BolgeXeber.Com » Bölgə » Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır

Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır

9-09-2020, 16:47
Oxunub: 3 301 Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
İcra hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 29 (6-sı şəhər, 23-ü kənd) körpələr evi-uşaq bağçasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri başa çatdıqdan sonra geniş təmizlik, tibbi-profilaktik işlər görülüb.
Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunması Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq həyata keçiriləcək.