lənkəranın açıq kanalizasiya xətləri məhz bu vəziyyətdədir. Buraya yığılan sular elə xəndəkdə də qalır, heç bir yerə axmır”.
Qapalı kanalizasiya xətlərinə malik binalarda da vəziyyət ürəkaçan deyil. Bir neçə gün öncə Həzi Aslanov xiyabanı 1 saylı binanın sakinləri yerli televiziyaya müraciət edərək binanın zirzəmisinə yığılan yağış sularından, onların törətdiyi antisanitariyadan şikayət etmişdilər. Digər hündürmərtəbəli binalarda, xüsusən mikrorayonlar massivində də eyni vəziyyət yaranıb.
Problemlə bağlı Lənkəran su-kanalizasiya idarəsində mövqe öyrənmək mümkün olmadı. Telefon zəngimizə özünü təqdim etmədən cavab verən şəxs “artıq 2011-ci ildən kanalizasiya sistemində təmir işləri aparılır” deməklə kifayətləndi.
Lənkəran şəhər icra hakimiyyətindən də mövzu haqda danışmaq istəyən tapılmadı. Amma qurumun rəsmi internet səhifəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 2011-ci ilin avqustundan 210 milyon manatlıq layihənin həyata keçirilməsi, işlərin 2014-cü ildə yekunlaşdırılacağı barədə informasiya yerləşdirilib.
Eldar Abbasov söyləyir ki, adıçəkilən layihədə əsas xərclər su təhcizatına yönələcək. Kanalizasiya sahəsində görülən işlər isə əsasən qapalı sistemi əhatə edəcək. “Təbii ki, bu işlər də vacibdir. Xüsusən Göyşaban kəndindəki kanalizasiya anbarına təmizləyici qurğunun quraşdırılması çox müsbət addımdır. Neçə vaxt idi kanalizasiya suları təmizlənmədən Xəzərə axıdılırdı. İndi bu aradan qalxacaq. Lakin açıq kanalizasiya xətlərində dəyişiklik gözlənilmir”.
Tia.az
“Belə olmaz axı, uzun illər ərzində insanları bu antisanitariya şəraitində yaşamağa, uşaq böyütməyə vadar etmək haqsızlıqdır!” – Lənkəran sakini Dilşad xanım deyir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər