BolgeXeber.Com » Bölgə » Ağsulular məmur özbaşınalıqlarından cana gəliblər

Ağsulular məmur özbaşınalıqlarından cana gəliblər

5-06-2013, 18:15
Oxunub: 5 302 Rayonda əhali ayağa qalxıb, insanlar məmur özbaşınalıqlarından cana doyduqlarını deyirlər
Ağsu rayonunda vəziyyət pisləşməyə başlayıb. Rayondakı qaynaqlardan verilən məlumata görə, prezident seçkiləri ərəfəsində bu rayon qarışa bilər. Belə ki, icra başçısı Ənvər Seyidəliyevin apardığı siyasətin nəticəsindən narazı qalan insanlar artıq onun çıxıb getməsini tələb edirlər. Və hətta bu məqsədlə imzatoplama kampaniyasına da start verilib.
Rayondan verilən məlumata görə, Seyidəliyev qohum-əqrabalarını vəzifə başına keçirməklə, rayona nəzarət edə biləcəyini düşünürmüş. Lakin bu adamlar sayəsində başı ağrımağa başlayıb. Çünki həmin qohum-əqraba insanları incitməklə yanaşı, onların hüquqlarını da tapdamağa başlayıblar. Nəticədə isə Ağsu camaatı ayağa qalxaraq, bu biabırçılığa son qoymaq qərarına gəliblər.
Məlumatlara görə, hal hazırda Ağsu rayonunda əhalinin hərəkətlənməsi müşahidə olunur. Belə ki, yerli sakinlər icra başçısı Ənvər Seyidəliyevin istefa verməsini tələb etməyə hazırlaşırlar. Mənbə deyir: “Rayon icra hakimiyyəti, yerli polis də bu barədə məlumatlıdır. Elə buna görə də çayxanalar belə nəzarətə götürülüb. Amma buna baxmayaraq kənbəkənd icra başçısının istefası üçün imzalar toplanılır”. Qeyd edək ki, mənbəmiz təşkilatçılarla bağlı heç bir bilgi verməyib və bunu təhlükəsizliklə əlaqələndirib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
dia.az