BolgeXeber.Com » Bölgə » İcra başçısının müavini Sabirabadda dözülməz vəziyyət yaradıb

İcra başçısının müavini Sabirabadda dözülməz vəziyyət yaradıb

4-06-2013, 13:50
Oxunub: 5 390 Respublika ərazisində aqrar bölmənin inkişaf etdirilməsi məqsədilə görülən işlər göz qabağındadır.
İnsaf naminə qeyd edək ki, son illər ərzində bu sahəyə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb və bunun hesabına aqrar sahədə bəzi müsbət işlər həyata keçirilib. Ancaq ümumilikdə götürdükdə isə yenə də bəzi problemlər öz aktuallığını qoruyub saxlamaqdadır. Belə rayonlardan biri də Muğan bölgəsinin aparıcı qüvvələrindən olan Sabirabaddır.
Özəl mənbələrdən aldığımız məlumatlara əsasən deyə bilərik ki, Rayon İcra Hakimiyyətinin (RİH) aqrar məsələlər şöbəsinin müdiri Heydər Yaqubov Sabirabadda dözülməz vəziyyət yaradıb: «İcra başçısının müavini vəzifəsini də icra edən şöbə müdiri rayonda aqrar sektoru böyrüüstə qoyub. Onun əsas vəzifəsi sahibkarlarla işləməkdir. Yəni rayon üzrə fəaliyyət göstərən sahibkarların nə problemi olarsa, şöbə müdirindən kömək istəyirlər. O isə vəzifəsindən sui-istifadə edərək sahibkarları incidir. Onlardan müəyyən işlərin yoluna qoyulmasına görə nəysə tələb edir. İcra başçısı bundan xəbərdar olsa da, ona bir söz deyə bilmir. Çünki şöbə müdirinin özünün də dediyi kimi, Bakıda adamı var. Heydər müəllim Sabirabadda aqrar sahəyə aid olan bölmələrin inkişaf etməsi ilə bağlı ictimaiyyətə yalan məlumatlar verir. Belə ki, o, təxminən bir il öncə açıqlamışdı ki, mexaniki suvarma idarəsindən suvarmanın səmərəliliyini artırmaq məqsədi ilə 260 km, suvarma sistemləri tərəfindən isə 336 kmuzunluqda su kanalları lildən təmizlənib. Ümumilikdə su idarəsi tərəfindən 622 kmuzunluqda su kanalları, Meliorasiya İdarəsi tərəfindən isə 200 kmuzunluqda dren-kollektorlar lildən təmizlənib. Bunların heç biri həqiqəti əks etdirmir. Başçının müavini həmçinin bildirib ki, mal-qara arasında yoluxucu xəstəliklərin baş verməməsi üçün baytarlıq tədbirləri görülüb. Halbuki, hazırda rayonda mal-qara arasında təhlükəli infeksiyalar yayılmaqdadır. O, bir tək özünü və yaxınlarını fikirləşir. Sabirabadın demək olar ki, yarısı onundur. Rayonun mərkəzi hissələrindəki biznes obyektlərinin çoxu ona məxsusdur. Keçmiş icra başçısının dövründə şöbə rəhbəri Sabirabad bələdiyyəsinin 19 mart 2007-ci il tarixli qərarı ilə özünə rayonun mərkəzində 150 kv metrlik böyük bir ağaclıq sahəni mağaza tikmək üçün aldı. Onlarla ağacı məhv edən icra başçısının müavini öz çirkin niyyətini həyata keçirdi». Mənbə onu da vurğuladı ki, icra hakimi Nazim İsmayılovun müavini rayondakı otlaq sahələrinin də bir hissəsini müxtəlif şəxslərə satıb: «Qanuna görə, vətəndaşların istifadəsində olan otlaq sahələrinin satılması yolverilməzdir. Belə çıxır ki, şöbə müdiri qanunlara qarşı saymazlıq edir. Onun bu əməllərinə hüquqi müstəvidə reaksiya vverilsə, daha yaxşı olardı».
Şəxsən bizə çox maraqlıdır ki, şöbə müdirinə Bakıdan dəstək verən şəxs və ya şəxslər kimdir? Axı, cənab prezident dəfələrlə bildirib ki, yüksək rütbəli məmurlar və onların qohumları vətəndaşları incitməsinlər. Görəsən, Heydər Yaqubov hansı səbəbdən buna əməl etmək istəmir? Düşünürük ki, əlaqədar qurumlar yazdıqlarımızı araşdırıb, onun barəsində qanunamüvafiq qaydada ölçü götürəcəklər.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.